Modern.az

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsi başa çatdı - FOTO

III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsi başa çatdı - FOTO

Diaspor

28 Dekabr 2023, 17:52

Azərbaycan Diasporuna Dəstək Fondu ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələn III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış Düşərgəsi yekunlaşıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, düşərgənin sonunda Fond tərəfindən iştirakçılara hədiyyə və sertifikatlar təqdim edilib.

 

Qeyd edək ki, dekabrın 21-dən 27-dək keçirilən və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş düşərgədə Qazaxıstanda fəaliyyət göstərən həftəsonu “Qarabağ” məktəbinin şagirdləri və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin övladları iştirak ediblər.

 

Bir həftə ərzində şagirdlər maraqlı və unudulmaz zaman keçiriblər. Əvvəlcə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edən iştirakçılar daha sonra “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu və Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

 

“Qarabağ” futbol klubunun bazasında olan düşərgə iştirakçıları futbolçularla və komandanın baş məşqçisi Qurban Qurbanovla görüşmək və şəkil çəkdirmək imkanı əldə ediblər. Düşərgənin 5-ci günündə isə “Amburan Mall”da yerləşən “Cinema Plus”da və “Sea Breeze Resort” istirahət mərkəzində onlar üçün hazırlanmış əyləncəli proqramda iştirak ediblər.

 

Layihənin ideya müəllifi “İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov düşərgədə təlimçi qismində iştirak edib.

 

Xatırladaq ki, layihənin icrasına ötən ildən başlanılıb. Layihə çərçivəsində İsveçrədə fəaliyyət göstərən həftəsonu məktəbinin şagirdləri ilə məcburi köçkün və şəhid ailələrinin övladları 2022-ci il iyulun 18-24-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təlim keçiblər. 2023-cü il avqustun 7-dən 13-dək isə düşərgənin 2-ci hissəsi İsveçrədə keçirilib. Düşərgənin növbəti mərhələsinin Qazaxıstanda keçirilməsi nəzərdə tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı