Modern.az
Qəzənfər Həmidoğlu Ukraynalı ruhu...

Qəzənfər Həmidoğlu

Ukraynalı ruhu...

Ədəbi̇yyat

26 Fevral 2022, 16:22

Qəzənfər Həmidoğlu

Ukrayna ədəbiyyatını oxumadan bu millətin ruhunu anlamaq çətin işdir. Ukrayna, Putinin iddia etdiyi kimi, Lenin tərəfindən yaradılmayıb, “tarixin səhvi” deyil və eləcə ukraynaca da “saxta xoxol dili” deyil. O başqa problemdir ki, Kiyev, Astana və ya Bakının mərkəzində rus dilində danışanlar daha çoxdur...

Ukraynalılar onları “xoxol” adlandıran “moskal”lara elliklə nifrət edən rusofoblar da deyillər. Əlbəttə ki, bu müharibə ilə ruslar qardaşdan əsas düşmənə çevrildilər. Düzdür, müharibə, “rus şəhərlərinin anası”nı –Kiyevi bombalamaq Putinin qafasının məhsuludur, amma hər xalq öz liderinə görə cavabdehdir.

Bu gözəl millətin fərqli ruhu var və bu gözəl yazarları - Mixaylo Kosyubinski (Zakhar Kozub), bənzərsiz Lesya Ukrainka və ən başlıcası isə “Güllələnmiş intibah”ı - ötən əsrin 20-30-cu illərində Stalin repressiyasına məruz qalmış yazarları oxumadan ukraynalı kimliyini anlamaq mümkün deyil. Bunu anlamadan Ukrayna partizanlarının Karpat dağlarında, meşələrində və bataqlıqlarında 50-ci illərin ortalarınadək nədən sovetlərlə (ruslarla) savaşdıqlarını dərk etmək mümkün deyil...

Yeri gəlmişkən, Azərbaycan və Türkiyə nə qədər bir millət- iki dövlət, can-ciyər olsa da, kimlik identikləşməsində elə incə, həssas məqam var ki, özünü ifadə edərkən Türkiyə türkləri, məsələn, Tevfik Fikrət, Nazim Hikmət, Məhməd Akif Ərsoy və ya Nəcib Fazil Qısakürəkə, Azərbaycan türkləri isə Seyid Əzim, Sabir, Abbas Səhhət, Əhməd Cavad və ya Şəhriyara üz tutar. Biz onların romançısı Hüseyin Rahmi Gürpınarı, onlar bizim Mirzə Cəlili elə də yaxından tanımazlar.

Və ukraynalılar üçün dahi milli şair rusların Puşkini deyil, Taras Şevçenkodur. Böyük Qoqolun nəsli-nəcabəti Kazak Getmanlığından gəlir, dədə-babaları iliklərinə qədər ukraynalıdır. Qoqolun özü uşaqlığından “maloross mühiti”ndə böyüyüb, elə əsərləri də Rusiyanın deyil, Ukraynanın reallığını, təcrübəsini əks etdirir. Hər halda, “Dikanka yaxınlığında xutor axşamları”, "Soroçin yarmarkası", "Köhnə dünya mülkədarları", "İvan İvanoviçlə İvan Nikiforoviçin savaşması" və ya "Taras Bulba"nın ruslara nə dəxli var, bunlar Ukrayna mövzularıdır. Amma Qoqol rus nəsrinin banisi, Rusiya ədəbiyyatının klassikidir. Ukraynalılar nə qədər nəhəng, nə qədər özlərindən olsa da, rusca yazanı özlərinki saymadılar.

Bizim böyük Şəhriyar da 45 yaşınadək fars şairi idi, 1951-ci ildə məhz “Heydər babaya salam”ı yazdıqdan sonra Azərbaycan şairi oldu. O ayrı söhbətdir ki, indi bir millətin dilində və mövzusunda yazmadan da həmin millətin xalq yazıçısı olmaq olur...

Слава Україні! Героям слава!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir