Abituriyentlər, valideynlər, müəllimlər, ekspertlər iyulun 26-da ali təhsil müəssisələrinin II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş sual kitabçalarını əldə edə bilərlər.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda istifadə olunmuş sual kitabçalarının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Sual kitabçaları” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal/)
Xatırladaq ki, yaxın günlərdə abituriyentlər, həmçinin müəllimlər, ekspertlər, valideynlər II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının izahını da DİM-in saytından əldə edə biləcəklər.
Qeyd edək ki, hal-hazırda cavab kartları və imtahan protokollarının emalı prosesi həyata keçirilir, nəticələrin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur. İmtahan nəticələrini Mərkəzin internet səhifəsindən və mobil operatorlardan (Azercell, Bakcell, Nar) iş nömrəsini 7727-yə SMS göndərməklə öyrənmək olar.