Bu gün onun günüdür. "Yenə bağ olaydı"- deyib Dilbərinə sevgisini dünyaya car çəkən nakam taleli məhəbbət şairimiz Mikayıl Müşfiqin doğum günüdür bu gün. O Müşfiqin ki, istedadının və bədii təxəyyülünün qüdrəti hələ 1930-cu illərdə sapı özümüzdən olan bəzi "patriot"ların yuxusunu qaçırmışdı. Elə bu səbəbdən repressiya, 1937-ci il qaragüruhunun qurbanı oldu nakam Mikayıl Müşfiq. Məzarı da sular oldu. Faciəli həyatı olsa da, lirikası, məhəbbət şeirləri onu unudulmağa qoymadı. Əksinə, bu lirik şeirlər, titrək duyğular aşılayan lirikası onu daha da yaşadır.
Ölməz şair 113 -cü doğum günündə anadan olduğu Xızı rayonunda yad edilib. Dünyaya göz açdığı Sayadlar kəndində yerləşən Müşfiqin ev- muzeyində onun xatirəsi anılıb. Ev-muzeyinin qarşısında yerləşən büstü önünə tər güllər döşənib.
Xızı İH başçısı Xəzər Aslanov, deputat Müşfiq Məmmədli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Müşfiqin ev-muzeyinin həyətində şam ağacları və müxtəlif gül kolları əkiblər.
Mükayıl Müşfiqin anım mərasimi iyunun ötən gün və bu gün davam edib.İlboyu insan axını olan Müşfiq muzeyinə doğum günündə gələnlərin sayı daha çox olur. C.Cabbarlının Xızıda yerləşən ev-muzeyinin direktoru Həcər Rəsulovanın məlumatına görə, ölməz şairin anım mərasiminə xeyli sayda мüşfiqsevər toplaşıb, büstü ziyarət edilib, şeirləri səslənib, yaradıcılıgından danışılıb.
"Yenə o bağ olaydı,yenə yığışaraq siz, Sizə qonşu olaydıq. O bağa köçəydiniz. Yenə o bağ olaydı, səni tez-tez görəydim. Qələmə söz verərdim"- deyən bağından görəsən, varmı? Mən bilən, nə indi o bağ var, nə də Müşfiq kimi sevən... Bəlkə də var, amma Müşfiqdən, adı ərəbcədən "şəfəq saçan" mənasını verən bu nakam şairdən bir də doğulmayacaq!
Aytəkin ALXASLI