ABŞ və İran arasında dalana dirənmiş danışıqlarla bağlı beynəlxalq vasitəçilər çıxış yolu axtararkən, əsas diqqət Tehranın nüvə ehtiyatlarına nəzarət məsələsinə yönəlib.
Modern.az xəbər verir ki, "France" nəşri “Intelligence Online”ın məlumatına görə, Yelisey Sarayı İranın zənginləşdirilmiş uran ehtiyatlarının saxlanılması üçün Fransaya yerləşdirilməsini nəzərdə tutan rəsmi təşəbbüslə çıxış edib.
ABŞ və İsrail kəşfiyyatının məlumatına əsasən, İran hazırda 60%-dək zənginləşdirilmiş 440 kiloqram urana, həmçinin 20%-dək zənginləşdirilmiş 1,5 ton urana malikdir. Bu ehtiyatların emalı məsələsi regionun təhlükəsizliyi baxımından əsas mövzulardan biri hesab olunur.
Məlumata görə, Paris bu təklifi hazırlayarkən 2015-ci ildə İran nüvə sazişi dövründə nüvə yanacağının bir hissəsinin Rusiyaya çıxarılması təcrübəsini nəzərə alıb. Lakin Fransanın təşəbbüsü Vaşinqtonun sərt mövqeyi səbəbindən nəticəsiz qalıb.
Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp vəziyyətə nəzarəti tam şəkildə əlində saxlamaq istədiyi üçün Fransa planını bloklayıb.
“Intelligence Online” qeyd edir ki, sorğulanan tərəflər Ağ Evin yekun niyyətlərini tam anlaya bilmirlər. Çünki Tramp eyni zamanda AEBA-nın nəzarəti altında İranın uran ehtiyatlarının azaldılmasını nəzərdə tutan kompromis ssenarisinə də qarşı çıxır.
Qeyd olunur ki, Fransa Vaşinqtonla təmasdan əvvəl məsələni İsraillə də müzakirə edib. İsrail rəsmiləri Parisin ideyasına müsbət yanaşıblar. Həmçinin İsrailin təhlükəsizlik qurumları aprelin ortalarında Moskvanın irəli sürdüyü oxşar təşəbbüsü də ətraflı nəzərdən keçiriblər. Məqsəd ABŞ və İranın bu mühüm danışıqları təkbaşına aparmasının qarşısını almaqdır.