Ölkəmizin müstəqilliyinin və dünya İqtisadiyyatına dərin inteqrasiya prоsesinin hazırki möhkəm təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən respublikaya rəhbərlik etdiyi illərdə yaradılmış pоtensiala əsaslanır.
Bu gün müasir Azərbaycan dövləti özünəməxsus inkişaf yоlu ilə gedir. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, ölkəmizin beynəlxalq aləmdə , regionda qazandığı uğurlar, II Qarabağ müharibəsi nəticəsində əldə olunan tarixi qələbə ümummilli liderimiz tərəfindən başlanılmış işlərin məntiqi davamıdır. Azərbaycan iqtisadiyyatı müasir dövrdə, şaxələndirmə, başqa sözlə, diversifikasiyalaşdırılma dövrünü yaşayır. Neft sektoru ilə yanaşı, ölkədə qeyri-neft sektorunun genişmiqyaslı islahatları aparılır. Özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında və ÜDM istehsalında xüsusi çəkisi sürətlə artmaqdadır. Hazırda ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla davam etdirilir.Aparılan islahatlar sırasında Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynının ən son texnologiya tətbiq edilməklə yenilənməsini qeyd etmək lazımdır.Ölkəmizdə yeni pul əsginasları ilə bağlı yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Azərbaycan hökuməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülmüşdür.Hazırda ölkədə fəaliyyət göstərən banklar və bank olmayan ödəniş xidməti təchizatçılarının nağd pul avadanlıqlarının yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslara adaptasiya prosesi yekunlaşmaq üzrədir. Dövlətin çevik reaksiyası nəticəsində yaranan texniki çətinliklər öz həllini tapıb. Eyni zamanda, hazırda yenilənmiş pul nişanları ilə yanaşı, köhnə nümunəli 1, 5 və 50 manatlıq pul nişanları da paralel olaraq tədavül vasitəsidir və məhdudiyyətsiz istifadə edilir. Hazırda pul nişanlarının ödəniş terminallarında qəbulu ilə bağlı hər hansı çətinlik müşahidə olunmur.
Azərbayan dövləti və xalqı Vətən müharibəsində qazanılan şanlı qələbə sayəsində qarşısında duran əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağ bölgəsinin inkişaf potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib, amma bu torpaqların hər qarışı bizim sərvətimizdir. Artıq azad olunmuş torpaqlarda bərpa işlərinə başlanılıb. Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait də ayrılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. İşğaldan azad olunmuş Qarabağda ərazilərin sistemli şəkildə bərpa və yenidənqurma işləri həyata keçiriləcək, əhalinin məskunlaşdırılmasına başlanılacaq, böyük potensiala malik regionun iqtisadiyyatı inkişaf etdiriləcəkdir.
Mahmudov Natiq