Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndə heyətini qəbul edib. Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə BDU-nun tarixi, beynəlxalq əlaqələri, qrant və proqramlarda iştirakından danışan rektor Abel Məhərrəmov USAİD-lə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığın gələcəkdə səmərəli nəticələr verəcəyini qeyd edib. Rektor nümayəndə heyətinə deyib ki, USAID, ABA ROLI (Amerika Hüquqşünaslar Assosiasiyası), Tuleyn Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində BDU yeni və güclü dəniz və enerji hüququ üzrə magistr proqramının qurulmasına ümid edir”.
Bakı Dövlət Universiteti ilə USAİD arasında davamlı əməkdaşlıq yaratmaq məqsədi ilə anlaşma memorandumu imzalanıb. Memorandumu A. Məhərrəmov və USAİD-ın Azərbaycan üzrə missiya rəhbəri MayklQrin imzalayıblar.
Anlaşma Memorandumuna əsasən, tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqramı üzrə yeni fənlərin və tədris planının tərtibi və fakültə üzvləri üçün tədris planının hazırlanması, tədris metodologiyasının istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan etdilər. Onlar həmçinin yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlayacaqdır. Dəniz və enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. Bu proqram tam yeni fənlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq. Növbəti səkkiz ay müddətində BDU-ya texniki dəstək göstərilməsi üçün USAİD partnyoru olan Amerika Hüquqşünaslar Assosiasiyasına (ABA) qrant ayırır. Yeni proqramın hazırlanması zamanı ABA və BDU Amerikanın Tuleyn (Tulane) Universitetinin hüquq fakültəsi ilə əməkdaşlıq edəcəklər. Tuleyn Universitetinin Dəniz və Enerji hüququ magistr proqramına uyğun proqramları reallaşdırmaq təcrübəsi vardır.
Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar da iştirak edib. Sonra səfir tələbələrlə görüşü və onları maraqlandıran suallara cavab verib.

Modern.az