Modern.az

Əlilliyi olan şəxslərin məşğulluğu: Dövlətin vəzifəsi, vətəndaşın əzmi

Əlilliyi olan şəxslərin məşğulluğu: Dövlətin vəzifəsi, vətəndaşın əzmi

Aktual

17 Yanvar 2022, 18:21

İşsizlik bütün dünyada iqtisadiyyatın əsas inkişaf göstəricisi hesab olunur. Öz vətəndaşlarını layiqli işlə təmin etmək isə hökumətlərin ən mühüm qayğıları sırasında birinci yerdədir. Bu məsələ vətəndaşlar üçün də rifah halının yaxşılaşdırılmasının ən vacib yoludur. Layiqli iş tapıb, yaşayışını təmin etmək insanların əsas qayğılarından biridir.

 

Dövlətlər vətəndaşlarının məşğulluğunun maksimum təmin olunması üçün bütün imkanları səfərbər etsələr belə, bir qrup insanlar var ki, onların işləməsi xüsusi şərtlər, ən əsası isə dövlətin, işəgötürənin xüsusi yanaşmasını tələb edir. Söhbət, əlbəttə, əlilliyi olan şəxslərin məşğulluğundan gedir.

 

Bu qrup şəxslərin ixtisaslaşması, peşə və bacarıqlara yiyələnməsini, daha sonra işlə təmin olunmasını dövlətlər daim diqqətdə saxlayırlar. Çünki əlilliyi olmayan insanlardan fərqli olaraq, əlilliyi olan şəxslərin iş tapması qat-qat çətindir. Bu çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdə müxtəlif proqramlardan, üsullardan istifadə olunur. 

 

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları müəyyən edilib. Onların sırasına əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar da daxildir. Qanunda həmin insanların məşğulluğu üçün əlavə təminatlar da əksini tapıb.  Bu təminatlardan biri də iş yerləri üzrə onlar üçün kvota müəyyən edilməsidir.

 

Məşğulluq mərkəzi tərəfindən göndərilmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxsləri onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməyən işəgötürənlər isə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq xidmətlərinin icrasında həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir. 2021-ci ildə 1348 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar üçün təlimlər təşkil olunub, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələniblər. Həmin şəxslər proqram çərçivəsində seçdikləri sahələr üzrə mal və materiallarla təmin olunaraq öz təsərrüfatlarını qurub. Həmçinin, Agentlik tərəfindən ötən il 2850 əlilliyi olan şəxs əmək müqaviləsi əsasında münasib işlərlə təmin edilib.

 

Ümumilikdə son illərdə Azərbaycanda əlilliyi olan şəxslərin peşə və bacarıqlarının artırılması, onların işlə təminatı istiqamətində ciddi müsbət dönüş müşahidə olunmaqdadır. Əlilliyi olan şəxslərin işlə təminatı ilə bağlı sorğumuzu cavablandırarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, 2018-ci ilin sentyabr ayında əmək müqaviləsi ilə işləyən 1 milyon 600 mindən çox vətəndaşın 56 066 nəfəri əlilliyi olan şəxslər olub. Bu, ümumi işçi sayının 3,4 faizi demək idi.

 

2021-ci ilin eyni dövründə əmək müqavilələri bazasında əlilliyi olan şəxslərin əmək müqavilələrinin sayı isə 70 min olub. Bu, ümumi əmək müqavilələrinin 4,1 faizini təşkil edib. Deməli, bu sahədə son illər inkişaf tendensiyası mpövcuddur və bu artım dinamikası davam edəcək.  Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki, qarşıda duran hədəflərdən biri bu sayı yaxın illərdə iki dəfə artırmağa nail olmaqdır.

 

Azərbaycanda əlilliyi olan şəxslərin iş tapması, işə gedib-gəlməsi kifayət qədər problemli məsələdir. Lakin buna baxmayaraq, bütün əngəlləri aşaraq irəliləyən, məşğulluğunu təmin edən insanlar var. Onlar buna böyük əmək, zəhmət və əzm hesabına nail olublar. Belə şəxslərdən biri olan Zinyət Vəliyeva 1974-cü ildə Şəmkir şəhərində anadan olub.

 

Əlilliyini 1991-ci ildə ailə həyatında yaşadığı çətinlikdən sonra qazanıb. Həvəslə Tibb Universitetinə qəbul olmağa hazırlaşan Zinyət  əvvəllər bütün arzularının puç olduğunu düşünür. Daha sonra isə həyat tərzinin dəyişməsinə, infrastruktur, ətraf mühit, hətta ailəsi ilə də bağlı olan maneələrə baxmayaraq, mübarizəsini davam etdirir və 1995-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İqtisadçı ixtisası üzrə ali təhsil alır. 1997-ci ildə Respublika Əlil Qadınlar Cəmiyyətinin təsisçilərindən biri olmaqla, hazırda həmin cəmiyyətin təftiş komissiyasının sədri və Paralimpiya Komitəsinin təftiş komissiyasının sədr müavini vəzifələrini icra edir. 1996-cı ildən kamandan ox atma idman növü üzrə paralimpiya oyunlarına qoşulur və 2012-ci ildə London paralimpiya, 2016-cı ildə isə Rio-De Janeroda paralimpiya oyunlarının iştirakçısı və bir çox idman turnirlərinin qalibi olur.

 

Z.Vəliyeva ilk iş təcrübəsinə 2003-cü ildə Royal Express MMC-də başlayıb, 2012-ci ilədək həmin şirkətdə operator vəzifəsində işləyib. 2012-ci ildən etibarən fəaliyyətini ADA Universitetində Mühafizə şöbəsində mütəxəssis kimi davam etdirib. 2014-cü ildən indiyədək həmin universitetdə Tələbə qəbulu və qeydiyyat şöbəsində mütəxəssis olaraq çalışmaqdadır. Zinyət tələbələrlə işləməyinin onun işinin əsas motivasiyası olduğunu bildirir. 

 

Onun sözlərinə görə, əlilliyi olan şəxslər tutduğu vəzifədə əlilliyi olmayan həmkarlarından daha uzun müddət qalırlar. Bunu əlilliyi olan şəxslər üçün iş imkanlarının məhdud olması, iş yerlərində onlardan gözləntilərin aşağı olması ilə bağlı daha çox çalışmaları, onların çətinliklərə qarşı daha dözümlü olması və s. kimi bir çox səbəblərlə izah etmək olar.

 

O qeyd edir ki, iş yerində istənilən şəxsin, xüsusilə, həssas qruplardan olan və əlilliyi olan şəxslərin motivasiyalı və bacarıqlı işçilərə çevrilməsi üçün işəgötürənlərin işçilər arasında fərq qoymaması, hər kəsə ədalətli davranması çox vacibdir: “Bütün insanların oxuması, işləməsi üçün əlverişli mühit yaradan bir müəssisədə loyallıq hissi yüksək olur. Həm də fərqli insanların işlədiyi mühitdə formalaşan işçilər və tələbələr daha açıq düçüncəli, fərqliliklərə hörmət bəsləyən, əməkdaşlığın, dəstəyin vacib olduğunu anlayan fərdlərə çevrilirlər. Biz ADA Universitetində inklüziv dəyərlərin və inklüziv iş mühitinin uğur modelinin nümunəsini yaradırıq. Mən əminəm ki, biz yalnız birlikdə  inklüziv cəmiyyətin qurulmasına doğru inamlı addımlar ata bilərik.  Əlilliyi olan şəxslər təhsil və iş imkanlarından təcrid olunduqda bütün ömrü boyu ətrafındakı şəxslərdən asılı durumda yaşamağa məhkum olunurlar. İşləmədiyim zaman ətrafımdakılar davamlı olaraq mənə dəstək göstərməyə məcbur idilər, bu, onların da həyat tərzinə mənfi təsir göstərirdi. Amma işlədikdən sonra bütün ehtiyaclarımı özüm təmin etməyə başladım, indi nəinki ailəmə və yaxınlarıma, ətrafımdakı ehtiyacı olan insanlara da dəstək göstərməyə çalışıram. Əslində əlilliyi olan şəxsin işə götürülməsi yalnız bir nəfərin deyil, onun ətrafındakı bütün insanların sosial və iqtisadi durumuna müsbət təsir göstərir”.

 

Zinyət xanımın sözlərinə görə, insanlar çox zaman əlilliyi olan şəxsin özündən əvvəl onun əlilliyini görürlər və onun bacarıqları barədə əlilliyinə görə dərhal qərar verirlər: “Əldə etdiyim uğurlara baxmayaraq, insanların fərqli münasibəti ilə, ayrı-seçkilik halları ilə hələ də qarşılaşıram. Ancaq məyus olmuram, çünki mənim mübarizəm daha alidir. Mən hər kəsin həyatda uğur qazana biləcəyinə inanıram və öz uğurlarımla əlilliyi olan şəxslər üçün uğur modeli yaratmaqda davam edirəm”.

 

Ölkəmizdə əlilliyi olan şəxslər üçün müəyyən olunan kvotaya əməl edən işəgötürənlər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi - ASAN Xidmət xüsusi fərqlənir. Xidmətin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyevdən aldığımız məlumata görə, ASAN və tabeliyində olan qurumlarda 30 nəfər əlilliyi olan əməkdaş fəaliyyət göstərir: “Bu əməkdaşlardan 5-i qadındır. Əlilliyi olan əməkdaşlardan bəziləri hətta əlil arabasının köməyilə hərəkət edən şəxslərdir. Həmçinin qeyd olunan əməkdaşlardan 11 nəfəri I və II Qarabağ müharibəsi, Aprel döyüşləri zamanı aldıqları xəsarət  nəticəsində əllilliyi müəyyən olunmuş şəxslərdir. Həmin əməkdaşların Dövlət Agentliyində çalışmaları qurumumuzun kadr siyasətinə daxildir. Eyni zamanda bu kadr siyasəti əlilliyi olan şəxslərin hüquqlarının həyata keçirilməsinə, bu sahədə qanunvericiliyin tələblərinin həyata keçirilməsinə yönəlib. Belə ki, Dövlət Agentliyi əlilliyi olan əməkdaşlarla bağlı müəyyən olunmuş 2,5 faizlik kvotanı tam şəkildə ödəyir”.

 

Özəl sektorda da kvotanı təmin edən şirkətlər var. Onlardan biri də Azərbaycanda informasiya, kommunikasiya və yüksək texnologiyalar sektorunda çalışan “Azerconnect” şirkətidir. Şirkətdən verilən məlumatda bildirilir ki, onlar qanunvericilikdə müəyyən edilmiş əlilliyi olan insanlar üçün müvafiq kvotaya tam olaraq əməl edirlər: “Əlilliyi olan vətəndaşlarımızın məşğulluğunun təmin olunması məsələsi tərəfimizdən daim nəzarətdə saxlanılır. Hazırda “Azerconnect” şirkətində 30 nəfər əlilliyi olan əməkdaş çalışır. Başqa sözlə desək, şirkətə çalısan əməkdaşların 2.5 faizini əlilliyi olan şəxslər təşkil edir. Bu da ölkə qanunvericiliyi üzrə müəyyən olunmuş kvotaya tam uyğundur. “Azerconnect” şirkətində çalışan və əlilliyi olan ümumilikdə 30 əməkdaşdan 22-si kişi, 8-i isə qadındır. Onların şirkətdə əmək fəaliyyətinin təşkili və inkişafı üçün bütün şərait yaradılıb”.

 

Ümid etmək olar ki, dövlətin əlilliyi olan insanların məşğulluğunun təmin olunması istiqamətində gördüyü işlər nəticəsində belə insanların daha çoxunun məşğulluğunun təmin edilməsi mümkün olacaq. Təcrübə göstərir ki, burada əlilliyi olan insanların özlərinin davranışı da mühüm rol oynayır: onlar öz bilik və bacarıqlarını artırmağa səy göstərməli, dövlətin bu sahədə yaratdığı imkanlardan bəhrələnməlidirlər. Çünki əlilliyi olmayan insanların çalışa bildiyi, fiziki əmək tələb edən əksər işlərdə əlilliyi olan şəxslərin çalışması mümkün deyil. Bu insanlar ixtisaslı əmək bacarıqları tələb edən, lakin fiziki əməyin daha az tələb olunduğu yerlərdə işləyə bilərlər. Bu baxımdan, əlilliyi olan vətəndaşlarımızı fəal olmağa, müasir texnologiyalarla işləmək bacarıqlarını inkişaf etdirib layiqli iş tapmaq üçün zəruri addımları atmağa çağırırıq.

 

Qeyd: Bu yazı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə icra edilən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi çərçivəsində hazırlanıb.

 

Dünya Sakit

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı