Modern.az

Bir gəncin manifesti

Bir gəncin manifesti

Current

3 Mart 2023, 15:03

Mən Bəxtiyar Hacıyevi 20 ilə yaxındır ki, tanıyıram. Azərbaycan cəmiyyətinin bəzi kəsimlərini, sadəlövh insanları ilk baxışdan təəcübləndirə biləcək qədər cəlbedici və maraqlı bir  tərcümeyi-halı var. Yollarımız ayrı olsa da, Təhsil Nazirliyində çalışdığım illərdə onunla bir neçə dəfə ünsiyyət qurmaq məcburiyyətində oldum. Dövlətin təhsil siyasətinə qarşı apardığı qarayaxma kampaniyasına aydınlıq gətirməyə, əsil niyyətlərini üzə çıxarmağa çalışırdım. Təəsüflər olsun ki, Bəxtiyar mənim yaddaşımda daha çox hərbi xidmətdən, Vətənə olan borcundan rəsmi imtina edən yeganə Azərbaycan vətəndaşı kimi qaldı.

 

Bəxtiyar bəlkə də, halına ən çox acıdığım, zavallı gənclərdən biridir. O hələ gənc yaşlarından demokratiya, insan hüquqları görüntüsündə pərdələnən mənfur qüvvə və təşkilatların, ölkəmizə zərər verməyə çalışan dövlətlərin xüsusi xidmət orqanlarının təsirinə düşdü. Məhz elə buna görə də, yüz minlərlə məzununa uğur gətirən Harvard Universiteti də ona uğur gətirə bilmədi.

 

2019-cu ilin noyabrında onun Nikol Paşinyanla olan hay-küylü görüşünü yəqin ki, xatırlayanlar var. Bəxtiyarı 2020-ci ilin Parlament seçkilərinə hazırlayan qüvvələr ona ictimai dəstək vermək, Vətənə olan borcdan rəsmən imtina etmiş bir gəncə vətənpərvərlik imici qazandırmaq üçün onu hər ikisi eyni mərkəzdən idarə olunan Paşinyanla üz-üzə gətirdilər.

 

Harvard kimi bir universitetin, həm də   İdarəetmə Məktəbinin İctimai siyasət ixtisasını bitirən bir məzunun son 10 ildəki fəaliyyətinə kiçik bir prizmadan nəzər salaq.  Yaşadığımız dünyaya minlərlə yetkin siyasətçi, böyük dövlət idarəçiləri bəxş etmiş bu nəhəng təhsil brendinin azərbaycanlı məzununun  siyasət meydanında düşdüyü rəzalət bizə deməyə əsas verir ki, o Harvard Universitetində oxuduğu bu illər ərzində sosial mediada saxta hesab və profillər yaratmaq təcrübəsindən, kütlə psixologiyasında səmimi insan obrazı yaratmağa hesablanmış yalançı gülüşdən, mənsub olduğu dövlətinə xəyanətdən başqa heç bir şey öyrənə bilməyib.

 

44 günlük Vətən müharibəsi yaşadığımız əsrdə bizim bir millət kimi özümüzü təstiq etdiyimiz yeganə tarixi sınağımız idi. Özünü azərbaycanlı,  türk hesab edən hər bir kəs bu həlledici döyüşlərə şəxsi bacarıq və imkanlarına uyğun olaraq öz töhfəsini verməyə çalışırdı. Ölkənin bu ağır günlərində Bəxtiyar Hacıyev  ona yalançı “xala”lıq edən, “kukla” sı olduğu böyük güclərə həqiqətləri çatdırmaq, onları qismən də olsa, neytrallaşdırmaq əvəzinə, bütün ehtiyacları lazımi anda ödənilən əsgərlərimiz üçün ücüz mayka-corab kampaniyası aparırdı. Burada türk qardaşlarımızın yaxşı bir sözünü işlətmək yerinə düşər: “Yazıqlar olsun sənə, Bəxtiyar!”

 

Vətən müharibəsinin o ağır günlərində döyüşlərin əsas istiqamətlərindən biri də ədalətsiz, ikiüzlü dünya ilə diplomatiya cəbhəsi idi. Qarabağın xəritədə yerini belə tanımayan fransalı deputatlar bu bölgənin müstəqilliyi ilə bağlı ağıllara sığmayan,  beynəlxalq hüquqla daban-dabana zidd olan ermənipərəst bir qərar qəbul etdilər. Döyüşdə uduzduğunu görən erməni azğınları bütün müharibə qaydalarını, beynəlxalq konvensiyaların tələblərini pozaraq mülki insanların yaşadığı şəhərlərimizi, kəndlərimizi qadağan olunmuş silahlardan atəşə tutdular. Təəssüf ki, indi imdad gözlədiyi cəmiyyətimiz bu ağır günlərdə nə ondan, nə də onu dəstəkləyən senatorlardan, beynəlxalq hüquqla məşğul olan təşkilatlardan bir kiçik reaksiya belə görə bilmədi.

 

Bəxtiyarın bugünkü durumu bəlkə də bir insan kimi hamımızı narahat edir. Əslində Harvarddan xuliqanlığa, məhkəmə salonlarına uzanan bu təzadlı yol arzu və iddiaları yaşına, bacarıqlarına sığmayan bir azərbaycanlı gəncin, yaşadığımız cəmiyyətin faciəsidir. Müqəddəs kitabımızın bir neçə ayələrində bu tipdən olan şəxslərə gözləri, qulaqları və ürəyi möhürlənmiş insanlar deyilir.

 

Kimliyindən, törətdiyi əməllərdən asılı olmayaraq, həbsxana həyatı yaşayan bütün insanlara həmişə  islah olunmasını, bağlı qapılarının açılmasını arzu etmişəm. Ancaq özü də yaxşı bilir ki, əgər islah olunmasa, onun sığındığı dünyada heç bir qüvvə Bəxtiyarı bu dəmir barmaqların arasından qoparıb çıxara bilməz!

 

Bayram Hüseynzadə,

Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı