Latiyanın cənub-şərqində, Belarus sərhədi yaxınlığında ölkə ərazisinə daxil olan pilotsuz uçuş aparatı (PUA) gölə düşərək partlayıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bugün səhər saatlarında baş verib. Hadisə barədə polisə yerli sakinlər məlumat veriblər.
Şahidlərin sözlərinə görə, dron ölkənin cənub-şərqində yerləşən Kraslava diyarı ərazisindəki Dridzis gölünə düşüb. PUA su ilə təmasda olan zaman dərhal detonasiya edərək partlayıb. Hüquq-mühafizə orqanları artıq hadisə yerində drona aid olduğu ehtimal edilən qalıqları aşkar ediblər. İnsident nəticəsində xəsarət alan olmayıb.
Latviya Milli Silahlı Qüvvələrinin nümayəndələri bəyan ediblər ki, ölkə ərazisinə daxil olan PUA radarlar (sensorlar) tərəfindən qeydə alınmayıb. Məhz bu səbəbdən sakinlərin mobil telefonlarına hava həyəcanı ilə bağlı xəbərdarlıq (SMS) mesajları göndərilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.