Modern.az

Sığorta bazarını necə inkişaf etdirməli?

 Sığorta bazarını necə inkişaf etdirməli?

Ölkə

9 İyul 2010, 12:12

EKSPERTLƏR PEŞƏKAR KADRLARIN OLMASINA, MAARİFLƏNDİRMƏYƏ EHTİYAC GÖRÜR

«Xarici səfərlərin birində səhhətim qəfil pisləşdi və xəstəxanaya düşdüm. Uçuşdan əvvəl isə MBASK şirkətində sığorta olunmuşdum. Gecəykən MBASK-la əlaqə saxlanıldı. Düzü, inana bilmədim, elə həmin an şirkət tərəfindən vəziyyət nəzarətə götürüldü və xəstəxananın bütün məsrəfləri ödənildi. Bu çox rahat proses oldu. Mən bu cür reaksiyanı bir MBASK-da görmüşəm».

Bu iqtisadçı ekspert Cümşüd Nuriyevin fikirləridir. Ekspert deyir ki, bir xaricə gedəndə, bir də maşın alanda sığorta etdirməli olur. 

Bu gün Azərbaycanda 30-a yaxın sığorta şirkəti fəaliyyət göstərir və onlar 28 növ sığorta xidmətləri təqdim edirlər.

Amma fakt budur ki, hazırda ölkəmizdə sığorta bazarı o qədər də inkişaf etməyib. Bunun səbəblərindən biri heç şübhəsiz, sığorta barədə əhalinin biliklərinin aşağı səviyyədə olması, müəyyən məlumatlara malik insanlarda isə sığortaya inamın az olmasıdır.
Bəs sığorta bazarının inkişafı, insanları sığorta barədə daha  geniş məlumatlandırmaq, onlarda inamı yüksəltmək üçün nə etmək lazımdır?

Ekspert C.Nuriyev hesab edir ki, nə qədər ki, ölkədə qanuna hörmət formalaşmayıb, sığorta bazarına etibar da olmayacaq. Azərbaycanda yalnız xarici şirkətlərdə işləyənlər sığorta olunduğuna görə özlərinə inanırlar. Eyni zamanda bir sıra dövlət orqanları, Daxili İşlər, Milli Təhlükəsizlik, Vergilər nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Ximəti öz əməkdaşlarını sığorta etdirib. Orada işləyənlərin hər birinin xərcini həmin struktur ödəyir.
Belə sistem digər orqanlarda yoxdur. Bu onu göstərir ki, dövlətin özündə də məsələyə ikili yanaşma var. Hüquq-mühafizə orqanları məsələyə ciddi yanaşırlarsa, qeyri-hüquq mühafizə orqanları əks mövqe sərgiləyir.
Ekspert hesab edir ki, problemlər də burdan yaranır. Özəl sektorda sığortanın vəziyyətinin  daha pis olduğunu deyən C.Nuriyev düşünür ki, bunun günahkarları da özəl biznes strukturlarıdır.
«Tikintidə çoxsaylı insan çalışır. Onların hansının sığortasını özəl şirkətlər ödəyib? Ona görə də özəl sığota şirkətlərinə inam azalır».
Amma ekspert hesab edir ki, bunu aradan qaldırmaq mümkündür: «Nədən banklar məcbur olub əmanətləri sığortalamağa başladılar, həmin təcrübədən digər sahələrdə də istifadə edilə bilər. Onda soğurtaya axın olacaq».

«QURUNUN ODUNA YAŞ DA YANIR»

Ekspert bu gün ölkədə insanların razı qalacağı səviyyədə xidmət göstərən özəl sığorta şirkətlərinin də fəaliyət göstərdiyini deyir: «Əgər 30 şirkətdən 5-i pis işləyirsə, bu qalan 25 şirkətin də adını korlayır. Necə deyərlər, qurunun oduna yaş da yanır. Məsələn, MBASK sığorta şirkəti kimi. Hansı şirkətlər ki, bilavasitə azərbaycanlılar tərəfindən yaradılıb onlar işləmir. Əksinə olanlarda isə bir haqq-ədalət və onlara inam var».

Ekspert deyir ki, biz sığortadan çox surətlə varlanmağa çalışırıq. Dünyanın hər yerində sığorta şirkətləri gəlirlə işləyir. Fərq isə budur ki, onlara inam var və imicləri formalaşıb.

SIĞORTA TƏDRİS KOMBİNANTI DEYİL

C.Nuriyev sığorta işinin başqa bir problemi kimi Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəsislərin azlığını göstərib. Ekspert hesab edir ki, İqtisad Universteti bu məsələ ilə üzdən məşğul olur, vəssalam.
«Yaxşı olar ki, universitetin tərkibindən belə bir fakültə olsun, ondan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə məzunların işlə təmini məsələsi də həll olunsun. Maliyyə Nazirliyi, «Azərsığorta» Dövlət Şirkəti də buna nəzarət edə bilər. İş yeri çoxdur, mütəxəsis yetişdirmək lazımdır. Sığota tədris kombinantı deyil. Bura mütəxəsis gəlməlidir. 

«BANK, MALİYYƏ, VERGİ SAHƏSİNDƏ ÇALIŞMAĞA CAN ATIRLAR, SIĞORTAYA İSƏ CƏRİMƏ KİMİ BAXIRLAR»

«Azərsığorta» Dövlət Şirkətinin sədr müavini Aftandil Hacıyev də kadr probleminin olduğunu təsdiqləyir və deyir ki, sığortaçı ixtisası olan kadrları barmaqla saymaq olar. 
«Onların çoxu da bizim şirkətdən gedənlər və bəzi xarici ölkələrdə qısa müddətli kurs keçənlərdir».

Onun sözlərinə görə, Avropa ölklərində, qonşu İranda, Türkiyədə sığorta işi hətta orta məktəblərdə tədris olunur: «Bizdə isə bu praktika mövcud deyil. Yaxşı olardı ki, orta məktəblərdə bu, iqtisadiyyat sahəsində maarifləndirmə formasında keçilsin».
A.Hacıyev İqtisad Universitetində sığorta üzrə kadrların hazırlığına başanıldığını amma hələ buraxılış olmadığını deyib. Bu kadrlara sığora şirkətlər tərəfindən lazımi diqqət də göstərilmir. A.Hacıyev deyir ki, gərək şirkətlər yaxşı, gənc mütəxəsisləri bu sahəyə cəlb etsinlər, maarifləndirmə işi aparsınlar ki, orta məktəbdən bu sahəyə maraq oyada bilsinlər.

 «Bank, maliyyə, vergi sahəsində çalışmağa hamı can atır sığorta işinə isə cərimə kimi əlacsız qalıb gedirlər. Bu sanki ikinci növ ixtisas kimi sayılır. Belə yanaşma isə əhalidə sığorta anlayışı, sığortanın səmərəliliyinin lazımınca qiymətləndirməməkdən irəli gəlir. Eyni zamanda xüsusilə əyalətlərdə vətəndaşların maliyyə durumu aşağıdır. Bu da sığorta bazarının inkişafına təsir göstərir».

A.Hacıyev deyir ki, işçi götürərkən onun maliyyə təhsili olmasına, vətəndaşlarla münasibət yaratmaq qabiliyyətinə, sığortaçı ilə ünsiyyət bacarığını nəzərə alırlar. Həmçinin o, vətəndaşa sığortanın müsbət və mənfi tərəflərini izah etməlidir. «Vətəndaş adətən müqavilə bağlayan kimi deyir mənim orda xeyrim nə olacaq. Yəni vətəndaş özünə təminat yaratmaq barədə yox, xeyri barədə düşünür».

Dövlət Sığorta Şirkətinin rəsmisi deyir ki, bəziləri sığorta şirkətini mənfəət götürmək məqsədilə açırlar. «Amma sığorta təminatçıdır,  insanlar gözlənilmədən təbii fəlakətlərdən, bədbəxt hadisələrdən ziyan çəkə bilirlər. Sığorta şirkəti hadisə baş verən kimi sığortaçının başının üstünü kəsdirib, ona yüksək sığorta xidməti göstərməlidir ki, vətəndaşda inam yarada bilsin. Amma bəzi şirkətlər vətəndaşa dəyən ziyanın ödənməsində müəyyən bürokratik əngəllər yaradırlar. Artıq sənədlır  toplamaq və s. Vətəndaş isə məcbur olub sığorta ödənməsindən imtina edir».

Bununla belə A.Hacıyev Azərbaycanda sığorta bazarının gələcəyinə optimist yanaşır. Deyir ki, bu sahə heç kimdən asılı olmayaraq getdikcə inkişaf edəcək.
«Əhali internet, yerli və xarici mətbuatdan bu barədə daha çox eşitdikcə sığortanın mahiyyətini başa düşür. Biri görür qonşusunun əmlakı yananda dəymiş ziyan ödənildi,  o da dərhal sığortaya can atır. Hesab edirəm ki, sığorta digər iqtisadi qurumlarla birgə respublikanın iqtisadiyyatında, inkişafında,  əhalinin maddi rifahının yüksəlməsində, ümumi daxili məhsul istehsalında özünə mütləq layiqli yer tutacaq”.

İqtisadçı millət vəkili Vahid Əhmədov da hesab edir ki, sığorta bazarının inkişafı üçün ilk növbədə bu sahədə ixtisaslı kadrlar yetişdirilməlidir. 
Eyni zamanda sığorta şirkətləri mətbuatda, televiziya kanalları vasitəsilə təbliğat aparmalı, əhalidə özlərinə inam yaratmalıdırlar. «Vətəndaş sabah hansısa gözlənilməz hadisə ilə qarşılaşanda sığorta şirkətinin əməkdaşını  yanında görüb, ondan lazımi dəstəyi alırsa, digər vətəndaşlar da əmlaklarını, həyatlarını sığorta etdirməyə can atacaqlar. Yəni sığorta şirkəti nə qədər dürüst, doğru işləsə bu onun adına, imicinə xidmət edir».
Millət vəkili də düşünür ki, Azərbaycanda yaxın gələcəkdə bu sahənin inkişafı mümkündür.

Pərvanə Sultanova 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı