Modern.az

Beynəlxalq təşkilatların Qarabağ düyünündə Rusiya qorxusu - ŞƏRH

Beynəlxalq təşkilatların Qarabağ düyünündə Rusiya qorxusu - ŞƏRH

Образование

23 Avqust 2013, 11:36

“Rəsmi Moskva Yerevana sanksiya tətbiq etsə, analoji addımı beynəlxalq təşkilatlar da atacaq”


Cənubi Qafqaz regionunun konfliktə cəlb olunmuş əsas ölkəsi Azərbaycan hesab olunur. Düzdür, Azərbaycanla yanaşı işğalçı və təcavüzkar dövlət olan Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin əsas tərəfidir, amma proseslərin gedişatı göstərdi ki, bu ölkə havadarı Rusiyanın maddi və mənəvi dəstəyi ilə Azərbaycanla müharibədə öz xeyrinə “uğurlu” nəticə əldə etdi. Ancaq bölgənin Qarabağla bağlı real siyasi mənzərəsi bir müddət sonra heç də Ermənistanın müharibəni udduğu anlamına gəlmədiyini söyləməyə əsas verir. Çünki Rusiyanın ciddi yardımı ilə öz təcavüzkar hədəflərinə çatmaq cəhdləri işğalçı  Ermənistana heç də baş ucalığı gətirmir. Azərbaycanın zəbt olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı əsl həyasızlıq nümayiş etdirən Ermənistana “day-daylıq” edənlər də az deyil. Rusiyanın bölgədə bir nömrəli forpostu olan Ermənistana ATƏT-in Minsk Qrupu həmsədrlərinin  münaqişə regionuna istirahət xarakterli səfərləri və sanki bu istirahətdən sonra yeyib-içib keflənmiş, sərxoş danışığını xatırladan  bəyanatlar səsləndirməsi də kömək edir desək hələ az olar. Eyni zamanda öz şaxtalı, boranlı  vasitəçilik missiyası ilə ATƏT-in Minsk Qrupu donmuş münaqişəyə  daha aşağı mənfi temperatur gətirməklə  buzların əriməsinə imkan vermir. Bu da öz növbəsində Ermənistanın lehinə dəyərləndirilə bilər. Ancaq Ermənistana edilən hər cür siyasi, maliyyə yardımları bu ölkənin iqtisadiyyatının çökməsinin qarşısını ala bilmir. Necə deyərlər “sən saydığını say gör fələk nə sayır”.  İşğalçı Ermənistan əhalisinin  bugünkü sosial durumu “özgəsinə quyu qazan özü düşər” el məsələni də  yada salır. Qarabağ probleminin süni şəkildə qızışdırılmasının tərəfdarı  və rejissoru  Rusiyanın  baş rol ifaçısı Ermənistan işsizlik, iqtisadi böhran məngənəsində boğulur. Bu da onu göstərir ki, “çəkiliş meydanında” oynadığı rolun müqabilində  Ermənistanın Rusiyadan aldığı siyasi qonorarlar onun  korrupsiya girdabında can verən iflic olmuş  iqtisadiyyatını tənəzzüldən çıxarmağa kifayət etmir.  Bunun əsl səbəbi isə düşmən ölkənin Qarabağ danışıqlarında dirəniş göstərməsi ilə əlaqədar olaraq onun bölgə layihələrindən kənarda qalmasıdır. Strateji müttəfiqimiz Türkiyə də dəfələrlə bəyan edib ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunmayınca Ermənistanla sərhədlər açılmayacaq. Vəziyyətin belə davam etməsi fonunda əbədi “dost axtarışına” çıxan Ermənistan öz ustadı Rusiyaya da kəm baxmağa başlayıb. Belə ki, Ermənistanın Avropa Birliyinə yaxınlaşmaq cəhdləri  Rusiyanı qəzəbləndirməsi ilə bağlı xəbərlər dolaşır.  Ermənistanın Avropa Birliyinə  assosiativ üzvlük  və genişhəcmli ticarət anlaşması ilə bağlı sənədi təsdiqləmək istəyinin şimal qonşumuzu özündən çıxaracağı ilə bağlı proqnozlar verilir. Bununla da Ermənistanın öz müttəfiqini itirəcəyi və  Kreml tərəfdən ciddi iqtisadi sanksiyalara məruz qalacağı gözlənilir. Qeyd edək ki, Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, Rusiya Ermənistanın 1 nömrəli ticarət tərəfdaşıdır. Təkcə bu ilin birinci yarısı ərzində Ermənistandan Rusiyaya 143 milyon 460 min dollar dəyərində mal ixrac edilib. İxracatın 20.5 faizi, idxalın isə 23 faizi Rusiyanın payına düşür. Bu rəqəmlərə yaxın ikinci belə bir ölkə yoxdur. Buna görə də demək olar ki, Ermənistanın Avropa sevdası rəsmi Moskvanı “öz ustadına kəm baxanın gözlərinə qan damar” məsəlini Sarkisyana xatırlatmağa vadar edir və bununla da Kreml əlaltısına bir qulaqburması vermək istəyir.

Qısqanclıq yaratmaq cəhdləri

Mövzunu Modern.az-a şərh edən Siyasi Araşdırmalar İnstitutunun Direktoru, politoloq Elman Nəsirov hesab edir ki, Ermənistanla Rusiya arasında iqtisadi və siyasi gərginliyin yaranması mümkündür və bunun ayrı-ayrı elementlərini müşahidə etmək elə də çətin deyil. “Ermənistan işğala son qoyarsa onun iqtisadi vəziyyəti yaxşılaşar və blokadadan çıxar”, - deyərək Rusiya xarici işlər naziri Sergey Lavrovun may ayında səsləndirdiyi bəyanatı xatırladan ekspert bildirib ki, iki ölkə arasındakı qaz məsələsində problemin yaranması da gərginlik üçün stimul verdi. “Bununla yanaşı Rusiya rəhbərliyinin Azərbaycana silah satışı ilə bağlı mövqe bildirməsindən sonra Ermənistanda narahatlıqların yaranmasına da bura səbəblərə əlavə etmək olar. Buna görə də Ermənistan indiki halda manevr edir və istəyir ki, öz qiymətini qaldırsın. Yəni Avropa İttifaqı ilə assosiativ üzvlüklə bağlı məsələlərdə irəliyə addımlar atmaq istəyir”.

Analitik qeyd edib ki, Ermənistan bununla Rusiyada bir qısqanclıq yaratmaq məqsədi güdür. Məsələnin detalları barədə suallarımızı cavablandıran politoloqun sözlərinə görə işğalçı dövlət çalışır ki, Rusiya Ermənistanın mənafeyinə uyğun olaraq daha gerçək addımlar atsın.

Ermənistan dövləti üçün bir nömrəli problem Dağlıq Qarabağ münaqişəsi deyil”

Ancaq bunların taktiki gedişat olduğunu söyləyən analitik strateji baxımdan Kreml üçün Ermənistanın vacibliyini vurğulayıb. Onun sözlərinə görə Rusiya Ermənistandan qonşu dövlətlərə təzyiq elementi kimi istifadə də əhəmiyyətli rol oynayır. “Bununla da Rusiyanın manipulyasiya etmək imkanları artır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini əlində saxlamaq üçün bu cür siyasət yeridir”. Rusiya ilə Ermənistan arasında gərginlik elementlərinin ilk rüşeymlərinin özünü büruzə verdiyini deyən E. Nəsirov buna rəğmən haqlı olaraq hesab edir ki, Ermənistanın mövcud vəziyyəti onun Rusiya əleyhinə köklü addımlar atmasına imkan vermir və təcavüzkar dövlət bu iqtidarda da deyil. “Böyük Britaniyanın nüfuzlu araşdırmalar mərkəzlərinin birinin gəldiyi nəticəyə görə bu gün Ermənistan dövləti üçün bir nömrəli problem əslində Dağlıq Qarabağ münaqişəsi deyil. Qeyd olunur ki, əsas problem ölkənin suverenliyinin əlindən getməsi ilə bağlıdır. Təhlilin nəticələrinə görə Ermənistan prezidenti Sarkisyan dövlət atributlarının və suverenliyin olmadığı bir ölkəyə rəhbərlik edir. Bu dərəcədə onun suverenliyi Rusiya tərəfindən ələ alınıbsa, Ermənistan tərəfinin bu və digər hərəkəti sadəcə olaraq taktiki məzmun kəsb edir”.

Razılaşdırılmış “gərginlik”

Siyasi ekspert Rusiyanın Ermənistana təzyiqləri fonunda Qarabağ münaqişəsinin həllində Ermənistanın ciddi bir addım atmayacağını vurğulayıb. Rusiyanın Ermənistana iqtisadi sanksiyalar tətbiq edə biləcəyi ilə bağlı deyilənlərə aydınlıq gətirən E. Nəsirov bildirib ki, bu mümkün deyil. “Sadəcə olaraq Rusiya Ermənistana müəyyən təzyiq elementlərini işə sala bilər. Əslində Rusiyanın Ermənistana sanksiyalar tətbiq etməsi bizim üçün arzulanandır. Amma düşünürəm ki, Kreml heç zaman bunu etməz. İşğalçı bir dövlətə heç BMT, Avropa Birliyi, Avropa Şurası  sanksiyalar tətbiq etmir. Çünki beynəlxalq təşkilatlar Rusiya faktorunu nəzərə alırlar. Həmin beynəlxalq qurumlar Ermənistana görə rəsmi Moskva ilə münasibətləri gərginləşdirmək istəmirlər”.

İnstitut direktoru Rusiyanın rəsmi Yerevana sanksiyalar tətbiq ediləcəyi təqdirdə , eyni addımı adıçəkilən beynəlxalq təşkilatlar və digər qurumların da atacağını bildirib. Ermənistanın Rusiya əleyhinə hər hansı bir addım atması ilə bağlı bir daha danışan politoloq qeyd edib: “Bu yalnız Moskva ilə razılaşdırılmış addım olmaqla görüntü və fon yaradır”.

Aqşin KƏRİMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı