Modern.az

1356 nəfər rezidenturaya sənəd verib

1356 nəfər rezidenturaya sənəd verib

Təhsil

27 Mart 2014, 15:48

Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 30-da 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirəcək.

İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə 2014-cü il fevralın 11-dən 20-dək aparılmış və 1356 nəfər namizəd elektron ərizə doldurub təsdiq etdirib. Onlardan 984 nəfəri qız, 372 nəfəri isə oğlanlardır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. Bakı şəhərində imtahan 3 binada - Azərbaycan Tibb Universitetinin I və V tədris binaları və Bakı Qızlar Universitetində, eləcə də Naxçıvan şəhərində 1 binada keçiriləcək. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır. Bakı şəhərində 1336 namizədin, Naxçıvan şəhərində isə 20 namizədin imtahan verəcəyi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 23 imtahan rəhbəri, 149 zal nəzarətçisi ayrılıb.

Namizədlər martın 19-dan etibarən öz elektron ərizələrinə daxil olaraq "Namizədin imtahana buraxılış vərəqi"ni çap edirlər.

Qeyd edək ki, Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsi 2014-cü ilin iyul ayında keçiriləcək.

Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri yoxlanılacaq. Rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsi iyulun 27-də keçiriləcək və ikinci mərhələyə imtahanın birinci mərhələsində topladığı bal 40-dan az olmayan namizədlər buraxılırlar.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər:

 - "Namizədin imtahana buraxılış vərəqəsi"ni

 - şəxsiyyəti təsdiq edən sənədin əslini

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə baza fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidir.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı