Azərbaycanın istənilən rayonunun girişində ən azı “xoş gəlmişsiniz” lövhəsi ilə qarşılaşmaq mümkün olsa da, paytaxtın giriş-çıxışında bu salamlamaya da ehtiyac görülməyib. Bakının ərazi vahidinin miqyasları və əhalisi haqda da heç bilgiləndirmə lövhəsinə rast gəlinmir. Belə çıxır ki, Bakı meriyası böyük şəhərin tanıtımında maraqlı deyil?
Modern.az-a açıqlamasında Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib ki, paytaxtın giriş hissəsinin naməlum qalmasının əsas səbəbi şəhərin sürətlə böyüməsidir. “Həmin lövhələr sovet dövründə qoyulurdu. İndi şəhər o qədər sürətlə genişlənir ki, paytaxtın haradan başlayıb, harada qurtarması bəlli deyil”. “Bir neçə şəhərin sərhədlərinin birləşmə xəttinə kovarvasiya deyilir. Amma indi o sərhədlər bilinmir. Təbii ki, ilk olaraq bunları müəyyən etmək lazımdır. Yalnız bundan sonra Bakı İcra Hakimiyyəti həmin sərlövhələrin qurulması işinə baxa bilər. Amma hələ ki, tikə-tikə gedirik”, – deyə ekspert qeyd edib. Böyük Şərq ölkələrində bunun xarakterik olduğunu deyən AİR prezidentinin sözlərinə görə, belə sərlövhələr Avropa ölkələri üçün xas deyil. “Bu məsələ Bakının Baş Planı ilə də bağlıdır. Əgər hər bir tikinti plana uyğun aparılmırsa şəhərin girişini də axtarmağa dəyməz. Dünyada elə şəhərlər var ki, nə qədər inkişaf etsə də giriş köhnə hissədən başlayır. Məsələn, paytaxta girişi Azneft dairəsindən qoymaq olar ki, bura İçərişəhərdir. Fransanın paytaxtı Parisin ətrafında 10-a yaxın bu tipli peyk şəhər var. Hər peyk şəhərə girəndə bu göstərilir. Odur ki, bizim hansı təcrübəni götürməyimiz qalır müvafiq orqanların seçiminə” .
Bakı şəhər İcra Hakimiyyətinin Reklamlar İdarəsi isə həmişəki kimi bu məsələyə də heç bir reaksiya vermədilər. İcra Hakimiyyətinin Reklamlar idarəsindən cavab almaq cəhdləri boşa çıxdı.
Gültəkin Ələsgər