Bu gün səhər saatlarından başlayaraq Ukrayna Silahlı Qüvvələri və Daxili İşlər Nazirliyi Donetsk vilayətinin separatçıların nəzarətində olan Slavyansk şəhərində başladığı xüsusi əməliyyat davam edir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Slavyanskın özünümüdafiə dəstələrinin başçısı Vyaçeslav Ponamaryovun sözlərinə görə, toqquşmalar nəticəsində Rusiya meylli separatçılardan 1 nəfər öldürülüb, 1 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, şəhərdəki silahlılara hərbi vertolyotlardan atəş açılıb. Ponamaryov deyib ki, bu vertolyotlardan 3-ü havada vurulub. Onlardan birinin pilotu əsir götürülərək özünümüdafiə dəstələrinin qərargahına gətirilib. Ukrayna daxili işlər naziri Arsen Avakov isə 1 pilotun öldüyünü və daha bir neçə nəfərin yaralanması faktını təsdiqləyib. Onun sözlərinə görə, Slavyanskda separatçıların 8 postu hökumət qüvvələri tərəfindən ələ keçirilib. Şəhərin hərtərəfli mühasirədə olduğunu bildirən nazir əməliyyatın sona qədər davam etdiriləcəcyini deyib.
Digər məlumata görə, artıq Slavyanskdakı üsyançılar şəhərdən çıxıb getməyə çalışırlar.
Vüqar İsmayılov