“May ayında temperaturun bu qədər yüksəlməsinin səbəbi ölkəyə daxil olan cənub hava kütlələridir”. Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
“Hazırda paytaxtda, eləcə də ölkə ərazisində anomal istilər müşahidə edilir. Temperatur göstəricisi 30-35, Mərkəzi Aran rayonlarında isə 33-38 dərəcə arasında dəyişir”.
Nazirlik rəsmisi bildirib ki, mayın 20-dən etibarən hava şəraiti nisbətən mülayimləşəcək. Sakit əsən cənub küləkləri yerini güclənən şimal küləklərinə verəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-5 dərəcə aşağı enəcək.
G. Məmmədovanın sözlərinə görə, hazırkı göstəricilər rekord deyil: “2007-ci il mayın 29-da 35.5 dərəcə qeydə alınıb”.
Gülşən RAUFQIZI