“Ticarət passajı” Ağdamın ikinci qızıl dövrünün yadığarıdır. Böyük bir ərazidə fəaliyyət göstərən passajda hər tərəfdə 28-i olmaqla cəmi 56 dükan və ictimai iaşə obyekt var idi. Çox gözəl zövqlə inşa edilən passaj şəhərin işğal gününədək fəaliyyət göstərmişdi...
Çox axtarışdan sonra passajı layihələndirən memar Naiq Səmədovla iş yerində görüşdük. Məlum oldu ki, 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan Naiq Səmədovun maraqlı həyat yolu var. İnstitutu bitirdikdən sonra təyinatla Rusiya Federasiyasının Pyatiqorsk şəhərinə gedir və dörd il ərzində şəhərin memarı vəzifəsində çalışır. Pyatiqorsk şəhərində çalışdığı vaxt “Runo” sanatoriyası, habelə digər maraqlı layihələrə imza atır. 1984-cü ilin yayında Ağdama istirahətə gələn Naiq Səmədov Ağdam RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayevin təkidi ilə daimi olaraq doğma şəhərində qalası olur. Qeyd edim ki, Sadıq Murtuzayev işlək və yaradıcı adam idi və yerində saymağı xoşlamırdı. Onun ətrafında heç vaxt, özünün dediyi kimi, “ətalət basmış” adamları görməzdin.
Beş ilə yaxın rayonun baş memarı işləyən N.Səmədov Ağdamda bir çox layihələrə imza atır. “Çay evi” və “Ticarət passajı”nın, bir nömrəli məktəbin qarşı tərəfində, o cümlədən bazarətrafı ərazilərin abadlaşdırılması məhz onun layihəsiylə həyata keçirilir. Üzeyir Hacıbəyli adına Ağdam Orta İxtisas Musiqi məktəbinin həyətyanı sahəsində inşa edilən yeni korpusu isə ayrı bir yazının mövzusudur...
Bəlkə də bir təsadüf idi ki, Bakının Əzizbəyov küçəsinin piyada küçəsinə çevrildiyi vaxt, yəni 1982-1983-cü illərdə Ağdamdakı eyniadlı küçədə abadlaşdırılaraq yalnız piyadaların istifadəsinə verildi. M.Əzizbəyov küçəsinin Lenin küçəsi ilə başlanğıcından üzü İslam Hacıyev küçəsinədək olan beş yüz metrlik hissəsində avtomobill hərəkəti qadağan edildi. Küçədə ciddi abadlıq işləri həyata keçirildi. Bir nömrəli məktəbin yan tərəfinə baxan hissədə bütovlükdə dövlət idarə müəssisələri üçün iki mərtəbəli bina inşa edildi. 237-saylı aptek, Ağdam Sığorta İdarəsi və rayonun digər kiçik həcmli idarələri məhz burada yerləşəsi oldu...

Beləliklə, Ağdamın ikinci qızıl dövrünün yaranmasında Naiq Səmədovun xüsusi rolu olur. Onunla bu dəfəki söhbətimizi “Ticarət passajı”ndan salırıq:
- “Ticarət passajı”nın layihəsi üzərində bir müddət işləyəsi olduq. Hətta layihənin hazırlanması ərəfəsində Sadıq Murtuzayevin tapşırığı ilə Moskavada “Starıy Arbata”da baxış keçirdik. “QUM adlandırılan” Moskva Dövlət Univermağında olduq. Maraqlı görüntüləri vərəqlərə köçürdüm.
Passaja dörd tərəfdən giriş var idi. Baş tərəfdəki girişə bir qədər əlavə olaraq milli ornamentləri olan detallar daxil etmişdim. Maraqlı layihə alındı...
Xatırladım ki, Ticarət Passajının ərazisi əvvəllər park idi. Təxminən “Soyuztrans” tərəfdən bir nömrəli məktəbədək uzanırdı. Park əvvəllər Stalinin adını daşıyırdı. Və parkın təxminən ortasında onun büstü də qoyulmuşdu. 1959-1960-cı illərdə Stalinin büstü parkdan götürüldü. Sonradan parkın “Soyustrans” tərəfində ağdamlı mütəfəkkir Süleyman Sani Axundovun heykəli ucaldıldı. Passajın tikintisindən əvvəl isə S.S. Axundovun heykəli Seyidli kəndindəki mənzilinin qarşısında köçürüldü. Əlavə edim ki, S.S. Axundovun mənzilində o dövrlərdə kitabxana fəaliyyət göstərirdi.
Passajın tikintisindən xeyli əvvəl parkın baş tərəfinə yaxın hissəsində dəmir konstruksiyalardan pavilyon-yeməkxana fəaliyyət göstərirdi. Məhiş kişinin işlətdiyi yeməkxana sonradan pal-paltar dükanına çevrildi. Ona bitişik üzü “bir nömrəliyə” baxan tərəfdən dəlləkxana və kiçik ölçülü köşklər fəaliyyətdə idi. Sonradan onların hamısı demək olar ki, söküldü və ərazisi passajın binasına qatıldı.
Naiq Səmədov danışır ki, çöx yüksək ustalıqla inşa edilən passajda işıqlandırmaya ciddi diqqət yetirilmişdi. Belə ki, tavanı bir metrədək yuxarı qaldırmaqla məsələ həllini tapdı. Passajda işıq yanmasa da belə hər tərəf çox işıqlı idi. İçəri hissələr eyni ölçülü dükanlara bölünmüş, ortada isə fəvvarə quraşdılırmışdı. İlk olaraq kolxoz və sovxozların dəstəyi ilə inşa edilən passajın tikintisi iki ilə yaxın çəkdi. Və sonradan Ağdam Rayon İstehlak Cəmiyyətinin balansına verildi. Passajın tikintisi zamanı Abdal-Gülablı kəndinin mərmərindən geniş istifadə edilmişdi...
Hadisələrin başlandığı vaxt erməni silahlılarının atdığı mərmilərin bir neçəsinin passaja düşməsi nəticəsində ərazidə yanğın baş verdi. Və bununlada passajın fəaliyyətinə son qoyuldu.