AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Mehparə Axundovanın “Elm xəzinəsini zənginləşdirənlər”(“Elm”, Bakı-2014,544s.) adlı kitabı nəşr olunub. Modern.az xəbər verir ki, kitabda müəllifin Azərbaycanın görkəmli elm adamları ilə bağlı «Elm və həyat» jurnalında (M.Axundova Azərbaycanda yeganə elmi-kütləvi jurnal sayılan “Elm və həyat”da 40 ilə yaxın müntəzəm olaraq çalışmışdır) çap olunan yazıları ilə bərabər, eyni mövzudan bəhs edən və 2006-cı ildən 2011-ci ilədək İctimai Radionun efirindən səsləndirilmiş «Elm korifeyləri» adlı silsilə verilişinin mətnləri də toplanmışdır.
Müəllif həmin yazıların hər birində alimlərimizin elm aləminə gətirdikləri yeniliklərlə yanaşı, həm də onların bir şəxsiyyət kimi formalaşmasına təsir göstərmiş amillərə və şəxsi həyatları barədə ən maraqlı, ən yaddaqalan məqamlara da aydınlıq gətirməyə çalışmışdır. Azərbaycan mətbuatında elmi jurnalistikanın yaranması və inkişafı baxımından müstəsna rol oynamış bu jurnalda M.Axundovanın funksional analiz məktəbinin yaradıcısı, akademik Zahid Xəlilov, görkəmli fizik, akademik Lətif İmanov, kimyəvi texnologiya nəzəriyyəsinə dair klassik əsərlərin müəllifi və resirkulyasiya prosesləri nəzəriyyəsinin yaradıcısı, akademik Murtuza Nağıyev, Azərbaycanda dilçiliyin əsaslarını qoyan və yeni əlifbanın qəbul edilməsi sahəsində iş aparan öncüllərdən biri – 44(45) yaşında repressiya qurbanı olan Bəkir Çobanzadə, neft yataqlarının işlənməsi və istismsrı üzrə görkəmli alim, akademik Azad Mirzəcanzadə, texnika elmləri doktoru, professor, SSRİ Ali Sovetinin deputatı, Azərbaycan SSR Kosmonavtika Federasiyasının sədri Tofiq İsmayılov, görkəmli ədəbiyyatşünas, akademik Məmməd Arif Dadaşzadə, fundamental tədqiqatlar müəllifi, akademik Çingiz Cuvarlı kimi məşhur Azərbaycan alimlərinin həyatından bəhs edən yazıları vaxtilə “Elm və həyat”ı zənginləşdirən yazılardan olub.
Ümumiyyətlə, topluda yer almış 110 elmi-publisistik məqalə və müsahibənin hər birisi elm dünyasını zənginləşdirməyə xidmət etmiş dahi şəxsiyyətlərin həyatlarının mahir jurnalist qələmi ilə işıqlandırılmış ən parlaq səhifələridir.
Diqqəti cəlb edən çəhətlərdən biri də nadir şəxsiyyətlər haqqında yaddaşlarda iz salmış xatirələrin müsahiblər tərəfindən hərtərəfli işıqlandırılmasıdır.
Elçin Laçın