
“Xahiş edirəm, bu haqda qohumlarımın yanında çox danışmayın. Qaynanamın dediklərinizdən xəbəri yoxdur. Onlar balamı normal uşaq kimi qəbul edirlər. “
3 yaşlı övladının autizmli olduğunu ana bu günə qədər də ətrafdakılardan gizlədir. “Hələ balacadır. Danışacaq, sözə qulaq asacaq” deyib, qohumların xəbər tutmaması üçün, övladını hətta mütəxəssis yanına seanslara göndərmir. Hansı ki, mütəxəssis bu yaşdakı uşağın gələcək inkişafını daha perspektivli edə bilər.
10 ildən çoxdur Defektoloq-loqoped kimi işləyən Şəfəq Məmmədova təcrübəsində bu cür hadisənin ilk olmadığını deyir. Çünki cəmiyyət buna hələ tam hazır deyil. Valideynləri bu cür addıma sövq edən cəmiyyətin bu uşaqlara münasibəti və müayinə zamanı onlara qoyulan diaqnozdur. Autizm ölkəmizdə 2000-ci ildən geniş yayılmağa başlasa da, diaqnoz olaraq o uşaqlara bir müddət əvvəl təyin olunmağa başlayıb. “Bu illər ərzində autizmli uşaqlar müayinədən keçərkən əksəriyyəti əqli gerili, ən yaxşı halda isə nitq inkişafı ləngliyi olan uşaq kimi qeydiyyata alınırdı. Heç bir valideyn uşağına bu adı qazandırıb onun gələcəyini sual altına almaq istəmir. Nəticədə valideyn məsələnin həllini övladını cəmiyyətdən gizlətməkdə görür və özü də bilmədən onun cəmiyyətə aktiv inteqrasiya etmə imkanlarını əlindən alır”.
Türkiyəli özəl təhsil mütəxəssisi Ayhan İşık, ölkəsində bu cür çətinliklərlə nadir hallarda rastlaşır. Orda cəmiyyət bu uşaqlara anlayışlı münasibət göstərməsi ilə fərqlənir. “Türkiyədə belə valideynlərə dəstək çoxdur. Məsələn, dövlət onların hər ay 12 dəfə mütəxəssis təlimlərinə getməsini maliyyələşdirir və əlavə olara pul yardımı edilir. Cəmiyyətimiz bu uşaqlara hörmətlə yanaşır. Belə hallar valideynləri tam əksinə, öz uşaqlarını kimdənsə gizlətməkdən yayındırır”.
Əslində, autizm yeni bir məfhum deyil. Amerikalılar autizmi bir əsirdən çoxdur tədqiq edirlər. Müxtəlif terapiya və təlimlər keçməsinə baxmayaraq rəqəmlər durmadan artır. Amerikanın “Autizm və inkişaf pozğunluğu üzrə monitorinq” ictimai birliyinin apardığı araşdırmalara görə bu gün hər 68 uşaqdan biri autizmlidir. 2 il əvvəl isə bu rəqəm 88 idi. Araşdırmalara görə oğlan uşaqları autizmə qızlardan 5 dəfə daha çox meyllidir və bu sindrom uşaqların əksəriyyətində 3 yaşa qədər özünü göstərir.
“İlk dəfə Azərbaycanda təşkil olunacaq “Azərbaycan Loqopedlər Forumu 2014”ün keçirilməsində əsas məqsədlərdən biri də cəmiyyətimizdə bu sahədə mövcud olan çətinlikləri birgə, mərkəzləşdirilmiş qaydada həlli yollarını axtarıb tapmaqdır.” Forumun təşkilatçısı, Elnaramedia-nın rəhbəri Elnarə Məmmədova hesab edir ki, bu sahədə ciddi və peşəkar addımların atılması üçün birləşmək zamanı gəlib çatıb. “Bir neçə gün əvvəl mediada internat tipli məktəblərdən birində şagirdin birinin digərini qaynar su ilə yandırdığı barədə məlumat yayılmışdı. Məktəb direktoru media nümayəndələrinə uşağı autizm xəstəsi kimi təqdim etmişdi və bu ifadə elə olduğu kimi də efirdə səsləndirilmişdi. Bir anlıq belə övladı olan valideynləri təsəvvürümə gətirdim... Neçə ildir autizmin xəstəlik olmadığını təbliğ edirik, amma mediada onlar hələ də xəstə uşaq kimi təqdim olunur. Məhz bu terminlərin insanlara düzgün təlim olunması üçün “Azərbaycan Loqopedlər Forumu 2014”ü təsis etdim. Əvvəl bu hallarla meydanda hər kəs özü üçün və pərakəndə halda çalışırdısa indi bir cəbhədən mübarizə aparacaq”.
Modern.az saytı xəbər verir ki, “Azərbaycan Loqopedlər Forumu 2014" bir sıra ölkələrdə loqopedlər günü kimi qeyd olunan 14 noyabr tarixində keçiriləcək. Suraxanı RİH və Gənclər idarəsinin dəstəyi ilə rayonun “Gənclər evi”ndə təşkil olunan tədbir səhər saat 10:00-dan başlayacaq. Foruma 5 ölkədən (ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna) mütəxəssislər Online video konfrans vasitəsi ilə qoşularaq və yerli loqoped və bu sahədə ixtisaslaşan tələbələrlə beynəlxalq təcrübəni bölüşəcəklər. Konfrans əlilliyi olan uşaqlar, gənclər və valideynlər uçun açıqdır.
Modern.az