Yeni Azərbaycan Partiyasının (YAP) müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov dekabrın 23-də YAP-ın qərargahında keçirdiyi mətbuat konfransında bələdiyyə seçkilərindən danışıb.
Əli Əhmədov bildirib ki, sayca dördüncü dəfə keçirilən bələdiyyə seçkilərində hakim YAP-ın 16 min 760 namizədi iştirak edib. Onlardan 13 min 404-ü partiya tərəfindən, 3356-sı isə fərdi qaydada namizədliyini irəli sürüb.
Əli Əhmədov deyib ki, YAP nəticələrə böyük ümid bəsləyir. Onun sözlərinə görə, ölkədə irəli sürülən namizədlərdən 40 faizdən çoxu YAP-ın payına düşür.
Əli Əhmədov bildirib ki, seçkilər uğurla keçirilib, qanun pozuntularına yol verilməyib. “Məntəqələrin hər birində müşahidəçilərimiz geniş şəkildə iştirak ediblər və onlar tərəfindən heç bir qanun pozuntusu barədə məlumat almamışıq”.
Modern.az