Zaqatala rayonunun Car kəndi yaxınlığındakı dağlıq ərazidə naməlum şəraitdə itkin düşən şəxsin axtarışı davam edir. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun axtarışları bu gün səhər saatlarında başlayıb və gün ərzində davam edib.
Məlumata görə, yüksək, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan axtarış işlərinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi, kinoloqları və xüsusi təlim keçmiş itləri, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları, yerli sakinlərdən ibarət könüllülər cəlb olunub.
Axtarışlar sabah səhər saatlarından etibarən davam etdiriləcək. Əlavə məlumat veriləcək.