Modern.az

Maştağa idmançıları ilə görüş - FOTOLAR

Maştağa idmançıları ilə görüş - FOTOLAR

Aktual

7 İyun 2021, 13:30

Prezident İlham Əliyevin rəhbərliyi dövründə idmanın inkişafı  dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.

 

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri, 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputat seçilmiş professor Eldar Quliyev Maştağa qəsəbəsində uşaq və yeniyetmə idmançılarla - 23 mayda Qəbələdə keçirilən Cüdo üzrə Klublararası Açıq Birincilikdə yüksək nailiyyət əldə etmiş Maştağa İdman Klubunun üzvləri, onların valideynləri və rayon ziyalıları ilə görüşü zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkəmizin  iqtisadi qüdrətinin yüksəlməsi idmanın inkişafına da müsbət təsir göstərib. Hazırda ölkə başçısının rəhbərliyi altında digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib və nəticədə bu sahədəki uğurlar ildən-ilə artır. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da idmanımızın inkişafına xüsusi diqqət və qayğı göstərir.

 

Koronovirus pandemiyası ilə əlaqədar bəzi çətinliklərin yaranmasına baxmayaraq, artıq yaxın günlərdə idman zallarının yenidən gənclərimizin ixtiyarına veriləciyini bildirən millət vəkili ölkəmizdə aparılan vaksinasiya prosesindən də danışıb, qısa müddətdə kütləvi immunitetin formalaşmasının və pandemiyanın qarşısının alınmasının yalnız vaksinasiya vasitəsilə mümkünlüyünü qeyd edib.

 

44 günlük Vətən müharibəsi dövründə vətənpərvər, mərd Azərbaycan gənclərinin, qəhrəman əsgər və zabitlərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında göstərdiyi şücaətdən və möhtəşəm Qələbədən bəhs edən Eldar Quliyev bu yolda canlarını qurban vermiş şəhidlərimizi ehtiramla xatırlayaraq onların ailələrinin, yaxınlarının və qazilərimizin heç zaman diqqətdən kənarda qalmadığını bildirib. O əlavə edib ki, bu müharibə dövründə dövlət başçısı cənab İlham Əliyev yüksək siyasi iradə və əzmkarlıq nümayiş etdirərək Azərbaycanı sevməyən qüvvələr tərəfindən göstərilən çox böyük təzyiqlərə, xarici müxbirlərin provakasiyalarına layiq olduqları sərt və obyektiv cavablar verdi, onları yerində oturdaraq böyük qətiyyət nümayiş etdirdi. Və qalib dövlətin Müzəffər Sərkərdəsi kimi Ermənistanı kapitulyasiya imzalamağa məcbur etdi. Bir neçə gün qabaq Kəlbəcərdə jurnalistərin və mülki şəxslərin minaya düşərək həlak olmalarını kədər hissi ilə xatırladan Eldar Quliyev bu hadisənin ermənilərin mina xəritələrini gizlədərək mülki şəxslərə qarşı törətdiyi cinayətlərin, terror aktlarının daha bir nümunəsi olduğunu, ölkə və dünya ictimaiyyəti tərəfindən sərt şəkildə pislənildiyini bildirdi.

 

Daha sonra çıxışında gənclərimizin həm mənəvi, həm də fiziki cəhətdən güclü olmalarının vacibliyinə toxunan Eldar müəllim üzünü yeniyetmə idmançılara tutaraq əlavə etdi ki, siz bizim idmanımızın ümidlərisiniz, sizin böyük və parlaq gələcəyiniz vardır. Ona görə siz hər zaman nizam-intizamlı olmalı, məşqçilərinizin sözünə qulaq asaraq davamlı məşq etməli, peşakarlığınızı daim artırmalısınız. Eldar Quliyev əmin olduğunu bildirdi ki, bugünkü uşaq-yeniyetmə idmançılarımız gələcəkdə Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edəcəklər.

 

Sonra Eldar müəllim Cüdo üzrə Klublararası Açıq Birincilikdə qızıl medal qazanmış Əzimli Əli və Mahmudzadə Hüseyni, gümüş medal mükafatçıları Bağırov Həsən, Süleymanov Ramal və Rzazadə Mürsəli, bürünc medala layiq görülmüş Quluzadə Ağarzanı, həmçinin baş məşqçi Mirzəağayev Turalı və köməkçi məşqçilər Süleymanov Fədai və Quliyev Heydəri təbrik edərək onlara pul mükafatları təqdim etdi və gələcək yarışlarda uğurlar dilədi.

 

Sonda uşaq və yeniyetmə idmançılarla və onların məşqçiləri ilə xatirə şəkli çəkdirildi və səmimi söhbət çay süfrəsi arxasında davam etdirildi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı