Modern.az

Çempion bacıların anası: “Sanki yuxuda idim, ayılmağa qorxurdum”

Çempion bacıların anası: “Sanki yuxuda idim, ayılmağa qorxurdum”

Aktual

30 Avqust 2021, 15:25

Azərbaycanı Tokioda keçirilən Paralimpiya Oyunlarında təmsil edən iki bacı çempion olub.  

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və coğrafiya fakültəsinin Ümumi coğrafiya kafedrasının dosenti Zülfiyyə Kərimovanın qızları Dürsədəf Kərimova və Xanım Hüseynova “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarında bütün rəqiblərinə qalib gələrək, ölkəmizə qızıl medal qazandırıblar. Onların hər ikisi paracüdoçudur

 

Zülfiyyə Kərimova övladlarının uğuru barədə Modern.az-a danışıb.

 

- İki çempionun anası olmaq necə hissdir?

 

- Çox gözəl hissdir. Mən bütün analara arzulayıram ki, övladlarının uğurlarını görsünlər. Sanki yuxuda idim, ayılmağa qorxurdum.

 

- Qızlarınızın belə böyük uğur qazanacağını gözləyirdinizmi?

 

-Bəli, gözləyirdim, çünki qızlarım daha əvvəl Avropa çempionu olublar. Onlara inanırdım, ancaq qızıl medal almalarına tərəddüd edirdim.  Ağır döyüşlər olacağını bildiyim üçün qızıl medal alacaqlarına çox da inanmırdım. Bilirdim ki, qızlarım o döyüşdən medalla qayıdacaq.

 

- Övladlarınız idmana neçə yaşlarında başlayıblar?

 

- 10 yaşlarından idmanla məşğuldurlar. Hər ikisi milli komandanın  üzvü olub. İdman Akademiyasında ali təhsil alıblar. Hazırda Fövqaladə Hallar Nazirliyində işləyirlər.

 

- Qızlarınızın möhtəşəm qələbəsini kimə həsr etmək istərdiniz?

 

- Qızlarımın uğurunu zəfərimizə, şəhidlərin ruhuna həsr edirəm. Bu, tək mənim övladlarımın yox, bütün Azərbaycanın uğurudur. Hər zaman vətənpərvər ruhda olmuşam. Övladlarımı Vətən sevgisi ilə böyütmüşəm.

 

Humay İsgəndərova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı