Modern.az

Mənzil problemi ciddi siyasi məna daşıyır – WUF13-də çıxış

Mənzil problemi ciddi siyasi məna daşıyır – WUF13-də çıxış

Aktual

Bu gün, 10:18

Mənzil məsələsinin böhranlara cavab prosesində ikinci plana keçməsinin əsas səbəbi siyasi amillərlə bağlıdır.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Qətər Fondunun Həməd bin Xəlifə Universitetində Dövlət Siyasəti üzrə professor və York Universitetinin fəxri professoru Sultan Barakat “Böhran sonrası bərpa və yenidənqurmanın mərkəzində mənzil məsələsi” adlı panel sessiyada çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müvəqqəti sığınacaqdan fərqli olaraq mənzil məsələsi ciddi siyasi məna daşıyır:

“Münaqişələr əksər hallarda ərazi, insanların məcburi köçürülməsi və müəyyən icmaların yerindən çıxarılması ilə bağlı olur. Buna görə də mənzil məsələsinin siyasi tərəfi olduqca böyükdür”.

Professor qeyd edib ki, mənzilin bərpa prosesində mərkəzi rol oynaması yeni fikir deyil:

“Təxminən 25 il əvvəl bu mövzuda hazırladığım araşdırma bu gün də aktuallığını qoruyur. Hamımız anlayırıq ki, mənzil həm bərpanın, həm də iqtisadiyyatın əsas elementlərindən biridir”.

O həmçinin vurğulayıb ki, mənzil siyasəti hər ölkənin və hər böhranın spesifik şəraitinə uyğun qurulmalıdır:

“Hər kontekstdə mənzilə yanaşma fərqli olacaq. Əgər ortada sülh sazişi, siyasi sabitlik və hökumətin iradəsi varsa, proses daha asan idarə olunur. Amma münaqişə davam edirsə və ya etnik təmizləmə kimi məqsədlər mövcuddursa, bu məsələ olduqca həssas xarakter alır”.

Sultan Barakat beynəlxalq təşkilatların çox vaxt humanitar yanaşmaya üstünlük verdiyini bildirib:

“Humanitar yanaşma insan həyatını xilas etməyə imkan verir və siyasi nəticələrə görə məsuliyyət daşımamaq üçün daha təhlükəsiz model hesab olunur”.

Professorun fikrincə, bu yanaşma məcburi köçkünlərin təşəbbüskarlığını zəiflədir:

“İnsanların öz gələcəyini qurmaq iradəsini və təşkilatlanma qabiliyyətini qorumaq lazımdır. Mövcud humanitar sistem əsasən həyat xilas etməyə fokuslanır, insanların motivasiyasını və gələcəyə inamını qorumağa isə daha az diqqət yetirilir”.

O qeyd edib ki, məcburi köçkün ailələri ilk günlərdən etibarən yenidənqurma barədə düşünməyə başlayırlar:

“İnsanlar müəyyən sabitlik əldə edən kimi gələcək barədə düşünürlər. Biz onların yenidənqurma istəyilə planlaşdırma prosesləri arasında boşluq yaranmasına imkan verməməliyik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı