İslam Mahalov: “Divarlar xəstə ilə həkim arasındakı söhbəti qoruyur”
Modern.az saytının bir neçə gün öncə təqdim edtdiyi “Azərbaycandakı kişi ginekoloqlar” adlı araşdırma maraqla qarşılanıb. Söz vermişdik ki, kişi ginekoloqlardan biri ilə müsahibə də təqdim edəcəyik. Həmin müsahibə hazırdır.
Həkim-ginekoloq dosent-doktor İslam Mahalov bu sahədə nadir adamdır. Çünki ənənəvi olaraq ginekologiyada qadınlar çalışır. Lakin İ. Mahalov bu fikirlə razılaşmır. Onunla söhbəti təqdim edirik:
– Doğrudur, bu ixtisası seçənlərin əksəriyyəti qızlardır. Ginekologiyada vəziyyət təkcə bizdə belə deyil, bütün dünyada belədir. Bu onunla bağlıdır ki, 20-ci əsrin 80-ci illərinə qədər mamalıq-ginekologiya ağır peşə olduğuna görə, ümumiyyətlə, kişi sənəti sayılırdı, lakin emansipasiya ilə bağlı qadınların bu sahədə sayı artdı.
Hazırda Azərbaycanda o qədər də qadın peşəsi olaraq qalmır. İldən-ilə Tibb Universitetinin tələbə oğlanları ginekologiya ixtisasını seçirlər. Türkiyədə, Almaniyada ginekologiya üzrə mütəxəssis kimi yetişən tələbələrimiz var. Həmin ölkələrin özündə, məsələn, Almaniyada ginekologiya şöbələrində kişi mütəxəssislərin sayı 10%-dən çox olmaz. Almaniyada qadın ginekoloqlar çoxdur, amma iş görən, əməliyyat edən, ağırlığı daşıyan kişilərdir.
– Siz bu peşəni niyə seçdiniz?
– Maraqlı sayıb seçdim. Ola bilər ki, bu peşəni seçməyimə oxuduğum bədii ədəbiyyatın, tələbə vaxtı gördüyüm insanların təsiri olub. Mən tələbə olarkən Almaniyada olmuşam. Universitetin mübadilə proqramı var idi. 1995-ci ildə artıq başlamışdı. Mən oradakı ginekoloqları gördüm, ola bilsin ki, oranın da təsiri oldu.
– Neçə ildir ki, bu işdəsiniz?
– 1997-ci ildə Tibb Universitetini bitirdim, 2 il Azərbaycan Tibb Universitetində kliniki ordinaturada və sonra 3 il aspiranturada olmuşam. Aspiranturada olan vaxtı məni bir illiyə Almaniyaya göndərdilər. Berlində Benyamin Franklın adına Universitet klinİkasında qadınlarda çanaq dibi problemləri, sallanmalar və sidik saxlamazlığın müayinəsi və müalicəsi üzrə təkmilləşmə keçdim. 2005-ci ildə artıq Berlinin bir neçə klinikasında endoskopik ginekologiyanı öyrənmişəm. 2006-cı ildən 2010-cu ilədək Berlinin Vivantes Humboldt klinikasında professor Ebertin yanında ildə 4 dəfəyədək təcrübə artırmaya nail olmuşam. 2004-cü ildən Tibb universitetinin I Mamalıq ginekologiya kafedrasını assistenti, 2008- ci ildən həmin kafedranın dosentiyəm.
– İşinizə yeni başlayan zaman ailədə, cəmiyyətdə hansısa qınaqlarla üzləşdinizmi?
– Bizim ailədə əksəriyyət həkimdir. Mənim seçimim həm ailə tərəfdən, həm də universitetin rəhbərliyi tərəfindən dəstəklənib. Bu ixtisası seçərkən, heç kim deməyib ki, bu nə peşədir seçirsən... Bir də bizim peşə elədir ki, çətin anlarda heç kim fikirləşmir həkimi qadındır, yoxsa kişi. Azərbaycan insanları çox plastik insanlardır, yəni yeniliyi tez götürən insanlardır. İndi, ümumiyyətlə, çox az adam deyir ki, qadına kişi baxmaz. Bu gün bu peşəni kişilər daha çox seçirlər. Amma sözsüz ki, bu, elə bir sahədir ki, burada yüz faiz də kişilər işləyə bilməz. Almaniyada kişi həkim-ginekoloq qadını təklikdə müayinə edə bilməz. Otaqda mütləq qadın tibb bacısı, yaxud həkim olmalıdır. Bəzi qadınlar müayinənin kişilər tərəfindən aparılmasından ümumiyyətlə imtina edirlər. Ona görə də kişilər daha çox ginekologiyanın cərrahi və daha ağır hissəsində cəmlənirlər. Ambulator, reproduktiv, gündəlik ginekologiyada daha çox qadınlardır. Burada qadınların rolunu heç kəs əvəz edə bilməz. Operativ, onkoloji ginekologiyada, böyük həcmli, mürəkkəb əməliyyatların aparılmasında kişilərin rolu daha çoxdur.
– Yəni heç bu sözü eşitməmisiniz: “kişi hara, ginekoloq hara...”
– Bunu daha çox yaşlı nəslin nümayəndələri, yaxud cəmiyyətin azsavadlı üzvləri deyir.
– Bu illər ərzində hansı maraqlı və çətin hadisələrlə üzləşmisinizmi?
– Olub. Amma danışmaq istəmirəm. Xəstə ilə həkim arasında nə olursa, bu xəstəxananın divarları arasında qalmalıdır.
– Qadın ginekoloqlar daha bacarıqlıdır, yoxsa kişi ginekoloqlar?
– Bu fərdi bir məsələdir. Həm də kişilər daha tez qərar verə bilirlər. Cərrahiyyə vaxtı qərar qəbul etmə mühüm rol oynayır.
– Son dövrdə qadınlar qeysər əməliyyatına üstünlük verirlər. Bu nə ilə əlaqədardır?
– Qeysər kəsiyi artıq 300 ildir ki, mübahisə mövzusudur. O, Azərbaycanda düşündüyünüz qədər də çox icra olunmur. Şəxsən mən qeysər kəsiyinin nə lehinə, nə də ki əleyhinəyəm. Qeysər kəsiyinin həm müsbət, həm mənfi tərəfləri var. Mənfi tərəfi odur ki, qadının bədəninin tamlığı pozulur, uşaqlıq kəsilib tikilir, nəticədə dərinin üzərində çapıq qalır. Normal doğuş o zaman normal sayılır ki, qadın da, uşaq da sağlam qalır. Və bu şərti qorumaq mümkün olmayanda qeysər kəsiyi köməyə gəlir.
– Bölgələrdə evdə doğuşlar hələ də qalır...
– Bəzi Avropa ölkələrində də bu gün doğuşların bir hissəsi (normal doğuşlar) ev şəraitində mamaçalar tərəfindən aparılır. Amma biz bu sistemi Azərbaycana hələ gətirə bilmərik, çünki onların evdə yaratdıqları şərait xəstəxana şəraitindən daha yaxşıdır. Bizim şəraitdə evdə doğuş mümkün deyil.
– Azərbaycanda uşağın cinsinin “Uzi” vasitəsilə qabaqcadan öyrənilməsi abortların sayını artırıb. Qız uşaqları doğulmadan abort etdirilir. Bəziləri abortun qadağan olunmasına tərəfdardır. Bir həkim kimi siz buna necə baxırsınız?
– Abortların qəti əleyhdarıyam. Ümumiyyətlə, abortlara çox ciddi nəzarət edilməlidir.

Nihadə Eyyubova
***
Həmçinin oxu:
Azərbaycandakı kişi ginekoloqlar - ARAŞDIRMA
//modern.az/articles/25499/1/