İkiqat dünya və Olimpiya çempionu 13 dəfə narkoz altında olub

Modern.az-ın “Tanınmış idmançılar” rubrikasının budəfəki qonağı ikiqat Dünya və Olimpiya çempionu, 2002-ci ildə “Tərəqqi” medalı ilə, 2004-cü ildə isə “Şöhrət” ordeninə layiq görülən Fərid Mansurovdur.
– Sizdən əvvəlki idmançı müsahibələrimiz professional idmana gəlişlərini fərqli-fərqli izah ediblər. Bəs sizin idmana gəlişiniz necə oldu?
–Ailədə iki oğlan olmuşuq və atam hər zaman evə qonaq gələndə bizi güləşdirirdi. Qardaşımla güləşəndə ona qalib gəlim deyə güləşə yazıldım, o gündən idmandan əl çəkə bilmədim. 1992-ci ildə eyni vaxtda həm güləş, həmdə ki, taekvando ilə məşğul olurdum. Bu idmanlarla bərabər dərslərimi də yaxşı oxuyurdum. Sonra qarşımda seçim qoydular ki, iki idmanda birini seçim. Mən də güləşi seçdim.
– Bu yaxınlarda Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, siz Azərbaycanın ən titullu idmançısısınız. Nazir bu baxımdan Olimpiya oyunlarında bayraqdar rolunda sizin çıxış etməyinizi məsləhət görüb. Sizin buna münasibətiniz necədir?
– İlin əvvəlində 2012-ci ilin “İdman ili” elan olunması ilə bağlı nazirlikdə bir toplantı var idi. Orada Olimpiada ilə bağlı müəyyən çıxışlar oldu. Mən də çıxış etdim. Olimpiyada da bayraqdar olmaq məsələsi ilə bağlı danışdım. Dedim ki, 2008-ci ildə Pekin Olimpiadasında bayraqdar idim. Bayraq aparmaq məsuliyyətli və şərəflidir, amma müəyyən problemləri var. Döşəyə çıxacaq idmançılar bunu aparmasın ki, çətin vəziyyətə düşməsinlər. Məsələn, Pekin Olimpiadasında xəstələndim, yarışda da məğlub oldum. Çünki bayrağı aparmaq ağır işdir, yorğunluqdur. Odur ki, bayrağı idmandan uzaqlaşmış Olimpiya çempionlarımız aparsa, daha yaxşı olar.
– Yay Olimpiya oyunlarına sayılı günlər qalır. Bu yarışmada idmançılarımızın perspektivini necə qiymətləndirirsiniz?
– Qabaqcadan proqnoz verməyi xoşlamıram. Amma inanıram ki, yaxşı olacaq. Daha çox güləş, cüdo, boks, ağırlıqqaldırma və taekvando federasiyalarına ümid var.
– Sadaladıqlarınız fərdi mübarizəyə aiddir. Kollektiv idmanda niyə zəif nəticə göstəririk?
– Təklikdə mübarizədə idmançı bilir ki, bunun uğuru da, acısı da bunundur. Kollektiv idmanda hamı təqsiri bir-birinin boynuna atır. Komanda düşüncəsi yoxdur. Hər kəs öz mənafeyini güdür.
– Məşqçilik fəaliyyətinizdən danışaq. Nə vaxtdan sizə bu təklif gəldi ki, yığmaya məşqçilik edəsiniz...

– 2010-cu ildə Bakıda keçirilən Avropa Çempionatında özüm idmançı kimi iştirak edirdim. İlk görüşdən sonra çənəm sındı. Buna baxmayaraq, ikinci görüşü də güləşdim və qalib gəldim. Bundan sonra əməliyyat olundum. Həkimlər yenidən idmana qayıtmağıma 7-8 ay vaxt qoydular. Buda Olimpiya təsnifat turnirləri və dünya çempionatı ərəfəsində idi. Bir azda evdən valideynlər dedi ki, artıq bəsdir, zədələrin çoxdur. Bundan sonra federasiya tərəfindən qərara gəlindi ki, yığma komandaya baş məşqçilik edim. Ondan sonra idmanda uzaqlaşdım və məşqçilik fəaliyyətinə başladım. Ölkəmizdə hər yay Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” turniri keçirilir. Məşqçilik fəaliyyətim ilk olaraq startım oradan oldu və yaxşı nəticə verdi. Sonra sentyabr ayında Dünya çempionatına yollandıq. Orada da biri qızıl, digəri bürünc olmaqla komanda hesabında Azərbaycan yığması üçüncü yerə sahib oldu. 2011-ci il Avropa Çempionatında nəticəmiz daha da yaxşı oldu. Bir qızıl və dörd bürünc medal qazandıq. Həmin il ilk dəfə olaraq komanda şəkilində ikinci yerə sahib olduq. Daha sonra Dünya Çempionatında bir az problemlər oldu və komanda yaxşı çıxış edə bilmədi. Təkcə Rövşən Bayramov çempion oldu. Ümumən Olimpiya yarışlarına iki lisenziya qazandıq. Qarşıda isə üç beynəlxalq təsnifat turniri var idi. Komanda yaxşı güləşmədiyi üçün yarışdan qayıdan kimi öz istefamı verdim. Sonra federasiyanın vitse-prezident təyin olundum.
– Hər bir idmançının idman həyatında çəkindiyi bir rəqibi olur. Belə ki, həmin idmançı hər zaman yarışda ona problem yaradır. Sizin necə ehtiyat etdiyiniz belə bir idmançı olubmu?
– Bəli, olub. Güləşdiyim illər ərzində çəkindiyim idmançı bir türk güləşçidən ehtiyat etmişəm. Həmişə istəmişəm ki, onunla yarışın əvvəlində görüşməyək. İstəmişəm heç olmasa yarımfinalda, ya da finalda görüşək. Adı Şərəf Eloğlu olan həmin idmançı ilə dörd dəfə qarşılaşmışıq. 2004-cü il Olimpiadaya qədər üç dəfə qarşılaşmışdıq və o həmin görüşlərin hamısından mənə qalib gəlib. Qələbədən ötrü hər işə əl atırdı. Düzgün güləş aparmayaraq qalib gəlirdi. Həmişə onunla təmiz güləşirdim. Dördüncü görüşümüz Olimpiadanın finalında oldu. Onun güləşdiyi tərzdə yarışdım və Şərəf Eloğluna qalib gəldim.
– İdmançı kimi əldə edə bilmədiyiniz nailiyyət varmı?
– Avropa çempionatı. Dünya və Olimpiadaya baxanda Avropa çempionatı kiçik səviyyəli yarışdır. İki dəfə dünya, bir dəfə Olimpiya çempionu olsam da, Avropa çempionu olmaq mənə qismət olmayıb. Düzü Avropa çempionatlarında çətin görüşlər keçirmişəm. Axırıncı Avropa çempionatında da zədə aldım. Üç dəfə bu çempionatda iştirak etsəm də, qalib gələ bilməmişəm.
– Bir çox idmançılar zədə üzündən idmandan ayrılır. Sizdə necə oldu?
– 2004-cü ildə olimpiya oyunlarında qalib gəldim və ondan sonra birdə 2007-ci ildə Dünya Çempionatında iştirak etdim. Fasilə verməyimin səbəbi belimdəki zədə oldu. O problemə görə iki il yarım güləşmədim. Moskvada bir ay nə qədər müalicə aldım, xeyri olmadı. Sonradan Almaniyaya getdim. Orada həkimlər mənə dedi ki, güləşi buraxırsansa, heç səni əməliyyat etməyək, elə müalicə edək bəs edər. Güləşməyin xəstəsi olduğumdan girdim əməliyyata. Hər insan bir işdən zövq alır, məndə də budur. Çox istəyirdim güləşəm, amma belə gətirdi. Çox zədə aldığımdan idmanı tərk etdim. 13 dəfə narkoza düşmüşəm. Olimpiya oyunlarında əvvəl üç aydan bir Türkiyədə belimə iynə vurdururdum. Həmin iynələr də narkoz altında onurğaya vurulur. Çənə, boğaz, burun, bel, əl və gözdən də əməliyyat olunmuşam.
– İdmançılardan daha çox kimlərlə dostluq edirsiniz? Kimlərlə sıx əlaqələriniz var?
– Öz komanda yoldaşlarım Vitali Rəhimov, Rövşən Bayramov, İlqar Abdulov. Taekvandoçular Rəşad Əhmədov, Niyaməddin Paşayev, ağırlıqqaldırmadan Nizami Paşayevlə tez-tez görüşürük.
– Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? İnternetdən istifadə edirsiniz?
– İnternetdən istifadə etsəm də, çalışıram az-maz məşğul olum. Facebook-da yoxam. Düzdür, Facebook və Odnoklassnik-də adım-profilim açılıb, amma bu, özüm deyiləm. Kim isə adımdan sui-istifadə edir. Gözlərim xəstə olduğu üçün internetlə çox da maraqlana bilmirəm. Gərək ki, yenidən əməliyyat olunam. Ümumiyyətlə boş vaxt olanda indi yay fəsli olduğu üçün çalışıram ailəyə, valideynlərimə və dostlarıma vaxt ayırım.
– Ailədə oğul övladınız var. İstərdinizmi ki, gələcəkdə oğlunuzda idmançı fəaliyyətinizi davam etdirsin?
– Təhsil həmişə mühüm amildir. İstənilən uşaq məktəblə paralel idmanla məşğul ola bilər. Özüm doqquzuncu sinfə kimi əlaçı olmuşam. Arzum həkim olmaq idi. Elə oldu ki, 1997-ci ildə Yeniyetmələr arasında Dünya Çempionatında ikinci yerə sahib oldum. Artıq bütün təlim-məşq toplanışlarına qatıldım və oxumaqdan uzaq düşdüm. Onunla da həkim olmaq arzum getdi. Şükür olsun ki, idmanda öz yolumu tapdım və həyatımı qurdum. Biz müharibə şəraitində yaşayan ölkəyik. İstərdim ki, uşaqlar həm savadlı, həm də fiziki baxımdan sağlam olsunlar. Bu baxımdan uşaqlara az da olsa, idmandan daddırmaq lazımdır.
– Tanınmış idmançılarla məmurlar arasında da dostluq əlaqələri olur. Məmurlardan kimlərlə dostluq edirsiniz?
– Özüm Vergilər Nazirliyində işləyirəm. Nazirliyin istintaq idarəsinin müstəntiqiyəm. İdmanla bağlı, yığma komanda ilə yarışlarda olduğum üçün işdən azadam. Məmurlarla dostluğa gəlincə, xətrini çox istədiyim Ülvi Quliyevlə və “Neftçi” İdman Sağlamlıq-Mərkəzinin direktoru Sadıq Sadıqovla münasibətim var. Bir də Gənclər və İdman Nazirliyinin müəyyən əməkdaşları ilə dostluq edirəm.
– Heç qol gücünə kimisə “başa salmısınız”?
– Ümumiyyətlə, sülhə meylli adamam. Öz uşaqlarımıza da deyirəm ki, cəmiyyətdə özümüzü nümunəvi aparmalıyıq, nöqsanlara yol verməməliyik ki, haqqımızda pis danışsınlar.
– Hobbiniz varmı?

– Təbiəti, ova getməyi, balıq tutmağı xoşlayıram. Evdə olanda filmlərə baxıram və kitab oxuyuram. Daha çox Çingiz Abdullayevin detektivlərini. Ov üçün daha çox İsmayıllıya, qışda isə Şəkiyə gedirik. Balıq üçün də Pirallahıya. Boş vaxtda köhnə Azərbaycan filmlərinə baxıram.
– Nə vaxtsa film çəkilişlərinə dəvət almısınızmı?
– Bir dəfə dəvət almamışam. Bir-iki dəfə də reklama dəvət ediblər. Azercell, şokolad və Gilletin reklamı olub, səhv etmirəmsə. Sırf idmanla bağlı olsaydı gedərdim. İndi tez-tez telekanallara dəvət alırıq. O zaman soruşuram ki, hansı formatdadır? Görürəm ki, əyləncə, getmirəm.
– Sonda idmana yeni gələn gənclərə nə tövsiyə edərdiniz?
– Həmişə yeniyetmə idmançılarla danışanda soruşuram ki, kim Dünya və Olimpiya çempionu olmaq istəyir? Hamısı əlini qaldırır. Yəni bu onun göstərir ki, uşaqların hamısı çempion olmaq istəyir. Həmin istəyə doğru addımlamaq lazımdır. O qələbəni əldə etmək üçün əziyyət çəkməlisən. Səmərəli əziyyət çəkməkdən başqa gündəlik həyat da böyük rol oynayır. Uşaq var, məşqdə nə deyirsən lazımınca yerinə yetirir, amma məşqdən çıxan kimi avaralıq edir. Məşqdən gedəndən sonra yeməlisən, istirahət etməlisən. Axşam tez yatmalısan ki, səhər vaxtında dura biləsən. Axşam gec yatsa, səhər gəlib məşqi yola verəcək. Onda həvəssizlik belə yaranır. Uşaqlara ilk növbədə yeməyinə, içməyinə, yatmağına, durmağına fikir verməklərini məsləhət görürəm. Müəllim tapşırığı necə deyibsə, elə yerinə yetirmək lazımdır. Yəni ortadan özündən bir iş çıxarma, başa düşmədinsə soruş...


Anar Kəlbiyev