Modern.az

Heydər Əliyevin həyatında Bayram Bayramov “çevrilişi”

Heydər Əliyevin həyatında Bayram Bayramov “çevrilişi”

Ölkə

8 May 2013, 12:05

Mahir Qabiloğlu


“Sadə insanlara qarşı münasibətdə çox sadə davranırdı. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarından ədalətsizlik, satqınlıq, xəyanətlə üzləşmişdi. Elə bu salonda vaxtilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Amma o, prezident seçiləndən sonra bu adamların əksəriyyətini bağışladı və bir daha öz böyüklüyünü göstərdi. Bu gün müzakirə etdiyimiz Amnistiya aktı əslində bağışlamaq nümunəsidir”.
Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın bu çıxışı məndə də müxtəlif xatirələri oyatdı. 1991-ci ilin noyabr ayına qayıtdım. Ən əsası isə o vaxtdan bu günə qədər tapa bilmədiyim və çox adamın mənə yazıçı Bayram Bayramovun qonşusu olduğuma görə verdiyi suala cavab tapdım. Bayram Bayramov həbsdə deyil, haqq dünyasındadır. Amnistiya aktının ona heç bir dəxli yoxdur. Millət vəkili yox, yazıçı Bayram Bayramovun reablitasiyaya ehtiyacı var. Bu isə Milli Məclisin səlahiyyətində deyil. Baxmayaraq ki, bu hadisələr parlamentin divarları arasında baş verib. Düz 22 il əvvəl.












Bəli, Heydər Əliyev prezident seçiləndən sonra o adamların əksəriyyətini bağışladı. Yəqin ki, Bayram Bayramov da bu şəxslərin arasındaydı. Belə olmasaydı Qarabağa Xalq Yardımı Komitəsi ləğv olunardı, ofisi, xidməti maşını əlindən alınardı, Bayram əmi də öldüyü günə qədər həmin qurumun sədri kimi qalmazdı. Fəxri Xiyabanda basdırılmazdı. Mən Bayram əminin çıxışını bircə dəfə gördüm, eşitdim - o da 1991-ci ilin noyabrında - canlı yayımda. Heydər Əliyev onu bağışlamasaydı bu çıxışı onun prezidentlik dövründə dəfələrlə efirə verərdilər.   

Heydər Əliyev onu bağışladı. Görəsən niyə? Bayram Bayramov fit çalmasa da, ayaqların yerə vurmasa da, “reqlament, reqlament!” qışqırmasa da Heydər Əliyevə və özünə yaraşmayan, heç kimin gözləmədiyi bir çıxış etdi. Yazıçı kimi? İnanmıram! Yazıçılar Heydər Əliyevi dünyalar qədər istəyirdilər. Amma  nədənsə Bayram Bayramovun bu çıxışını, ardınca da Bəxtiyar Vahabzadənin nitqini, ümumiyyətlə o iclasda baş verən hadisələri mən Heydər Əliyevin ictimai-siyasi həyatında bir dönüş, çevriliş nöqtəsi hesab edirəm. Ruslar demişkən “Net xuda bez    dobra”.
Jurnalist kimi idarələrdən birinə getmişdim. Müsahibim idarənin rəisi idi. Adını soruşdum. Dedi ki, “Bayram”. Familiyasını soruşdum. Dedi ki, “Bayramov”. Üzümdə bir təbəssüm yarandı: “Hə, nə yaxşı, Bayram Bayramov?”. Ardınca deyəcəkdim, görkəmli yazıçımız, mənim qonşum Bayram Bayramovun adaşı... Macal vermədi. “Bayram Bayramov” yox, “Bayramov Bayram”. Pərt olmuşdum. Gözüm bir nöqtəyə dikilmişdi. Fikirləşirdim ki, görəsən Bayramov Bayram    Bayram Bayramovu tanıyırmı? Yoxsa həyatında bircə dəfə televizorda, 1991-ci ilin noyabrında görüb?

Aprel 1985

Uşaq idim, qapı döyüldü. Gələn qonşu Bayram əmi idi. Atamla görüşdü, öpüşdü. 
- Bayram, nə vaxt qayıtmısan?
- Dünən.
- Ayrıca təyyarə ayrılmışdı. Tanıdığın adamlar idi. Heydər Əliyevçün ağır itkidir. Elə hönkürürdü ki... Biz də bir təhər olmuşduq. Onu belə görməmişdik. Zəhmli, qətiyyətli Heydər Əliyev Zərifə xanım itkisindən yumağa dönmüşdü. Özü də bu yaşda (özünü, atamı nəzərdə tuturdu) həyat yoldaşını itirmək çətin şeydir. Axıracan iştirak etdik. Müslüm “Sənsiz”romansını oxudu. Kişi lap pis oldu.
Ürək dolusu danışırdı bu səfərdən. Bakıdan Moskvaya uçan xüsusi reysli təyyarədə olmasından, bu ailəyə yaxın sayılmasından fəxr duyurdu. Atam da eləcə qulaq asırdı. Axı o vaxt belə mərasimləri televiziyada çox qısqanclıqla verirdilər. 

Oktyabr 1987

1987-ci il idi. Gecə saat 11 olardı. Qapının zəngi çalındı. “Xeyir olsun” deyə atam qapını açdı. Bayram Bayramovun böyük oğlu Fəxrəddin idi - qanıqara, büzüşmüş vəziyyətdə. O evliydi, atasından ayrı yaşayırdı.
-  Fəxrəddin, nə olub?
-  Qabil əmi, faciə baş verib.
Məsələ aydın idi. Fəxrəddin qapını döyübsə və bədbəxtçilikdən danışırsa deməli ya Bayram əmi ölüb, ya da həyat yoldaşı Zümrüd xala. Amma hər ehtimala bir də soruşdu:
- Fəxrəddin, nə olub axı?
- Qabil əmi, indicə xəbər gəldi ki, Heydər Əliyevi SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini və Siyasi Büronun üzvülüyündən azad ediblər.
- Mən də elə bildim ki, Bayram ölüb.
Dərindən nəfəs aldı. Amma Fəxrəddinin “faciə baş verib” sözləri indi də qulağımdadır. Bu sözlər onun yox, atasının idi. Qarabağlı olan Bayram Bayramov artıq hiss edirdi ki, bu addımdan sonra  Azərbaycanda nələr baş verəcək. İndi isə bu, artıq heç kimə sirr deyil.
 
Xalq cəbhəsi, yoxsa Qarabağa Xalq Yardımı Komitəsi?

Xalq Cəbhəsinin tüğyan edən vaxtı idi. Sovet rejiminin “parçala, hökm sür” siyasəti isə hələ də qalmaqda. Təşkilatı məhv etmək üçün əvvəl parçalamaq lazım idi. Xalqın əksəriyyəti isə həqiqətən də Xalq Cəbhəsinə rəğbət bəslədiyindən parçalamaq mümkün olmurdu. Amma cəhd edirdilər. Belə cəhdlərdən biri də “Qarabağa Xalq Yardımı Komitəsi”nin yaradılması olur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Əbdürrəhman Vəzirov, Nazirlər Kabinetinin sədri Ayaz Müyəllibov və digər başbilənlərin rəyi ilə Komitənin sədri vəzifəsi xalq yazıçısı İsmayıl Şıxlıya təklif olunur. O isə imtina edir. Ondan “kimi bu vəzifədə görürsünüz” sualına cavabı yek olur: “Bayram Bayramov. Qarabağlıdır. O zonanı da çox gözəl tanıyır. O yerlərdə də böyük hörməti var”.   
Buna şübhə eləyənlər Qarabağın, Mirzə Cəlilin, Həmidə Cavanşirin həyatından yazılan “Karvan yolu” romanını oxusalar, bəs edər. 
Yay ayı idi. Qonşumuz ailəsiylə Ağdamda – kəndlərində dincəlirdi. Hüsü Hacıyev küçəsindəki evimizin həyətindəydim. Qara bir “Volqa” dayandı. Bayram əmi maşından düşdü. Tək idi. Qabağına qaçdım, görüşdüm. Əlində çantası vardı. Əlindən aldım. Bir yerdə 4-cü mərtəbəyə qalxdıq. 72 yaşlı Bayram əmi pilləkanları böyük ruh yüksəkliyi ilə üç-üç qalxırdı. Nə baş verdiyini isə sonra bildim. Bayram əmi komitə sədri olmuşdu. Özü də xüsusi səlahiyyətlərlə. Qısa bir zamanda binanı təmir elətdirib, işçiləri yığdı. Təkcə Nurəddin, Cümşüd adları yadımda qalıb. Hamısı bu ümümi işə ürəklə qoşulmuşdular. Mətbu orqan yaratdı. Adını Demokratik Xalq Cümhuriyyətinin orqanı olmuş “Azərbaycan” qoydu. Xalq hərəkatının fəallarından olan Sabir Rüstəmxanlını baş redaktor təyin etdi. “Azərbaycan” sözünün “A” hərfini isə Aypara və səkkizguşəli ulduz kimi təsvir etdilər. Azərbaycanda Sovet Hakimiyyətinin hələ də mövcud olduğu bir dövrdə. Qəzetdə çap olunan məqalələr, məlumatlar “Azadlıq” qəzetinə nəinki alternativ oldu, ötdü keçdi. Hətta xalq hərəkatının inkişafında xüsusi rol oynadı desəm yanılmaram. Komitəyə verilən xüsusi səlahiyyətlər və maliyyə yardımı nəticəsində Qarabağ zonasında əməli işlərə başlandı. O regionun  Raykom katiblərinin səlahiyyətləri demək olar ki, komitəyə verilmişdi. Cınqırını çıxardanı Bayram əminin bircə sözüylə işdən qovurdular. Bayram əmimin vertolyotları da vardı (təki olmayaydı). 
Bir az keçdi. Bayram əmim deputat seçildi. Xalq hərəkatıyla birgə fəaliyyət planları, ermənilərin dinc yolla köçürülməsi isə başqa bir yazının mövzularıdır. Bu məsələləri məndən də yaxşı bilənlər, şahidi olanlar var. Hələ ki, sağdırlar. Memuar janrı isə onların yolunu gözləyir.
Mətləbdən uzaqlaşmayım. Bayram əmim çox irəli getmişdi. Ona icazə verilən vəzifə həddini də keçirdi. Qarabağa dəxli olmayan, amma sosial problemlərində boğulanlar da ona üz tuturdular. O da həmən həll edirdi. Yuxarıdakılar da ağasaqqallığına görə də dinə bilmirdilər. Vəzirovu, Elmira Qafarovanı, Ayaz Mütəllibovu adıyla çağırırdı. Hərdən “oğlum, qızım” sözü də əlavə edirdi. Telefonda üstlərinə qışqırırdı. Demək olar ki, saymırdı. “İstəmirsiniz, azad edin” deyirdi. Amma bacarmırdılar. Xalq Cəbhəsinə tələ qurmuşdular, özləri düşmüşdülər. Bu fikirləri elə-belə demirəm. Məqsədim var.
Günlərin bir günü atam Yazıçılar Birliyinin sədri Anara müraciət etdi ki, məktub yaz mənə maşın versinlər. Anar da yəqin qanıqara vaxtına düşüb ya nə məsələdir bilmirəm (sonra bildik) atama acı cavab verib: “Qabil, mənim maşın zavodum-zad var ki, sənə maşın verim?”.
Sovet vaxtı “Volqa”- QAZ-24-10 almaq hər adamın işi deyildi. Ancaq yazıçılar, bəstəkarlar, rəssamlar, bir sözlə sənətkarlar üçün bu, problem sayılmırdı. Sadəcə ittifaqların sədrləri məktubla yuxarı müraciət etməliydilər. Buna da Anar rədd cavabı vermişdi. Nə isə atam dilxor vəziyyətdə gəlir Komitəyə - Bayramın yanına. Anarın bu hərəkətini ona danışır. Bayram əmi isə  Anarı qınamayır. Mitinqlərdə ad çıxaran Qabilçün Mərkəzi Komitəyə məktub yazmağın nə olmasını başa düşürdü. Həmən hökumət telefonunun dəstəyini götürüb zəng edir:
- Bir dənə Qabilə, bir dənə də mənə - Volqa Qaz 24-10.   
- ....
- Hansı qapıya gəlsin?
-           .....
- Gəlir. 
Dəstəyi qoyandan sonra. “Qabil yaxşı ki, gəldin. Mənim də yadıma saldın. Maşınım köhnəlmişdi. Ayazla (Ayaz Mütəllibov) danışdım. Dedi ki, sənədləri hazırlayırlar. Get Nazirlər Kabinetinin filan qapısına. Mən işdən çıxa bilmirəm. Mənim sənədlərimi də götür, özününkünü də. İki qonşu gərək təzə Volqada gəzsin”.
Atam da sevincək gedir Nazirlər Kabinetinə. Orda onu Ticarət şöbəsinin müdiri (səhv etmirəmsə qadın idi) qarşılayır. Elə qarşılayır ki, Anar onun yanında toya getməli olur. Atam da qadın olmasına baxmayaraq ağzından çıxanı deyir, qayıdır təzədən Bayramın otağına ki, “bəs, Bayram, məni hara göndərmisən? Hal elə, qaziyyə belə”.
Bayram əmi də yenidən zəng edir Ayaz Mütəllibova, nə deyir, nə demir bilmirəm. O da telefon qulağında şöbə müdirinə nələr deyir, nələr demir bilmirəm. Onu ancaq təsəvvür etmək lazımdır. Yenidən Bayram əmiyə deyir ki, bəs dərslərin verdim, Qabil müəllim gəlsin sənədləri götürsün. Bayram əmi də “Qabil gəlməyəcək. Kabinetimə gətirsinlər” deyir. Yarım saatdan sonra sənədlər  iki qonşunun əlində olur. Bu əhvalatı da danışmaqda məqsədim var.
Misalları çox çəkə bilərəm. Bayram əminin həll edə bilməyəcəyi bir məsələ yox idi.
Nəhayət 1991-ci ilin noyabrı. Heydər Əliyevin tarixi çıxışı zamanı bəziləri təpiklərin yerə vurdular, bəziləri “reqlament!” qışqırdılar, fit çalan da oldu. Nə o vaxtkı prezident Ayaz Mütəllibov, nə də Milli Məclis rəhbərliyi bir reaksiya verdi. Sakitləşdirməyə də çalışmadılar. Bu azmış kimi çıxışdan sonra xoruz banları da eşidilməyə başlandı. Hamısı da partokratlar.    Nəhayət, Bayram Bayramov. Düzün desək, gözləmirdik. Nə idi bu. Yuxarı eşalonun Heydər Əliyevə qarşı qurduğu ssenari? Yoxsa ki, Bayram Bayramovun ürəyindən gələn sözlər? Birinciyə daha çox oxşayırdı. Əvvəl onlar Bayram əminin toruna düşmüşdülər. İndi isə Bayram əmi torda çapalayırdı. Və son. Heydər Əliyevin Bayram Bayramova cavabı. “Deyirsən ki, Qarabağ indiki kimi bizim olmayıb. Qabilin yazısını özün çap eləmisən ki... “Yar bizim, dad özgənin””. 
Qabilin prezident Ayaz Mütəllibova ünvanladığı və Bayram Bayramovun xüsusi göstərişiylə “Azərbaycan” qəzetində çap olunan 24 sualından biri. Necə deyərlər, Heydər Əliyev Bayram əmiyə həm “Şah” verdi, həm də “Mat” . Bayram əminin eqoyla dolu bu çıxışını çoxları    “Maniya veliçiya” adlandırdı. Ayaz Mütəllibovun, Vəzirovun bais olduğu və sonda da məhv etdiyi meqalomaniya. İki nəfər görkəmli şəxsə qarşı hücum hazırladılar. Qarabağa Xalq Yardımı Komitəsinin sədri, millət vəkili Bayram Bayramovu məhv etdilər. Cismani yox, mənəvi. (Elə cismani də. Çünki bu hadisədən sonra Bayram əmi xəstəlik tapdı, ondan da öldü.) 
Amma xalq yazıçısı Bayram Bayramovu yox. Ertəsi gün Bəxtiyar əmi də çıxış etdi. Hamını yerində oturtdu. İstəməzdim belə olsun, amma Bayram əmimi də. Bu çıxış elə məhz ona ünvanlamışdı. Bu çıxışdan sonra zehnlərdə bir inqilab baş verdi. Heydər Əliyevə ürəklərdə onsuz da mövcud olan məhəbbət toxumları cücərməyə başladı: “Bəxtiyar müdafiə etdisə biz də müdafiə etməliyik. Qabil danışırsa, biz də danışmalıyıq. 91-lər “Heydər Əliyev” deyirsə,    milyonlar da deməlidir”. 
Bu gün də fikirləşirəm. Bəlkə də Bayram Bayramovun bu təşkil olunmuş çıxışı olmasaydı, Bəxtiyar Vahabzadə də çıxış etməyəcəkdi. Ürəklərdə yaşayan toxumların üstünə işıq da salınmayacaqdı.
Heydər Əliyev Bayram Bayramovu bağışladı. Komitə sədri, millət vəkili, Vəzirova, Mütəllibova, Elmira Qafarovaya “oğlum, qızım” deyən Bayram Bayramovu yox, bir xalq yazıçısı, Dövlət Mükafatı laureatı, cild-cild romanların müəllifi, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi  Bayram Bayramovu. Böyüklük göstərdi. Ayaz Mütəllibovu isə bağışlamadı. Bu illər ərzində məndən “Bayram Bayramov niyə axı belə etdi?” soruşanda, ““Maniya veliçiya”dır” cavabını verirdim.
Amma yanılmışdım. Demə o vaxt tribunada - Heydər Əliyevə “Qarabağ indiki kimi bizim olmayıb. Gəl mindirim səni vertolyota aparım gəzdirim” deyən - 1971-ci ildə Heydər Əliyevin əmriylə “Dövlətnəşrkom”un sədr müavini vəzifəsindən çıxarılan, sonralar Vəzirovun, Mütəllibovun əmriylə Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsinə təyin edilən, deputat, bir sözlə məmur Bayram Bayramov imiş. Onu belə danışdıran keçmişdən qalan, vəzifəli adamlara məxsus kin və indi əlinə düşən fürsət imiş. Yuxarıdakılar bu kartdan fərasətlə istifadə etmişdilər. Vəzifə 40 illik bir yazıçı ömrünün üstündən məharətlə xətt çəkmişdi.
Heydər Əliyevin 90 illiyi münasibətilə Amnistiya aktı böyük addımdır. Bu dövlətimizin birinci addımı deyil, sonuncu da olmayacaq. Son 20 ildə çox belə addım atıldı. Surət Hüseynovlar, Rəhim Qazıyevlər, İsgəndər Həmidovlar, Nəriman İmranovlar, OMON-çular bağışlandı. Hətta Heydər Əliyevi sevməyən, yaş senzi təyin edərək bir vaxtlar onun yenidən hakimiyyətə qayıdışına əngəl olmaq istəyən Ayaz Mütəllibov da yaddan çıxdı, bağışlandı. Hətta Əjdər Xanbabayevin qətli də unuduldu. Bəs Bayram Bayramov necə? 1991-ci ildən bəri ilk dəfədir ki, mən adını çəkməyə cəhd etdim. Bayram əmi deyərək. Amma ailəsi, qohumları, mən - keçmiş qonşusu “Azərbaycanın görkəmli xalq yazıçısı Bayram Bayramov” adının, xatırlanmasını hələ də gözləyirlər. Heç kim qadağan etməyib bunu, hörmətli yazıçılarımız, tənqidçilərimiz. Heydər Əliyev bağışlayıbsa, Siz də bağışlayın. Bayramov Bayram, sən də bağışla. 
Pəncərədən bayıra baxıram. Artıq 2013-dür. Uzaq 1991-dən 22 il ötür. İdarə rəisi Bayramov Bayramdan müsahibə götürürəm. Danışıb, qurtarır. Yenə də xatırladır: “Bax a, çaşıb Bayram Bayramov yazarsan. Mən Bayram Bayramov deyiləm, Bayramov Bayramam”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı