Azərbaycanda biz dünyanın ən böyük mina çirklənməsi problemlərindən biri ilə üz-üzəyik. Milli hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 min 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib.
Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərlərin yenidən qurulması: humanitar mina təmizlənməsinin həlledici rolu” adlı tədbirdə ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə bir milyondan çox mina qalmaqdadır və bu da bərpa və yenidənqurma işləri qarşısında ciddi maneələr yaradır.
“Bu genişmiqyaslı çirklənmənin insanlara təsiri də olduqca ağırdır. Münaqişənin başa çatmasından sonra 425 nəfər mina və partlayıcı sursatların qurbanı olub. Bu fakt göstərir ki, aktiv hərbi əməliyyatlar bitsə də, mülki əhali üçün təhlükə davam edir.
Eyni zamanda bir həqiqət də aydındır: mina təmizlənməsi olmadan bərpa mümkün deyil”.
Sədr xatırladın ki, 2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu çağırışın aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib:
“2020-ci ilin noyabrından etibarən 272 mindən çox hektar ərazi təmizlənib, 252 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Lakin humanitar minatəmizləmə fəaliyyəti yalnız mürəkkəb və vaxt aparan proses deyil, eyni zamanda böyük maliyyə resursları tələb edir. Mina fəaliyyəti üçün təxminən 500 milyon ABŞ dolları ayrılıb və bunun 96 faizi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilib”.
V.Süleymanov əlavə edib ki, bu fakt Azərbaycanın güclü milli potensialını və təhlükəsiz bərpa, yenidənqurma və qayıdışı təmin etmək istiqamətində siyasi iradəsini açıq şəkildə nümayiş etdirir.
“Minatəmizləmə yalnız insan həyatını xilas etmir, həm də bərpa və yenidənqurmanın əsasını təşkil edir. Bu proses yaşayış evlərinin tikintisi, infrastrukturun bərpası, kənd təsərrüfatının və nəqliyyat şəbəkələrinin dirçəldilməsi, iqtisadi inkişafın təmin olunması üçün zəruri şərait yaradır.
Ən vacibi isə mina fəaliyyəti insanların öz evlərinə təhlükəsiz şəkildə qayıtmasına və həyatlarını yenidən qurmasına imkan verir”.
O həmçinin vurğulayıb ki, son illərdə Azərbaycan humanitar minatəmizləmə fəaliyyətini milli bərpa prioritetləri ilə əlaqələndirmək istiqamətində geniş işlər görüb:
“Bu fəaliyyət dövlət proqramı çərçivəsində ümumi bərpa, yenidənqurma və inkişaf prosesinə tam inteqrasiya olunub.
Təmizləmə və tikinti işlərinin paralel aparılması nəticəsində hazırda səkkiz şəhər və 33 kənddə genişmiqyaslı quruculuq işləri davam edir və artıq 35 mindən çox keçmiş məcburi köçkün təhlükəsiz yaşayış məntəqələrinə geri qayıdıb”.