Modern.az

Kılıçdaroğlu CHP-yə qayıdacağını təsdiqlədi, Özel etiraz etdi - Türkiyə çalxalanır

Kılıçdaroğlu CHP-yə qayıdacağını təsdiqlədi, Özel etiraz etdi - Türkiyə çalxalanır

Dünya

Bu gün, 11:52

Türkiyənin gündəmi ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında baş verənlərlə çalxalanır. CHP-nin 4-5 noyabr 2023 tarixli 38-ci qurultayının qərarı məhkəmə tərəfindən “mütləq etibarsızlıq” (“mutlak butlan") hesab edilərək ləğv olunub. Məhkəmə qərarı ilə 38-ci qurultayın CHP-yə sədr seçdiyi Özgür Özel postundan uzaqlaşdırılıb, Kemal Kılıçdaroğlu yenidən rəhbərliyə qaytarılıb.

Modern.az xəbər verir ki, Türkiyə KİV-nə istinadən xəbər verir ki, məhkəmənin dünənki qərarından sonra CHP sədri Özgür Özelin başçılığı ilə toplanan Mərkəzi İdarə Heyətinin fövqəladə iclası 5 saat davam edib. CHP Mərkəzi İdarə Heyəti “qərargahı tərk etməmək” qərarı çıxarıb.

Özgür Özel məhkəmənin "mutlak butlan" qərarının hakim AK Partiyanın himayəsilə çıxardığını istisna etməyib.

“Biriləri bizim qurultayı qazanmağımızı qəbul etmədi. Digərləri isə yerli seçkilərdə qalib gəlməyimizi həzm edə bilmədi”.

Özgür Özelin sözlərinə görə, CHP “mütləq etibarsızlıq” qərarının ləğvi üçün “Yargıtay”a (ən yüksək mülki və cinayət apellyasiya məhkəməsi) etirazını bildirib. CHP bu gün Ali Seçki Qurumuna da müraciət edəcək.

“Yargıtay-ın bu müvəqqəti qərarı ləğv edərək Türkiyəni bir fəlakətdən xilas etməsini gözləyirik”, - Özgür Özel vurğulayıb.

“Biz hüquqi mübarizə aparırıq. Bizə verilən bayrağı yerə qoymarıq. Xalqa borcumuz var; nə xalqı, nə də partiyanı yarı yolda buraxmayacağıq”.


Kemal Kılıçdaroğlu ilə danışıb-danışmadığı barədə suala cavabında Özgür Özel bildirib:  “Telefonuma çox sayda zəng gəlib. Zəng edənlər arasında cənab Kılıçdaroğlu da var. Onun telefonuna hələ geri dönüş etməmişəm. Onsuz da geridönüş etsəm nə danışacağıq? Mən cənab Kılıçdaroğlunun əvvəllər şərəflə seçildiyi CHP-nin sədrlik kreslosuna belə bir məhkəmə qərarı ilə geri dönmək istəyəcəyini ehtimal etmək belə istəmirəm. Amma bəzi açıqlamalar və yanaşmalar buna işarə edir. Lakin Kılıçdaroğlunun telefonuna hər halda bir şəkildə geri dönüləcək”.

Özgür Özel CHP binası önündə toplanan izdiham “xain Kemal” şüarları səsləndirərkən belə deyib:

“Hamını mübarizəyə, müqavimətə və meydanlara çağırıram. Ata ocağını qorumaq üçün növbədəyik, müqavimətdəyik. Əgər bu izdihamdan nəticə çıxarmırlarsa, lazım olsa, gücümüzdən istifadə edəcəyik. Amma təslim olmayacağıq. Buradan sonra baş verəcək heç bir şeyin məsuliyyəti mənim deyil. Məsuliyyət bu çevrilişçilərə aiddir”.

Məhkəmənin CHP rəhbərliyinə qaytardığı Kemal Kılıçdaroğlu “mutlak butlan” qərarını dünən iş ofisində olarkən alıb. O, qərardan sonra sosial media hesabında etdiyi ilk paylaşımda dolayı şəkildə CHP sədrliyi vəzifəsini qəbul etdiyini açıqlayıb:


“CHP şəxsi ambisiyaların mübarizə meydanı deyil. CHP xalqımızın suverenlik sənədidir. 38-ci növbədənkənar qurultayımızla bağlı məhkəmənin verdiyi qərar bir parçalanma səbəbi deyil, əsrlik çinarımızın altında birləşmək üçün bir fürsət olmalıdır. Bu gün bir-birimizə sevinc qışqırıqları ilə zərər vermə günü deyil. Bu gün inciklikləri kənara qoyub ciddiyyətlə, sakitliklə və qucaqlaşaraq ayağa qalxma günüdür. Bu prosesi “kaş ki»lərlə yox, ciddiyyətlə, partiya mədəniyyətimizdən gələn səmimiyyətlə və ortaq ağılla idarə etməliyik. Şəxsi ambisiyalar yox, Türkiyənin gələcəyi əsasdır. Bu çərçivədə prosesi əvvəlki ümumi sədrlərimizlə, CHP Məclisi üzvlərimizlə, millət vəkillərimizlə, il və rayon sədrlərimizlə tam uyğunluq və əməkdaşlıq içində aparacağıq. Heç kim narahat olmasın, partiyamızı bu mübahisələrdən çıxaracaq və iqtidara doğru yürüşü davam etdirəcəyik. Hamını sakitliyə və ortaq ağıla dəvət edirəm. Biz bir yerdəyik”.

Qərarı ofisində öyrənən Kılıçdaroğlu bir müddət sonra evinə gedib və orada bəzi millət vəkilləri ilə görüşüb.

Türkiyənin ədliyyə naziri Akın Gürlek də məhkəmənin CHP barədə çıxardığı “mutlak butlan” qərarına münasibət bildirib.

Məhkəmənin mühüm bir qərara imza atdığını bildirən Gürlek belə deyib:

“Bu qərarın mərkəzində birbaşa demokratik iradənin qorunması dayanır. Çünki hansı partiya olursa-olsun, nümayəndənin və üzvün iradəsinin mənfəət, təzyiq və ya yönləndirmə ilə pozulması qəbul edilə bilməz. Xüsusilə vurğulamaq lazımdır ki, bu proses birbaşa Cümhuriyyət Xalq Partiyası nümayəndələrinin müraciətləri ilə başlamış, yenə CHP nümayəndələrinin bəyanatları və şahidlikləri ilə formalaşmışdır. Məhkəmə orqanları da qarşılarına çıxan iddiaları, istintaq dosyelərini, şahid ifadələrini və əldə edilən dəlilləri diqqətlə araşdıraraq müstəqil və tərəfsiz şəkildə qərar vermişdir”.

Akın Gürlek onu da bildirib ki, bu qərardan apellyasiya şikayəti üçün yol açıqdır.

“Proses hüquq sistemi daxilində davam edəcək. Hamının bu prosesə hörmətlə yanaşması və qiymətləndirmələrini hüquq çərçivəsində etməsi, etirazlarını isə hüquq sistemi daxilində bildirməsi böyük əhəmiyyət daşıyır”, - nazir əlavə edib.

Bəzi siyasi ekspertlər baş verənlərin Cümhuriyyət Xalq Partiyasının parçalanacağına gətib çıxaracağını bildirilər.

Ə.Qafarlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı