Modern.az

İcra başçısı düşmənlə üz-üzə dayanan əsgərlərlə görüşdü

İcra başçısı düşmənlə üz-üzə dayanan əsgərlərlə görüşdü

Təhsil

17 Mart 2014, 13:56

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri qarşıdan gələn Novruz Bayramı münasibətilə cəbhə bölgəsində, düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirib.  

Modern.az xəbər verir ki, icra başçısı hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb. Alı Alıyev Novruz bayramının xalqımızın ən sevimli bayramlarından biri olduğunu, Azərbaycan torpağında həmişə əziz tutulan bu bayramın verdiyi tükənməz mənəvi güc sayəsində əsgərlərə gələcəyə daim ümidlə baxmağı tövsiyyə edib.

Şəxsi heyyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.

Ali Baş Komandan İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artırıb, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub”.

Alı Alıyev əsgərlərə Vətənin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulayıb.

Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.







Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı