
Ermənistan Futbol Federasiyasının (EFF) təşkilatçılığı ilə işğal altında olan Azərbaycan ərazilərində məşqçi kursu keçirilir. Bununla bağlı Azərbaycan Futbol Federasiyası Assosiasiyası (AFFA) qarşı tərəfə etirazını bildirib və UEFA-ya məlumat verib.
Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın Konqresində iştirak etmək üçün Qazaxıstanın Astana şəhərində səfərdə olan AFFA-nın baş katibi Elxan Məmmədov UEFA nümayəndələrinə bu barədə məlumat verməklə EFF-nın Azərbaycan ərazisində məşqçi kursları keçirməsindən narazılığını ifadə edib. E.Məmmədov həmçinin Ermənistan Futbol Federasiyasının baş katibi ilə də görüşərək AFFA-nın narazılığını bildirib. EFF rəsmisi keçirilən məşqçi kursunun beynəlxalq status daşımadığını deyib və AFFA-nın narazılığının nəzərə alınacağını qeyd edib.
Qeyd edək ki, AFFA 2008-ci ildə UEFA-nın B və A məşqçi kursları konvensiyasına, 2 il sonra isə Pro konvensiyasına qoşulub və konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan ərazisində C, B, A və Pro kurslarını təşkil etmək səlahiyyəti yalnız AFFA-ya məxsusdur.
Rafiq Qənbərov