Hazırda dünyada mövcud olan beynəlxalq münasibətlər sistemi, dövlətlərarası münasibətlərin tənzimlənməsi məsələsi politologiyada, elmi nəzəriyyələrdə aydın şəkildə göstərilir. Beynəlxalq hüquqa əsaslanan bu metodologiyalar yalnız kağız, üzərində, kitablarda, imzalanan sənədlərdə qorunub saxlanılır.
Təəssüf ki, real siyasətdə, praktikada vəziyyət fərqlidir. Siyasi və hegemon maraqlara əsaslanan oyun qaydaları dünyada geosiyasi prosesləri xeyli kəskinləşdirib. İkili standartlar və ikiüzlü siyasət bir sıra regionlarda, o cümlədən Dağlıq Qarabağda separatizmə böyük dəstək olur. Bu gün dünyada gerçəkləşən siyasət, mövcud standartlar nəinki münaqişələrin həllinə müsbət təsir etmir, əksinə daha yeni konfliklərin yaranmasına gətirib çıxarır. Hətta separatizm meyllərinin güclənməsinə, separatçıların ruhlanmasına təkan verir.
ABŞ-ın Kaliforniya ştatının senatorları qondarma Dağlıq Qarabağdakı separatçı qurumu tanıması ilə bağlı qərar qəbul etməsi dünyada mövcud olan ikili standartlarının acınacaqlı nəticələrindən biridir. Bir tərəfdən ABŞ ATƏT-in Minsk qrupuna həmsədrlik edir, münaqişənin həllinə cəhd göstərir, digər tərəfdən belə səfeh addımlar atılır. Dağlıq Qarabağ münaqişəsinin ilk yaradıcılarından olan Rusiya da həmçinin eyni siyasəti başqa formada təkrar edir. Rusiya ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq ki, erməniləri hərbi cəhətdən təlimatlandırır, onlara dəstək olur. Belə ziddiyyətli siyasətin fəsadları göz önündədir.
Bu gün Ukraynada Rusiyanın dəstəyi ilə baş qaldıran separatizmə münasibət fərqlidir. ABŞ, Avropa ölkələri birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər və həmin dövlətə bütün sahələrdə dəstək olurlar. Qərbin bu cür reaksiyası Ukraynada separatizmin qarşısını almaq niyyətindən xəbər verir. Hətta NATO rəsmiləri ən yüksək səviyyədə separatçılara qarşı mübarizə aparılacağını, separatçıların məhv ediləcəyini birmənalı şəkildə bəyan edirlər. Ümumilikdə, separatizmə qarşı belə mübarizə metodologiyası, bu məsələyə dəstək olmaq çox normal haldır. Hər zaman belə olsaydı konfliktlərin həllində vəziyyət daha yaxşı olardı.
Bəs, bu metodoliogiya niyə görə, Dağlıq Qarabağdakı separatçılara qarşı tətbiq olunmasın?
Cənubi Qafqaz bölgəsində sabitliyi pozan həmin ermənilərə qarşı antiterror əməliyyatı niyə aparılmasın? Niyə görə dünyanın bəzi aparıcı dövlətləri Dağlıq Qarabağla bağlı tərəddüdlü mövqe nümayiş etdirsin? Axı zamanından, məkandan asılı olaraq terror, separatizm eyni mahiyyətlidir. Təbii ki, burada dünyanın ikili standartları, dini qütbləşmə, Qarabağ həqiqətlərini qəbul etməmək məsələləsi və digər məqamlar var.
Bu münaqişədə ən ciddi problemlərdən biri odur ki, Qərb Dağlıq Qarabağla bağlı həqiqəti qəbul etmək istəmir. Bununda mahiyyəti ondan ibarətdir ki, təcavüzkarla təcavüzə məruz qalana qarşı eyni münasibət olmamalıdır. Politologiyada, elmi nəzəriyyələrdə göstərilən metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı kağız, üzərində, kitablarda qalır.
Təbii ki, ikili standartlardan, separatizmə dəstəkdən uduzan isə qlobal geosiyasətdir. İkili standartlar tədricən beynəlxalq hüquq sistemini iflic vəziyyətinə salır. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir.
Nəhayət, böyük dövlətlər bunun fərqində olmalıdırlar. Çünki vaxtılə ABŞ-ın xeyir-duası ilə yaranan bəzi təşkilatlar sonradan Amerikanın özünün əleyhinə çevrildi. Dünya üçün potensial təhlükə mənbəy oldu. Onu da unutmaq olmaz ki, Rusiyanın dəstək verdiyi keçmiş SSRİ məkanında formalaşan separatçı qruplar nə zamansa elə Rusiyanın özünün başağrısına çevriləcək.
Bir sözlə separatizm tələsinə Rusiyanın, digər ölkələrin düşmə ehtimalı çox böyükdür. Bu bəlkədə separatizm deyil başqa formada zühur edəcəyi gözləniləndir. Bu da hal-hazırda dünyada mövcud olan 60-dan artıq münaqişə ocağına daha yenilərinin əlavə olunması və mürəkkəb geosiyasi proseslərin daha da kəskinləşməsi deməkdir.
Sonda bu qənaətə gəlmək olar ki, münaqişələrin həllinə mane olan faktorlar münaqişə tərəflərinin maraqlarından daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən böyük qüvvələrin strateji maraqlarıdır. Bir sözlə hazırkı məqamda Qarabağda və digər ərazilərdə separatçılara dəstək verən qüvvələr bu dəstəkdən imtina etsələr bir çox münaqişələrin çozülməsi xeyli tezləşər.