jurnalist,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü
Tanınmış şəxsiyyətlərlə bağlı qəribə, məzəli və bir az da kövrək hisslər oyadan əhvalatlar
Futbol “xəbərləri”
Əslində qələmə almaq istədiyim bu əhvalatlar real futboldan çox-çox uzaqdır. Əgər mən həqiqətən futbol xəbərləri yazsaydım özümü xoşbəxt sayardım. Yazılarımda bircə nəfərdən başqa heç kimə bənzəmək istəmirdim. Ona (yazılarına) oxşamaq isə çox çətin, əlçatmaz idi. O şəxs qələminə qibtə etdiyim çox tanınmış jurnalist Şamil Şahməmmədov idi. O vaxtlar “Bakı” qəzetində məsul katib işləyirdi (futbol şərhlərini o yazırdı), sonradan redaktor müavini, redaktor oldu ... İndi pensiyaçıdır.
Şamil müəllimin futbol oyunundan operativ reportajları, şərhləri idman həvəskarlarının ürəyinə elə yol tapmışdı ki, bundan sonra kimsə cürət edib futbolla bağlı bir şey yazmazdı.
Nə isə, mətləbdən kənara çıxdım.
Redaksiyamız “Köhnə inturist” adlanan mehmanxanaya çox yaxın idi. Hərdən bir tələbə dostlarımla yığışıb ora şam yeməyinə gedərdik.
Bir dəfə tanınmış ərəbşünas, uzun illər ərəb ölkələrində tərcüməçi işləmiş Kamil Quliyev də bizimlə birgə idi. Süfrəmiz açılan masaya tez-tez araq, konyak, meyvə və hətta tort göndərildi. Ofisiantdan bunların kim göndərdiyini soruşduq. Bizdən xeyli aralı bir masanın arxasında oturanları göstərdi. Hamımız diqqətlə baxdıq. Heç birimiz tanımadıq. Sonda ofisiantdan haqq-hesabı çəkməyi xahiş etdik. “Pulunuzu artıqlaması ilə elə o gənclər veriblər” – dedi. Tanıyıb-tanımasaq da uzaqdan-uzağa təşəkkürümüzü bildirdik. Həmin dəstə bizim masaya yaxınlaşdı, səmimi xudahafisləşdilər. İçərilərində bəziləri Kamil Quliyevi qucaqlayıb öpürdülər, “halal olsun”” deyirdilər, sabah mütləq stadionda olacağıq, - deyə ayrıldılar.
Çaşıb qalmışdıq. Şübhəmiz təkcə Kamil Quliyevə qalmışdı. O özü də bunu duymuşdu, “durun gedək yolda danışaram,” – dedi, - onlarla söz güləşdirməyin faydası olmayacaqdı, necə ki, beş-on gün bundan əvvəl baş vermiş hadisə kimi.
Kamil Quliyev birbaşa mətləbə keçdi:
- Belə hallar dəfələrlə olub. Nə yaxşı ki, dünən “Neftçi” qalib gəlmişdi. Uduzsaydı indi məni xərəyə qoyub xəstəxanaya aparacaqdınız.
- Bir açıq danış görək bu nə deməkdir?
- Çox adam məni “Neftçi”nin hücumçusu Kazbek Tuayevə bənzədir. Komanda qalib gələndə belə qonaqlıq verirlər, uduzanda isə keçən dəfə “Nizami” kinoteatrının yanında başıma açdıqları oyun kimi. – Ay əclaf o nəydi elədin, qapının lap ağzından qol vura bilmədin, topu ikicə metrlikdən qapı tirinin üstündən aşırtdın, bu xəyanətdir!
Ardınca elə şaqqaşaraq şillələr ilişdirdilər ki, kənardakılar güc-bəla ilə məni xilas etdilər. Nə qədər and-aman elədim ki, mən Kazbek Tuayev deyiləm, inanmadılar: - Kəs səsini, vicdansız! Satqın! - dedilər.
Elə bil ki, Kamal Quliyevi təzə görürdük. Ona diqqətlə baxdıq. Həqiqətən, Kazbek Tuayevi görürdük. İlahi, insan necə də biri-birinə belə bənzəyərmiş.
***

AzTV-nin “Dalğa” verilişi üçün süjet çəkmək üçün Şəmkirə getmişdik. Bizə məsləhət gördülər ki, məşhur argentinalı futbolçu Dieqo Armando Maradonanı çəkək (məşhur Maradona həmyerlisi Lionel Messini İspaniyanın “Barselona” komandasına qəbul olunmağa tövsiyyə etmişdi, o sonradan Argentina millisi tərkibində dünya çempionatında oynadı, indi isə dünyanın əfsanəvi futbolçusudur).
Şəmkirli “Maradona” ilə görüşdük. Peşəsi ticarət işçisi olan bu bəstəboy, dolu bədənli gənc elə bil ki, Dieqo Maradonanın o biri üzü idi. Sanki bir almanı yarı bölmüşdülər. İdmanla məşğul olduğu üçün çəkilişi stadionda apardıq. Çox uğurlu alındı. Süjetdən belə çıxdı ki, guya Dieqo Maradona Azərbaycanda olub. Veriliş efirə gedəndən sonra çoxlu məktub aldıq. “Bəs dünya şöhrətli futbolçunun Azərbaycana gəlişi niyə diqqətdən yayınıb, niyə rəsmi xəbər verilməyib? Heç olmasa, bizim idmançılarla görüşdürəydilər...”
Sonradan nə qədər çalışsaq da, bunun ədəbi priyom olduğunu heç kəsə inandıra bilmədik. Adı belə qaldı ki, “Dalğa” səhv edib, Dieqo Maradona tamaşaçılardan gizlədilib ...
***
Vaxtilə “Neftçinin” heyətində üç oyunçu xüsusilə seçilirdi. Anatoli Banişevski, Kazbek Tuayev və düşmən tayfadan olduğuna görə ad-familiyasını çəkmək istəmədiyim bir dığadan ibarət üçlük hücumçu fantastik nəticə göstərirdi. Onlardan biri hətta SSRİ-nin yığması tərkibində dünya çempionatında çıxış etdi. Bu, Anatoli Banişevski idi.
İllər ötdü. Bir gün xəbər gəldi ki, məşhur futbolçu dünyasını dəyişib. “Xəbərlər” üçün süjet hazırlanmalıydı. Dəfn mərasimindən süjet hazırlanması redaksiyanın nisbətən yaşlı, təcrübəli, məsuliyyətli işçisi Faiq Sadıqova tapşırıldı.
İti qələmi, dərin dərrakəsi ilə fərqlənən Faiq Sadıqov çəkilişdən imtina etmək istəsə də (kövrək qəlbli jurnalist matəmə dözə bilməyəcəyini əsas gətirdi), yekdil fikir belə oldu ki, dəfn materialını Faiq Sadıqov hazırlamalıdır.
... Süjet hazır oldu. Hər şey yerli – yerində idi. O vaxtlar tanınmış adamların vəfatı barədə şaiyələr tez-tez yayılırdı. Bunu yadıma salıb Faiqdən soruşdum:
- Deyirlər Banişevskinin ölümü yalandır. Belə ola bilərmi?
Hər tapşırığa son dərəcə məsuliyyətlə yanaşan, sözü-cümləsi yerli-yerində olan Faiq Sadıqov (təsadüfi deyil ki, o indi dövlət çəkilişlərinin məsul təşkilatçısıdır, respublikanın əməkdar jurnalistidir) tutuldu, “ola bilməz”, - dedi. – “Respublikanın, idman ictimaiyyətinin məsul işçiləri iştirak edirdilər, dəfni sonadək izlədim, torpağa basdırılanda qəbrin lap qırağında dayanmışdım, gözlərimlə gördüm”.
- Sən ciddi adamsan, səhvə yol verməzsən, - dedim, - amma son vaxtlar şaiyələr çox olur – deyə soruşdum.
Nigarançılığı sovuşdu, özünə gəldi Faiq. Bir az da ürəyini alım deyə həmin günlərdə Bəşir Səfəroğlunun geniş yayılmış “Ölünün də qıdığı gələr?” ifadələri yadıma düşdü.
- Faiq, tabutu qəbrə sallayanda meyidi qıdıqladın? Bəlkə ölməmişdi?
“Qıdıqlamaq” sözündən sonra Faiqin bənzi ap-aydın açıldı.