Modern.az

XİN-dən ABŞ-a ETİRAZ

XİN-dən ABŞ-a ETİRAZ

Təhsil

2 Dekabr 2014, 15:55

 

ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycandan insan haqlarının vəziyyəti ilə bağlı tənqidi mövqe bildirib. ABŞ Dövlət Departamentinin rəsmisi Cen Psaki bildirib ki, Azərbaycandan vətəndaş cəmiyyəti ilə bağlı durum ürəkaçan deyil.

Məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)  münasibət bildirib. XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytına açıqlamasında deyib ki, ABŞ Dövlət Departamentinin sözçüsü tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barəsində səsləndirilmiş fikirlər obyektiv reallığı əks etdirmir.  

XİN rəsmisinin sözlərinə görə bu, insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək, təzyiq alətinə çevirmək cəhdlərinin tərkib hissəsidir.  

“Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq sənədlər əsasında ölkədə qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması təmin olunub. Azərbaycan Respublikası demokratik inkişafını ardıcıl surətdə davam etdirir və bu məsələdə kənar müdaxilə və “tövsiyələrə” ehtiyac yoxdur”.

Hikmət Hacıyev onu da bildirib ki, ABŞ-da irqi ayrı-seçkiliyin sistemli xarakter alması və bunun əsasında ABŞ cəmiyyətində qarşıdurmanın dərinləşməsi, məhkəmə-hüquq sisteminin çatışmazlıqları, polis və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional gücdən istifadə və zorakılığın artması və digər sahələrdə ciddi problemlər mövcuddur.  

“Ferqyuson və ABŞ-ın digər şəhərlərini bürüyən kütləvi etiraz aksiyalarının köklü səbəbləri və bu zaman müşahidə edilən zorakılıq bunu bir daha sübut edir.

Hesab edirik ki, ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycana münasibətdə qərəzli fikirlər yürütməzdən öncə bütün dünya ictimaiyyətinin hazırda ABŞ-da insan hüquqları sahəsində mövcud olan duruma münasibətdə artmaqda olan narahatlığına cavab verməlidir.

ABŞ isə beynəlxalq səviyyədə insan hüquqlarının “himayədarı” funksiyasında çıxış etmək kimi lüzumsuz iddiasından əl çəkməli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, ölkə daxilində insan hüquqları məsələlərinə ciddi diqqət yetirməlidir”,-deyə Hikmət Hacıyev şərh edib.

Aqşin Kərimov 

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı