ANS-də yayımlanan həftəlik “Hesabat” verilişində “Qarabağ” - “İnter” oyunu ilə bağlı Mirşahin Ağayevin hazırladığı sujetin Youtube-də yayımı qadağan olunub. Sözügedən süjet Youtube portalına yerləşdirilsə də, bir neçə dəqiqə sonra silinib. Portalda süjetə baxmaq istədikdə istifadə olunan materialların müəllif hüquqları UEFA-ya məxsus olduğu əsas gətirilərək portal tərəfindən girişin qadağan edildiyi bildirilib.
Qeyd edək ki, UEFA-nın istəyi ilə Youtube-də “Qarabağ” - “İnter” oyununu geniş icmalını izləmək də qadağan olunmuşdu. Avropa futbol qurumu bu oyunla bağlı bir çox süjetin yayımını dayandırıb.
Buradan da açıq-aydın görünür ki, Youtube beynəlxalq şəbəkə olsa da, Azərbaycanın əleyhinə fəaliyyət göstərən qurumlar var. Bu, necə baş verir və bunun qarşısını almaq üçün Azərbaycan tərəfi nə etməlidir?“Ola bilər ki, Azərbaycanın xeyrinə olan videolar Ermənistan, yaxud da digər ölkələrin şirkətləri tərəfindən silinir”. Bunu Modern.az-a məsələyə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, Youtube-un istifadə və videolara verilən tələblərlə bağlı qaydaları var:
“Bu qaydaları diqqətlə oxumaq lazımdır. Məsələn, şəbəkədə report (müraciət) yeri var. Əgər istifadəçi hər hansı (terroru təbliğ edən, porno və ya uşaqlar üçün zərərli olan) videoların yayımlanmasını istəmirsə, “report” düyməsinə basır. Əgər bu müraciətlərin sayı çox olarsa, Youtube həmin materialları silir. Görünür ki, ermənilər şirkət yaradıb Azərbaycanın xeyrinə olan videoları zərərli təqdim edib sildirirlər”.
O qeyd edib ki, əks qüvvələr də müxtəlif texnoloji imkanlardan istifadə edərək hesablara daxil olub, həmin videoları silə bilərlər.
Osman Gündüz məsələnin həllini Azərbaycanın Youtube-un qurumları ilə əlaqələrinin qurulmasında görüb.
Məltəm TALIBZADƏ