Depuatalığa namizəd Fuad Muradov 24 oktyabr tarixində Badamdar qəsəbəsinin sakinləri, «Vətən bağı», Xanlar 46, 57, 54, 59 ünvanlarında yaşayan seçicilər ilə görüş keçirdi. Möhtəşəmliyi, izdihamlılığı ilə diqqət çəkən görüşləri giriş sözü ilə açan namizədin vəkili Zakir Qocayev bildirdi ki, bu gün seçicilərlə görüşə beş il bundan öncə sizin iradənizlə, səsinizlə Milli Məclisə deputat seçilmiş və beş il deputatlıq fəaliyyətini hər bir seçicisinə həsr etmiş Fuad Muradov gəlib. “O, beş il bundan öncə sizin qarşınızda görəcəyi işlərin hesabatını açıqladı. Bunları sadalamağa ehtiyac yoxdur. Çünki hər bir seçici Fuad Muradovu yaxşı tanıyır. Beş il bundan əvvəl bu tezislə çıxış etdik. Elədiklərimizi deməmək, dediklərimizi isə etmək. Bu gün sizin qarşınızda alnıaçıq çıxış edə bilərik ki, bu müddətdə dediklərimizin hamısına əməl olunub”.
Seçiciləri qarşısında çıxış edən Fuad Muradov bildirdi ki, bu gün Azərbaycan qüdrətlənir, zənginləşir, müasirləşir. Bu amillər də öz növbəsində xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. F. Muradov yenidən deputat seçilərsə, qarşıdakı illərdə görüləcək işləri diqqətə çatdırdı. Ölkədə demokratik, hüquqi və dünyəvi dövlət təsisatlarının möhkəmlənməsinə bundan sonra da dəstək veriləcək. Namizəd bu məqsədlərə seçiciləri ilə birlikdə nail olmağı arzuladı. Azərbaycanın əsas probleminin Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Fuad Muradov bu münaqişə nəticəsində yüz minlərlə insanın məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. Onun sözlərinə görə, dövlət həmin insanların həyat səviyyəsini yaxşılaşdırmaq üçün də xeyli işlər görüb: “5 il ərzində bütün çadır şəhərcikləri ləğv olunub. Bütün bunları deməkdə məqsədim odur ki, dövlətin insanlarımız üçün gördüyü gərgin işləri xatırlayaq. Bütün vətəndaşlar dövlət üçün vacibdir. Güman edirəm ki, bu dairə ərazisində yaşayan insanlar dövlətimizə bağlı olan insanlardır. Ölkəmiz nə qədər güclənərsə, hər bir vətəndaş daha yaxşı, daha rahat, firavan, əminamanlıqla yaşayacaq”.
Sədaqət Əhmədova Badamdar qəsəbə sakini: - Mən sözümü qısa şəkildə bildirəcəyəm. Yaxşı əməllər sahibi Fuad müəllimi tək qəsəbəmizdə, Səbail rayonunda deyil, bütün Azərbaycanda tanıyırlar. Belə hörmət qazanmaq hamıya nəsib olan xoşbəxtlik deyil. Gərək genişürəkli olasan ki, yaxşılıq etməyə cəsarətin çata. Fuad müəllim haqqında çox sözlər demək, gördüyü işlərdən nümunələr gətirmək olar. Bircə onu demək lazımdır ki, xalq onu dəstəkləyirsə, onu bir daha millət vəkili kimi görmək istəyirsə, bu onun işlərinə verilən qiymət, göstərilən dəstəkdir.
Cəbrayıl Əliyev Qarabağ müharibəsi veteranı: - Qısa müddət ərzində Fuad Muradov bizim səsimizi parlamentdə təmsil edib. Həmçinin ölkəmizin hər yerinə olduğu kimi qəsəbəmizdə də quruculuq, abadlıq işləri davam edir. Biz veteranlara daim diqqət və qayğı göstərilir. Mən hər birinizi Fuad Muradova səs verməyə çağırıram.
Digər çıxış edənlər bir daha bildirdilər ki, 7 noyabr parlament seçkilərində seçki məntəqələrinə gedib, Fuad Muradova səs verək! Görüşlərdən sonra Fuad Muradov görüşə gələ bilməyən sakinlərlə təkbətək görüşdü. Şəhid ailələrinə baş çəkdi.
|
|
|
|
|
|
|
|
|
|
|
|
Namizədin seçki qərargahı