Modern.az

Bakıda yataqxana yandı - 14 nəfər YARALANDI

Bakıda yataqxana yandı - 14 nəfər YARALANDI

6 Aprel 2024, 12:29

Bu gün Binəqədi rayonu, Azadlıq prospektində mənzildə baş verən yanğınla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

 

İlkin məlumata əsasən, yanğında 14 nəfər xəsarət alıb. Onlardan 2 nəfər (qadın cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 2 nəfər isə (qadın cinsli) bud sümüyünün sınığı, onurğanın küt travması diaqnozları ilə Kliniki Tibbi Mərkəzin Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 10 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

 

***

10:45

 

Bakıda yataqxanada baş verən yanğın söndürülüb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən binada yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

 

Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

 

Yanğın nəticəsində beşmərtəbəli binanın birinci mərtəbəsində, ilkin hesablamaya əsasən, mənzildə 12kv.m sahədə otaq əşyaları və 24p.m elektrik naqilləri yanıb. Digər mənzillər yanğından mühafiə olunub.

 

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 45 nəfər bina sakini təxliyə edilib.

 

***

10:10

FHN-in "112" qaynar xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ceyhun Hacıbəyli küç., 150 ünvanında yerləşən yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülüməsi istiqamətində tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok