Modern.az

2022-ci ildə dünya iqtisadiyyatı inflyasiya ilə ÇARPIŞACAQ

2022-ci ildə dünya iqtisadiyyatı inflyasiya ilə ÇARPIŞACAQ

2 Yanvar 2022, 15:05

Artıq yeni ilin ilk günlərini yaşayırıq. Müşahidə etdiyimiz kimi ötən il dünya iqtisadiyyatı bazarda qiymət artımı, inflyasiya, türk lirəsinin hədsiz aşağı enməsi ilə yadda qaldı. 

 

Maraqlıdır bəs, 2022-ci ildə dünya iqtisadiyyatını nələr gözləyir?

 

 

İqtisadçı Natiq Cəfərli 2022-ci ildə dünya iqtisadiyyatının hansı səviyyədə olacağı barədə Modern.az-a açıqlama verib. 

 

O, 2022-ci ildə bütün dünyanın əsas müzakirə mövzusunun inflyasiya olduğunu vurğulayıb:

 

“2022-ci ilin bütün dünyada əsas müzakirə mövzusu inflyasiya olacaq. Bu il sürətli dərəcədə qiymət artımı baş verəcək. Çünki həm Avropa Birliyi ölkələrində, həm də Amerika Birləşmiş Ştatlarında inflyasiya 6-8% arası dəyişir. Son illərdə ilk dəfədir ki, belə nəticələr qeydə alındı. 2022-nin gündəmi inflyasiya, qiymət artımı ilə mübarizə olacaq”.

 

Bu il mərkəzi bankların faiz dərəcəsinin artması ilə bağlı dollar indeksi yüksələcək...

 

“Digər bir məsələ 2022-ci il mərkəzi bankların önə çıxacağı il olacaq. Çünki həm Avropa, həm də Britaniya mərkəzi bankının faiz dərəcələrin artırılması ilə bağlı qərarlar alması gözlənilir. Bu o deməkdir ki, dünyada maliyyə siyasəti getdikcə sıxlaşacaq. Nəticədə dünyada dollar indeksi yüksələcək. Bu da inkişaf etməkdə olan ölkələrə ciddi mənfi təsir göstərə bilər. O cümlədən, bizim qonşu ölkələrin milli valyutalarına təsir göstərəcək”.

 

İqtisadçının sözlərinə görə, yeni ildə neft-qaz qiymətləri yüksək səviyyədə qalsa, inflyasiya ilə mübarizə mümkünsüz olacaq:

 

"2022-ci ildə daha bir məsələ enerji daşıyıcıları ilə bağlı olacaq. Yəni neft-qaz qiymətləri ilə bağlı siyasətin necə olacağı müəmmalıdır. Əgər neft-qaz qiymətləri indiki kimi yüksək səviyyədə qalsa, bu, inflyasiya ilə mübarizəni mümkünsüz edir. 

 

Kriptovalyuta məsələsinə gəldikdə isə bu il dövlətlərin kriptovalyuta bazarına öz koinlərini çıxarması ilə yadda qala bilər. Hətta bəzi ölkələrdə artıq bu istiqamətdə tamamlanma işləri gedir. 

 

Əgər dövlətlərə, ölkələrin mərkəzi bankalarına bağlı kriptovalyutalar dövriyyəyə çıxsa, bu gün dövriyyədə olan kriptovalyutaların ciddi ucuzlaşmasını görəcəyik. Çünki bu gün dövriyyədə olan kriptovalyutalar mərkəzə bağlı deyil”.

 

N.Cəfərli danışarkən Türkiyə lirəsinin məzənnəsilə bağlı fikirlərini də bölüşüb.

 

Onun fikrincə, lirənin aqibəti mərkəzi bankın atacağı addımlardan asılı olacaq:

 

“Türkiyədə lirənin vəziyyəti mərkəzi bankın gələcəkdə atacağı addımlardan asılıdır. Əgər mərkəzi bank faiz dərəcələrini çox sürətlə  aşağı çəkəcəksə, türk lirəsində növbəti ucuzlaşmaları görə bilərik”.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞAD XƏBƏR: ABŞ-da təhsil fürsəti