Modern.az

Deputatdan taxılın bahalaşmasının qarşısını almaq TƏKLİFLƏRİ

Deputatdan taxılın bahalaşmasının qarşısını almaq TƏKLİFLƏRİ

İqtisadiyyat

4 Yanvar 2022, 16:56

“Taxıla olan tələbin bir hissəsi idxal hesabına ödənilir. Nəzərə alsaq ki, 2021-ci ilin 11 ayında Azərbaycan 1 milyon tondan artıq buğda idxal edib. Bu, məhz həmin idxal üçün 288 milyon dollara yaxın vəsaitin xərclənməsi anlamına gəlir. 2020-ci ilin 11 ayında isə 1,2 milyon ton buğda idxal edilmişdi. Amma 1,2 milyon ton buğdaya 262 milyon dollar vəsait ödənmişdi. Rəqəmlərin müqayisəsi onu göstərir ki, idxal qiymətlərində artımlar var. Bu da təbii ki, bütövlükdə daxili bazarda qiymət artımlarına gətirib çıxarır”.
 

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov buğdanın qiymətinin artma səbəblərindən danışarkən deyib.
 

Deputat artımların qarşısının alınması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edir:


“Təbii ki, biz qiymət artımlarının qarşısını alınması və optimallaşdırılması üçün bir neçə istiqamət üzrə tədbirlərin dərinləşməsini təklif edirik. Əvvəlcə taxıl istehsalı üçün subsidiya mexanizminə yenidən baxılması və taxıl istehsal edən fermerlərə daha çox subsidiyanın verilməsi məqsədəuyğun olardı. Xüsusən nəzərə alsaq ki, buğda strateji əhəmiyyət daşıyır. Bu baxımdan yüksək miqdarda buğda yetişdirən fermerlərə daha çox subsidiya verilə bilər.

Bu da nəticə etibarı ilə həm istehsalın genişləndirilməsinə, həm də daxildə istehsal edilən buğda və taxılın xərcini azaltmaqla bütövlükdə qiymət artımlarının qarşısının alınmasına imkan verər”.

Onun sözlərinə görə, azad olunmuş ərazilərimiz taxıl istehsalında aparıcı rayonlardandır:


“Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin (Füzuli, Ağdam və s.) işğala qədər taxıl istehsalında aparıcı rayonlardan idi. Bu baxımdan həmin rayonlarımızda da taxıl istehsalının intensiv şəkildə təşkil olunması və bu ərazilərimizin yenidən aparıcı taxıl istehsal edən rayonlar sırasına cəlb edilməsi məqsədəuyğundur. Bu istiqamətdə işlərin daha intensiv həyata keçirilməsinə ehtiyac var. Təbii ki, minalar prosesə təsir edən əsas səbəblərdəndir.

Süni qiymət artımının qarşısını almaq üçün yerli istehsalın genişləndirilməsi və xarici bazardan asılılığın minimumlaşdırılmasına ehtiyac var”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik