Modern.az

Aktyorun yeri çayxana deyil, pullar hara gedir? - Xalq artistləri danışır…

Aktyorun yeri çayxana deyil, pullar hara gedir? - Xalq artistləri danışır…

24 May 2023, 10:54

Ötən həftə mədəniyyət sahəsində bir sıra yeni təyinatlar olub. Mədəniyyət nazirinin əmri ilə vəzifəyə gətirilənlərdən biri əməkdar incəsənət xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadədir. Ona Akademik Milli Dram Teatrının bədii rəhbəri vəzifəsi həvalə edilib. 

 

Dram Teatrı ətrafında qalmaqallı müzakirələrin səngimədiyi məqamda belə bir təyinatın həyata keçirilməsi birmənalı qarşılanmayıb. Mehriban Ələkbərzadənin teatrda illərlə yığılıb qalan problemləri həll edə bilməsi sual doğurur. 

 

Akademik Milli Dram Teatrının tanınmış simalarının yeni rəhbərlikdən gözləntiləri nələrdir? Onlar hansı problemlərin həll olunacağına ümid edirlər?

 

Modern.az mövzu ilə bağlı bir neçə Xalq artistinin mövqeyini öyrənib.

 

Hər şeyin yaxşı olacağını düşünürəm...

 


Xalq artisti Firəngiz Mütəllimova: 


“Mehriban Ələkbərzadə bizimlə birlikdə 27 il fəaliyyət göstərib. Mən Mehriban xanımın tamaşalarında oynamışam. Komandaya qarşı normal, gözəl münasibəti var. Mehriban xanımın ilk təyinatla gəldiyi yer elə bizim teatr olmuşdu. Doğma kollektiv onu gül-çiçəklə qarşıladı. O da, bizim aktyorlarımız da çıxış etdi. Düşünürəm ki, hər şey qaydasındadır. Xeyirli-uğurlu olsun”.

 

O, ağıllı rejissordur...
 


Xalq artisti Nurəddin Mehdixanlı:


“Mehriban Ələkbərzadə evinə qayıdıb. Onun demək olar ki, bütün yaradıcılıq həyatı, 27 ili teatrla bağlıdır. Biz kollektiv olaraq bir-birimizi çox gözəl tanıyırıq. Uzun illər birlikdə çalışmışıq. Düşünürəm ki, bu, çox doğru və düzgün düşünülmüş təyinatdır. Hesab edirəm ki, Mehriban xanımın sayəsində teatrımızda yaradıcılıq istiqamətində çox şeylər dəyişəcək. Çünki Mehriban Ələkbərzadə Azərbaycan teatrının, mədəniyyət aləminin ən uğurlu, intellektual rejissorudur. O, zamanın çağırışlarına cavab verəcək, intellektual, ağıllı, düşünən və düşündürən rejissordur. Hər şeyin yaxşı olacağına inanıram”. 

 

Teatrlara peşəkar rejissorlar lazımdır...

 

 

Xalq artisti Əli Nur:


“Azərbaycanın mədəniyyət və teatr aləmində böyük böhran var. Bu, rejissor böhranıdır. Həm Azərbaycan teatrında, həm də Azərbaycan kinosunda peşəkar rejissorların sayı azdır. Son 30 ildə Azərbaycanda rejissor qıtlığı yarandı. Böyük rejissorlarımız dünyasını dəyişdi. Azərpaşa Neymətov, Mərahim Fərzəlibəyov, Bəhram Osmanov, Oruc Qurbanov kimi insanlar yaşlandıqca rejissor qıtlığı yarandı. Çünki Azərbaycan Mədəniyyət Nazirliyi korrupsiya, pul yığmaq və rüşvətxorluqla məşğul olurdu. Onlar kadr haqqında düşünmürdü. Kadr yetişdirmək lazım idi.


Teatrda rəqabət olmalı, tamaşalar oynanılmalıdır. İstedadlı aktyor və rejissorlar yetişdirilməlidir. Mədəniyyət və İncəsənət Universiteti aktyor yetişdirə bilməz. Aktyor yetişdirmək üçün savadlı rəhbər olmalıdır. Rejissorlar yalnız dramaturgiya ilə məşğul olmalıdır. Seçim etməli, dövrün, zamanın nəbzini tutmalıdırlar. Azərbaycan tarixdə misilsiz qələbə qazanıb. Qələbəmiz haqqında hələ də normal film çəkilməyib. Cənab Prezident hər il pul ayırır. Bu pullar hara gedir? 


Teatr xalqın barometridir, xalqın güzgüsüdür, çox böyük tribunadır. Teatr elə tribunadır ki, bunu heç bir janr əvəz edə bilməz. Teatrlara peşəkar rejissorlar lazımdır. Çünki tamaşanı rejissor seçir, ideyanı rejissor verir, formanı, plastikanı o tapır və bütün teatr elementlərindən istifadə edir. Teatrda aktyor yeri boş qalmamalıdır. Aktyorun yeri səhnədir. Aktyor çayxanada, küçədə görünməməlidir. Aktyorun işi ancaq yaradıcılıq olmalıdır. Aktyorun istirahəti onun işi, işi isə bayramı olmalıdır. Teatrda hər tamaşa bayram olmalıdır.

 

Qeyd edək ki, M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa və ekran əsərlərinin müəllifi və rejissoru olub, Gənc Tamaşaçılar Teatrının və Yuğ Teatrının baş rejissoru vəzifələrində çalışıb.

 

Aytac Əsədova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı