Bu gün “Anadolu” Agentliyinin yaradılmasından 97 il ötür. Agentliyin Bakı ofisinin rəhbəri Tolqa Özgənc Modern.az-a bildirib ki, “Anadolu” 6 aprel, 1920-ci ildə “Anadolunun səsini dünyaya çatdırmaq” məqsədilə Cumhuriyyət elanından əvvəl qurulub.
“Bu gün təxminən bir əsr əvvəl yaranmış, torpaqlarımızda yaşanan işğallara qarşı millətin mübarizə simvollarından biri olan “Anadolu” Agentliyinin 97-ci ildönümünü qeyd edirik. Milli mübarizəni əngəlləmək istəyən, yalan xəbərlərlə xalqın inancını qıran işğalçıların qarşısını almaq üçün Mustafa Kamalın göstərişi ilə 1920-ci ildə qurulan “Anadolu” Agentliyi həmin vaxtdan etibarən eyni məqsədlə fəaliyyət göstərir. “Anadolu” Agentliyi bu gün Türkiyənin dünyaya əks olunan simasıdır. 86 ölkədə müxbiri, 45 ölkədə abunəçisi var. 11 dildə xəbər verən “Anadolu” Agentliyi ispan dilini də yayım dilləri sırasına əlavə etməyi planlaşdırır”.
Tolqa Özgənc “Anadolu” Agentliyinin Türkiyənin çox çətin şərtlərində və onlarla adsız qəhrəmanın kitablarını, paltarlarını sataraq əldə edilən pullarla qurulduğunu qeyd edib.
““Anadolu” Agentliyi artıq 74 millətin təmsil olunduğu şirkətdir və şüarımız “Etibarlı xəbər qaynağı olmaq”dır. Yüz illərdir imperialist qüvvələrin müsəlman coğrafiyasında etdiklərini dünyanın ən qabaqcıl xəbər agentlikləri görmür. “Anadolu” Agentliyini digərlərindən fərqləndirən özəllik də budur. Biz “kimsəsizlərin kimsəsi” olmağa çalışırıq. Türk və müsəlman coğrafiyasında yaşananları bütün dünyaya o torpaqlarda yaşayan insanların dilindən çatdırmaq istəyirik”.
Tolqa Özgənc bildirib ki, “Anadolu” Agentliyinin Bakı ofisində işləyənlərin hamısı Azərbaycan vətəndaşıdır və bu, Azərbaycana verilən dəyərin göstəricisidir. O, həmçinin deyib ki, qısa müddət ərzində “Anadolu” Agentliyi xəbər akademiyasında azərbaycanlı jurnalistlər üçün “Müharibə müxbirliyi” və “Enerji müxbirliyi” kursu da təşkil ediləcək.
Günay Rəsulqızı