Modern.az

ANS-in aparıcısı Natəvan Babayeva: "O xəbəri oxuyanda özümü saxlaya bilmədim, ağladım..."

ANS-in aparıcısı Natəvan Babayeva: "O xəbəri oxuyanda özümü saxlaya bilmədim, ağladım..."

Media

8 May 2011, 12:55

ANS TV-nin tanınmış aparıcısı Natəvan Babayeva ANS PRESS-ə müsahibə verib. Modern.az media nümayəndələri üçün maraqlı ola biləcəyini nəzərə alıb həmin müsahibəni təqdim edir.

- Natəvan xanım, ANS-nin siması kimi tanınan aparıcılardansız. Neçə ildir ANS-dəsiniz?

- 10 ildən çoxdur. Sizin sözünüzə düzəliş vermək istəyirəm, məncə Natəvan Babayevaya ANS-in indiki simalarından biri demək olar. ANS-in əsl simaları məndən 5-6 il, elələri var 10 il əvvəl ANS-ə gələnlərdir. Düzdür, onların bir çoxları artıq ANS-də digər məsul vəzifələrdədirlər, fəaliyyətlərini kadrarxası davam etdirirlər.

- ANS-ə gəlişinizi necə xatırlayırsınız?

- Yaxşı yadımdadır, Əbülfəs Elçibəyin ölümündən 2 gün sonra. Elçibəyin dəfn mərasiminin səhəri günü, 2000-ci il avqustun 24 idi...

- Jurnalist ki, jurnalist... Qəribədir, bütün jurnalistlərdə bu xüsusiyyət var, həyatlarının ən önəmli dönəmlərini ölkədə baş verən hadisələrlə xatırlayırlar.

- Düz deyirsiniz, indiyədək heç fərqinə varmamışam. Yəqin peşə vərdişidir. Əslində mən ANS-in ilk illlərində ANS-ə gəlmək istəmişəm. Hətta bizim ailəvi tanışlarımızdan biri mənim bu arzumdan xəbər tutduqda atamla məni Seyfulla Mustafayevin (ANS Şirkətlər Qrupunun vitse prezidenti - red.) evinə də aparmışdı. Ola bilsin Seyfulla müəllimin xatirində qalmayıb, bəlkə də eşitsə xatırlayar. Getdik evinə və həmin şəxs Seyfulla müəllimə məni göstərdi və dedi ki, “bu qız ANS-də işləməyi çox istəyir”.
1997-98-ci illər idi, o vaxt ANS Azərbaycanda nə dərəcədə önəmli bir telekanal idi, bu barədə danışmaq artıqdır. İndi də elədir, amma o vaxt yeganə özəl telekanal idi. Seyfulla müəllim dedi ki, “sabah gəlsin, yoxlayaq”. Mən onda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində birinci kursda oxuyurdum. Nə isə, özümü hazır hesab eləmədim. Düşündüm ki, gedərəm, birdən alınmaz. Tam hazır olmadığımdan ANS-ə gəlməyə utandım, cəsarətim çatmadı. Üstündən bir neçə il keçdi, jurnalistika fakultəsini bitirdim və 5-6 ay o vaxtkı “Sara Xəbər” də işlədim. Daha sonra agentliklərin birində işə düzəldim. Bizim Cahangir müəllim (BDU-nun müəllimi-red.) eyni zamanda ANS-lə əməşdaşlıq edirdi. Mənə dedi ki, ANS-ə jurnalist lazımdır. Onda artıq özümü ANS-də işləməyə hazır bildiyimdən, cəsarət tapıb gəldim.

- İxtisasca jurnalistsiniz. Digər ixtisaslı şəxslərin jurnalistikaya gəlişinə necə baxırsınız? Ümumiyyətlə, fərqi hiss edirsiniz?

- Sizə deyim ki, hal-hazırda jurnalistikanı bitirməyən və bu sahədə yaxşı mənada seçilən-sayılan jurnalistlərimiz daha çoxdur. Seçilməyə gəlincə isə janr baxımından bir az hiss oluna bilər. Nəzəri cəhətdən terminlər var ki, necə adlandığını bilmirlər. Çatışmayan cəhətlər olduğu kimi üstün tərəfləri də var. Jurnalistikada ali təhsillərini tamam başqa sahədə alan xüsusi istedadlı şəxslər çoxdur. Nəzəri biliklərlə, təcrübə bir yerdə olsa daha yaxşı olar.

Təkcə ali təhsil almaq şərt deyil. Elə həkimləri götürək, xəstələr daha çox ali təhsillərini bitirdikdən sonra xaricdə ixtisasını artıran, kurs keçənlərə daha çox etibar edirlər. Jurnalistikada da elə olmalıdır, işlədikcə təcrübən artmalıdır, yəni məktəb bitməməlidir. Məhz ANS-də bu var. Hansı ixtisası bitirməyinə baxmayaraq, ANS-in məktəbini keçməlisən. ANS-in öz jurnalistika məktəbi, öz dəsti-xətti var. Burda işlədiyim 11 il ərzində 2-3 ildən bir Vahid Mustafayevin (ANS Şirkətlər Qrupunun prezidenti - red.) 1-2 aylıq kurslarını keçmişəm. Digər telekanallarda belə kurslar bəlkə də var, amma eşitməmişəm.

Maariflənməyə gəlincə bu hər davam edir. Seyfulla Mustafayev, Mirşahin Ağayev (ANS Şirkətlər Qrupunun vitse-prezidenti-red.) və Mais Məmmədovla (ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri-red.) keçən gündəlik iclaslarımız nəzəri bilgilərlə zəngin olur. Dünyada baş verən hadisələrin inkişafına görə, prioritetlər dəyişir. Bir sözlə, ANS-in jurnalistika məktəbi daimi inkişafdadır.

- ANS-in çox aparıcıları fəaliyyətlərinə “İç xəbər” verilişi ilə başlayıblar. Sizi isə o proqramda görməmişik.

- Bura gələndən “Xəbərçi” və “Salam Azərbaycan” departamentlərində əvvəlcə müxbir, sonra aparıcı olmuşam. “İç xəbər”də 10-15 gün olmuşam, o da “İç xəbər”in əməkdaşları avtomobil qəzasına uğrayanda, 2002-2003-cü il olardı.

- İndiyədək ancaq canlı efirə çıxmısınız. Canlı efirin məsuliyyəti nə dərəcədə ağırdır?

- Çəkilib, sonra efirə gedən verilişə heç vaxt aparıcılıq etmədiyimdən müqayisə edə bilmərəm. Amma, mənə elə gəlir ki, elə daha çətindir. Mən canlı efirə öyrəşmişəm. Özümü həmişə xəbər aparıcısı kimi görmüşəm və görürəm. Bəlkə də bu mənim çatışmayan cəhətimdir ki, hələ də xəbər aparıcısı olaraq qalmışam.

- Canlı efirdə çətin vəziyyətə düşmüsünüz?

- Efirə çıxmaq məcburiyyətində olduğum vaxtlar olub. Əziz nənəm rəhmətə gedən günün axşamı efirə çıxdım, çox ağır oldu. Sözsüz, aparıcının üz cizgiləri ilə xəbərə münasibəti olmalıdır. Həmin günü bir təhər proqramı yola verdim. Amma bu yaxınlarda mənimlə yaşıd, çox sevdiyim bibim oğlu rəhmətə getdi. Onun həyatdan cavan köçməsi bütün qohum-əqrəba kimi məni də sarsıtmışdı. Təsəvvür edin, dəfn olunan günün səhəri, gözlərim şişmiş halda efirə çıxmalı oldum. Həm də mart ayının 22-si, televiziya qarşısında oturan tamaşaçıların bayram əhval-ruhiyyəsində olduğu bir gündə. Yas içində olsam da, tamaşaçıya gülümsəməliyəm... Axı evdə faciə baş verib, mənim ətrafımda olan əzizlərim, qəlbim yas içindədir... Çox çətinliklə bir təhər özümü toparlayıb xəbərləri oxudum, hətta gülümsədim də. Cəhdlərimə baxmayaraq kədərli olmağım yenə də efirdə hiss olunmuşdu. Reklam arası Mirşahin müəllim zəng vurub dedi ki, “Tamaşaçıların xəbəri var, sən hüznlüsən?”. Onun bu sözləri az da olsa, kefimi açdı. Onda bir daha başa düşdüm ki, bizim işimiz spesifik sahədir, haradasa artistliyə yaxınıq.

- Niyə işdən icazə almadınız?

- "Salam Azərbaycan" proqramının yeganə aparıcısı olduğumdan icazənin yeri yox idi. Ümumiyyətlə, ANS-də işlədiyim 11 ildə bir dəfə də olsun “ay qızdırmam var, ay özümü pis hiss edirəm” deyib, işdən qalmamışam. Bir dəfə də özümü işdən qalmağa öyrəşdirməmişəm. Bir-iki dəfə səsim tamam tutulanda efirə çıxmamışam, amma işə gəlmişəm. Bülletenə çıxmağı xoşlamıram. Bir dəfə 5 günlük bülletenə çıxmışam, o da müalicə ilə bağlı olub.

- Bəlkə bir az şən notlara keçək. Canlı efir zamanı məzəli hadisələr baş verib?

- Elə bir hadisə olmayıb ki, yaddaşımda həkk olunsun.

- Artıq canlı efirdəsiniz, qulağınıza qaynar xəbər deyilir və siz bu xəbəri tamaşaçıya çatdırmalısınız...

- Belə hallar çox olur. Hadisə yerindən canlı bağlantı olanda bu, artıq ideal buraxılış olur. Belə olanda bəzən kəm-kəsir olur. Kim isə çaşır, nə isə səhv eşidilir. Ancaq ən yaxşı buraxılış elə “indicə aldığımız məlumata görə”, “ən son məlumata görə” kəlmələrinin istifadə olunduğu buraxılışdır. Bunlar artıq ən qaynar xəbərlər sayılır. Düzdür, bu xəbərlərin çoxu yaxşı xəbər olmasa da, qaynar xəbər verdiyimiz gün xəbərçi kimi bizim ən yaxşı günümüz olur.

- Dediniz ki, qaynar xəbərlərin çoxu pis xəbər olur. Xəbərçi kimi tamaşaçıya çatdırdığınız ən bəd xəbər?

- Ən iri miqyaslı ağır xəbər Heydər Əliyevin ölüm xəbəri olub. Bu yaxınlarda isə Anar Məmmədxanovun ölüm xəbərini tamaşaçıya çatdırmaq mənə çox ağır oldu. Valideynləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş 5 yaşlı Sevincin ölümü ilə bağlı materialları oxuyanda özümü saxlaya bilmədim, ağlamaq tutdu. Hər cümlədən sonra özümü toparlayıb davam edirdim. Gözlərim yaşarırdı, özümü sakitləşdirirdim, nə qədər çalışsam da səsimi idarə edə bilmirdim, titrəyirdi. Axırıncı buraxılışlarda artıq materiallara baxmamağa çalışırdım. Belə xəbərlərin olmasını istəmirik.

- Müsahibəyə çox çətinliklə razılaşdınız. Şəxsi həyatınızla bağlı da sual verməməyi xahiş etdiniz. Bu, xarakterinizlə bağlıdır, yoxsa başqa səbəb var?

- Mənə müsahibə almaq müsahibə verməkdən asandır. Bunu etiraf etmək lazımdır. Hər halda müsahibə vermək çətindir. Mən belə düşünürəm. Müsahibə verməkdən boyun qaçırmağım eyni zamanda xarakterimdən irəli gəlir. Gözə girməyi xoşlamıram. Bunu bacarmıram və xoşlamıram! Yəqin ki, xoşlasaydım, əvvəl-axır bacarardım.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok