Bu gün “Qafqazinfo” xəbər portalının 8 yaşı tamam olur. 2010-cu ilin avqustun 16-da fəaliyyətə başlayan xəbər portalı ötən 8 il ərzində mediada özünəməxsusluğu ilə seçilib.
“Qafqazinfo”nun baş direktoru Elbrus Ərud Modern.az saytı ilə öz təəssüratlarını bölüşüb. O bildirib ki, hər hansı bir media qurumunu ayrıca qiymətləndirmək olmaz :
“Bir media qurumunu mətbuatdan ayırıb ona qiymət vermək , tərifləmək düzgün deyil. Gərək məsələyə kompleks yanaşasan: məsələn, Azərbaycan mətbuatının fonunda. Bu fonda “Qafqazinfo” ölkənin aparıcı xəbər portallarından biridir və bildiyiniz kimi 8 ildir fəaliyyət göstərir. Azərbaycanda bəlkə də yeganə xəbər portalıdır ki, əlavə dəyər vergisi ödəyicisidir. Kollektivimiz 20 nəfərdən ibarətdir və hamısı əmək müqaviləsi bağlamış ştatlardılar”.
E.Ərud qeyd edib ki, bu gün “Qafqazinfo” ölkədə operativ informasiya mənbəyi kimi tanınan media qurumudur:
“İşlərimiz gedir, çalışırıq. Azərbaycan mətbuatı nə qədər inkişaf edirsə, “Qafqazinfo” da onun fonunda adekvat davam edir. Yəni ötən 8 ili pis qiymətləndirmək olmaz.
Biz həmişə təmtəraqlı tədbirlərdən yayınmışıq. Düşünürük ki, bu gün də qeyri-adi hadisə deyil, yəni bir şirkətin yaranma günüdür. Bu tarix ancaq 20 nəfər – işləyənlər üçün maraqlıdır. “Qafqazinfo”da çalışan insanlar da yığışıb şirkətin yaranma gününü qeyd edəcək. Kollektivlə birlikdə yeyib-içəcəyik, bir-birimizi tərifləyəcəyik”.
Modern.az kollektivi adından həmkarlarımızı təbrik edirik.