Ötən həftə Rusiya Federasiyasının Novosibirsk şəhərində MOOCAO-nun xətti ilə Novosibirsk Dövlət Memarlıq, Dizayn və Incəsənət Universitetinin bazasında Memarlıq və dizayn üzrə buraxılış işlərinin 25-ci baxış - müsabiqəsi keçirilib.
Modern.az xəbər verir ki, 7 ölkənin qatıldığı müsabiqədə 700-dən artıq iş nümayiş olunub. Müsabiqəyə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin bakalavar və magistr pilləsi üzrə 19 iş təqdim olunub. Sevindirici haldır ki, bütün işlər MOOCAO-nun 1-ci və 2-ci dərəcəli diplomlarına layiq görülüb. Bəzi buraxılış və magistr işləri isə Rusiyanın Memarlıq və Inşaat Elmləri Akademiyasının, Moska Memarlar Ittifaqının, Memarlıq və Inşaat Elmləri Akademiyasının Sibir filialının diplomlarını qazanıb. Memarlıq fakültəsinin nümayəndələri tədbir zamanı təşkil olunmuş dərslik və dərs vəsaitlərinin müsabiqəsinə də qatılıb.
Müsabiqəyə təqdim olunan 3 dərslik və dərs vəsaiti (prof.R.Əbdülrəhimov –“Memarlıq fizikası”; dos. N.Ağayeva –“ Interyer qrafikası”; prof.S.Orucov, dos.M.Eynullayeva - “Bədii konstruksiyalaşdırmada bionika”) 1-ci dərəcəli diploma layiq görülüb. Eyni zamanda AzMİU Novosibirsk Dövlət Memarlıq, Dizayn və Incəsənət Universitetinin təşəkkürnaməsiylə təltif edilib. Çoxillik səmərəli fəaliyyətinə görə müsabiqənin koordinatorları - Memarlıq fakültəsinin dekanı , memarlıq namizədi Zahidə Məmmədova və fakültənin baş müəllimi Ilqar Əliyev MOOCAO-nun fəxri diplomlarıyla təltif olunublar. Yekun iclasda müsabiqənin gələn il Yekaterinburq şəhərində Ural Dövlət Memarlıq və Rəssamlıq Universitetinin bazasında keçirilməsi qərara alınıb.
Modern.az