Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Azərbaycanda rəsmi səfərdə olan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Şəhidlər xiyabanını da ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Nursultan Nazarbayev Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən Qazaxıstan Prezidentinə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Modern.az