Bu gün Bakı Nəqliyyat Agentliyi Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdiriləcəyi barədə məlumat yayıb.
Bildirilib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin nəzərdə tutulmasıdır. “Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətimizə cavab gələndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək”.
Bəs Xətainin heykəli hara köçürüləcək?
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Pənah İmanov Modern.az-a açıqlama verib.
Şöbə müdiri bildirib ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə İcra Hakimiyyətinə hər hansı məlumat daxil olmayıb.
“Bir müddət əvvəl də mətbuatda Xətainin heykəlinin köçürülməsi bağlı materiallar yer almışdı. Amma köçürülmədi. Bu gün isə Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı icra hakimiyyətinə hər hansı rəsmi məlumat yoxdur”.
Mədəniyyət və Turizm Nazirliyindən də bildirilib ki, hələ ki Xətainin heykəlinin yerinin dəyişdirilməsi ilə bağlı onlara məlumat daxil olmayıb.