Gürcüstan parlamenti prezident Georgi Marqvelaşvilinin etirazlarına baxmayaraq ölkənin yeni konstitusiyasını qəbul edib.
Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, 117 deputatın lehinə səs verdiyi layihənin əleyhinə 7 deputat çıxıb. Müxalifətdəki “Vahid Milli Hərəkatı" partiyasının üzvləri isə parlament zalını tərk ediblər.
Digər tərəfdən, prezident Marqvelaşvili sentyabrda konstitusiya dəyişikliyini geri çevirərək 6 bənd üzrə öz etirazını bildirmişdi. Bu etirazlar arasında Gürcüstan prezidentinin birbaşa deyil, 300 nümayəndə tərəfindən seçilməsi, parlamentə partiyalar üçün keçid səddinin 5%-dən 3%-ə endirilməsi və s. var idi.
Müxalifət hesab edir ki, yeni konstitusiya hakim “Gürcü Arzusu” koalisiyasının hakimiyyətdə daha çox qalmasına xidmət edir.