Müşahidələr göstərir ki, Qarabağ münaqişəsinin bu qədər uzanması artıq bəzi qüvvələrin siyasi-iqtisadi maraqlarına o qədərdə cavab vermir. Həmin dövlətlər hansı şərtlərlə olur olsun Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalamasında israrlıdırlar. Görüntü yaratmaq üçün danışıqların aparılması da artıq Rusiya istisna olmaqla ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətlərinə sərfəli deyil.
Deyəsən, münaqişəsinin bu qədər uzanması və ədalətli həll variantının tapılmaması müharibəni qaçılmaz edir. Axı danışıqlar sonsuzluğa qədər aparıla bilməz. Ancaq həmin Qərb və ABŞ müharibəni arzulamırılar. Ermənistanın prezidenti istər Kazan, istərsə, digər görüşlərdən sonra hər dəfə eyni fikri təkrarlayır. Qarabağda yaşayan erməni əhalisinin müqəddəratı məsələsini hər dəfə qaldırması Sarkisyanın ədalətli sülh təfəkküründə hələ çox uzaq olduğunu göstərir.
Bəzən düşünürsən ki, Minsk qrupunun həmsədrləri, danışıqlarda iştirak edən digər tərəflər Sarkisyanı şillə-təpiyin altına salıb onu başa salası deyillər. Sakisyanın yerinə başqa birisi gəlsə belə onun da sülh düşüncəsində az bir fərq olacaq. Artıq ermənilərin əksəriyyətində belə xəstə təfəkkür belə formalaşıb.
Ancaq bütün müharibələrin sonu sülhlə bitir. Hələki Azərbaycan –Ermənistan arasında atəşkəs rejimidir. Beynəlxalq hüquq Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə heç bir məhdudiyyət qoymur. Vaxtı ilə Çeçenistan ərazisində baş qaldıran hərəkatı Rusiya antiterror əməliyyatı adı altında tamamilə susdurdu və həmin bölgəni tam nəzarətinə keçirdi. Dünyanın “ağsaqqalı” hesab olunanan ABŞ və NATO hərbi birləşmələri BMT-nin Təhlükəsizlik Şurasının Liviya ilə bağlı qətnaməsinin mürəkkəbi qurumamış həmin sənədin icrasına başladılar.
Bəs, Azərbaycan Rusiyanın Çeçenistanda apardığı kimi antiterror əməliyyatlatını işğal olunan ərazilərdə niyə icra etməsin? İşğal olunan Azərbaycan ərazilərdən qeyd şərtsiz Ermənistan Silahlı Qüvvələrinin tərk etməsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu günə qədər yerinə yetirilməməsini bəs necə izah etmək olar?
Ona görədə, bu gün ən uğurlu variantlardan biri Qarabağda və işğal olunan ətraf rayonlarda antiterror əməliyyatlarının aparılmasıdır.
İyunun 26-da Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 ildönümünə həsr olunan parad Azərbaycanın hərbi sisteminin bir hesabatı idi. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaitinin ildən-ilə artırılılması Azərbaycan Silahlı Qüvvələrinin hərbi imkanlarını daha da genişlənir.
Hətta 26 iyun paradı barədə Ermənistan prezidenti Serj Sarikisyan da danışıb. “Armeniya Today” portalının müxbirinə müsahibəsində Azərbaycanda keçirilən parada münasibət bildirən Sarkisyan deyib ki, “Azərbaycan hamıya güclü və cəsarətli olduğunu nümayiş etdirmək üçün möhtəşəm parad keçirib”. Göründüyü kimi hətta düşmən ölkənin rəhbəri də Azərbaycanın hərbi gücünü etiraf etmək məcburiyyətində qalıb.
Tarixi Azərbaycan əsgəri yazacaq! Bu yüksək pafoslu ifadə deyil, potensiala söykənən reallıqdır. Fizikanın belə bir qanunu var: “enerji heç vaxt itmir, nəyə isə sərf olunmalıdır”
İndi Azərbaycan tərəfi dünyaya, o cümlədən Ermənistana bir çox mətləbləri qandırmaq üçün bu potensialıdan istifadə etməlidir.
Həqiqətən dünyanın hər hansı bir regionunda, xüsusilə, Cənubi Qafqazda müharibə böyük məsuliyyətdir. Həmçinin bu məsuliyyətdə, regionda ədalətli sülh yaratmaqda şərəfdir. Bu şərəfə nail olmaq üçün hər kəs öz sahəsində vicdanla çalışmalıdır. Bəzən vətənpərvərlik anlayışı düzgün anlaşılmır. Mənə belə gəlir ki, bir çox məsələlər, o cümlədən vətənpərvərlik deyəndə Azərbaycan cəmiyyətinin bütün təbəqələri müəllim də, həkim də, mühəndis də, bütün məmurlar ordusu da, bir sözlə hər kəsin millətə, dövlətə vicdanlı, əxlaqlı xidmətdən başlayır.
Və nəhayət Ermənistan və Azərbaycan arasında xroniki danışıqların raundundan xilas olmaq üçün deyəsən müharibə məsuliyyətdən başqa yol qalmayıb. Müharibə başlayan zaman Ermənistanın himayədarı olan Rusiyanın öz tərəfdaşına kömək edəcəyi şübhəsizdir. Ancaq dünyanın gedişatına nəzər salanda tez-tez dəyişən fərqli mənzərəni görmək olar. Əvvəla Rusiyanın Ermənistana əvvəl ki, dəstəyi göstərəcəyi inandırıcı deyil. İkincisi, Rusiyanın getdikcə mövqeyləri zəifləməkdə davam edir. Nəhəng olan Rusiyanı yaxın onilliklərdə hansı aqibət gözlədiyini, bu dövlətin belə bütov qalıb-qalmayacağını proqnozlaşdırmaq çətindir.