Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net” (Milli İnternet) mükafatı uğrunda müsabiqədə qeydiyyat prosesinin başa çatmasına 6 gün qalıb. Müsabiqənin təşkilat komitəsindən Modern.az-a verilən məlumata görə, hazırda qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi davam edir. Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat komitəsi bildirib ki, “Milli Net-2009” başlanandan indiyədək 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib, 500-dən çox sayt müsabiqəyə təqdim edilib. Onlardan 300 –dən çoxu müsabiqəyə qəbul edilib, 150-dən çox sayt isə yarışın şərtlərinə uyğun gəlmədiyindən hələlik müsabiqəyə buraxılmayıb. Müsabiqəyə buraxılmamanın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi olub. Təşkilat komitəsi bildirib ki, müsabiqənin şərtlərinə görə həmin saytlar göstərilən səbəbləri aradan qaldırdıqdan sonra iştirakla bağlı yenidən müraciət edə bilərlər. Qeydiyyat 30 noyabr tarixində başa çatacaq . Səsvermə prosesinin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub. Təşkilat komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki müsabiqədə yalnız hər nominasiya üzrə 1-ci yerlərin qaliblərinə əsas mükafat- tuncdan hazırlanmış, 5 kq ağırlığında və 30 sm hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.
Milli İnternet Mükafatının yekun təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub. “Milli Net-2009” müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.