Modern.az

Qaçaq Rəşid

Qaçaq Rəşid

13 Noyabr 2011, 17:24

Tağı Türk


XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycanda, xüsusilə də Qarabağ mahalında əsl xalq qəhrəmanı kimi ad çıxarmış, elin təəssübkeşi, sadə camaatın canıyanan müdafiəçisi kimi tanınmış, çar Rusiyasına qarşı gərgin mübarizələrdə mətinlik və mərdliklə çarpışmış,  Qarabağda Qaçaq Rəşid kimi tanınan Murad Nəcəfqulu oğlu 1885-ci ildə Fwzuli rayonunun Yağlıvənd kəndindəki Qədirli obasında anadan olub. Səfəralı və Əzizdən sonra dünyaya gələn, ailənin sonbeşiyi olan Murad uşaq vaxtı fərasətli, gözüaçıq olduğuna görə, anası onu “Rəşid balam” deyə çağırarmış. O, böyüdükcə bütün eldə-obada elə Rəşid adıyla tanınıb. 

Böyük qardaşı Səfəralının həbsi və Vətəndən sürgün edilməsi Rəşidə ağır təsir göstərib, qəlbində alovlanan intiqam hissi onu öz əqidəsində daha da möhkəmlədib, amansız mübarizəyə bir daha sövq edib.

Səfəralı çar hökumətinə qarşı çıxışlar edir, gündən-günə genişlənməkdə olan milli-azadlıq hərəkatının yerli dəstələrinə başçılığı öz üzərinə götürərək mübarizə aparırdı. Rus qoşunlarının nizami dəstələri Səfəralının dəstəsi üzərinə hücum çəkir və qanlı döyüşlərdən sonra Səfəralını həbs edərək uzaq Sibirə 25 illik sürgünə göndərirlər. Qardaşının Sibirə sürülməsindən sonra daha çılğınlıqla mübarizəyə başlayan Rəşid göstərdiyi möcüzəli və əfsanəvi hünərlərilə çar hökumətinin canına vəlvələ salır. Rəşidə tələ qurub həbs edərək Şuşa qalasında zindana atırlar. Onunla birlikdə igidlikdə ad çıxarmış həmkəndliləri, çar hökumətinin xüsusi təhlükəli adamlar hesab elədiyi yağlıvədli, Fərhadlı obasından olan Məşədi Həsənalı oğlu Qara və Mustafa oğlu Heydəri də həbs edilirlər.

Qaçaq Rəşid həbsdən qaçacağı barədə qəti qərar çıxarır. Türmə pəncərəsinin dəmir barmaqlıqlarını güclü əlləri ilə qatlayıb əyərək oradan heç olmasa başını çıxarmaq üçün yer aça bilir. Barmaqlı pəncərə çox kiçik olduğundan oradan asanlıqla çıxmaq mümkün olmur. Başını bayıra çıxaran Rəşid silahdaşlarına heç bir ağrıya baxmayaraq ona kömək edib zorla çölə çıxması üçün ayaqlarından təkan verməyi xahiş edir.

Səhər açılanda həbsxana məmurları həmin pəncərənin ətrafından 3 kirvənkə insan əti toplayırlar. Enli kürəkli, möhkəm əzələli Rəşid bütün bunlara dözüb səsini çıxarmamışdı.

Həbsxanadan qaçan Rəşid yaylağa gəlir. Yaylaqda yağlıvəndli Yunusun evində gizlənərək yaralarını müalicə etdirir. Tamamilə sağalıb ayağa qalxan Rəşid yenidən daha güclü enerji ilə mübarizəyə başlayır. Bütün Qarabağda at oynadıb şücaət göstərən Rəşid çar hökumətinin qanunlarına tabe olmayaraq Qarabağ əhalisini işğalçı rus-çar hökumətinin və yerli satqın məmurların ərşə çıxan zülm və istismarından müdafiə edir. Çar hökumətinin yerli məmurların haqsız hərəkətlərinin qarşısında keçilməz səddə çevrilən Qaçaq Rəşidi xalq arasında Qaçaq Nəbi ilə müqayisə edir, onu yeni dövrün Qaçaq Nəbisi adlandırırdılar. O zamanlar Qarabağda məşhur olan şair və söz ustası lotu Kərim və başqaları onun şəninə dastanlar, nəğmələr, şeirlər qoşub. Belə şerlərdən biri son dövrlərə qədər Yağlıvənd camaatının hafizəsindən silinməyib:

Bir yanım Arazdır, bir yanım ada,
Rəşid dəstəsilə olub bəyzadə.
Belə bir qəhrəman varmı dünyada?!
Qoy sənə desinlər, ay Qaçaq Rəşid,
Səfəralı özündən  ay qoçaq Rəşid!

Rəşid deyir: “Tərpənməyin, oturun,
Çay içmirəm, samovarı götürün.
Hadrut nəçənniyin söyün, ötürün!”
Qoy sənə desinlər, ay Qaçaq Rəşid,
Səfəralı özündən  ay qoçaq Rəşid!

“Hadrut nəçənniyi” barədə sözlər heç də təsadüf deyil. Qaçaq Rəşid öz mübarizəsində torpaq iştahalı erməni quldurlarına qarşı da amansız olub ki, bu barədə sonra danışacağıq.

Artıq xalq qəhramanına, xalqın arzu və istəklərinin daşıyıcısı və ifadəçisinə çevrilmiş məğrur insan olan Qaçaq Rəşidin üstünə dəfələrlə rus qoşunları yeritməsinə baxmayaraq öz dəstəsilə o, heç vaxt məğlub olmur, yeri gələndə dağlara çəkilərək qəfil həmlələr edir və qələbə çalırdı. Həmişə mühasirələrdən zəfərlə çıxırdı.

Çar hökuməti Qaçaq Rəşidi məğlub edə bilməyəcəyini görüb onun başına iri məbləğdə pul kəsərək terror və xəyanətə əl atır. Yenə də rus hökuməti xəyanətkar ermənilərə bel bağlayır. Qarabağın Domu kəndindən olan domulu Bəlli kimi tanınan bir erməni iri məbləğdə pula şirnikərək xəyanətə əl atır. Domu kəndi yaxınlığında, Yağlıvənd elatının əbədi yaylaq-yurd yerlərindəki Turşsu bulağının üstündə dincələn Qaçaq Rəşidin yerini dağlarda pusquda dayanıb gizlənən rus qoşun bölmələrinə xəbər verir. Keşikdə dayanmış ayıq-sayıq silahdaşları vasitəsilə xəyanətdən xəbər tutan Qaçaq Rəşid başının atlı dəstəsilə qanlı döyüşə girir və igidliklə vuruşaraq çar əsgərlərini məğlub edib mühasirədən çıxır.

Dediyiniz kimi, satqın xəbərçinin kim olduğunu bilən Qaçaq Rəşid uzaq məsafədən satqın erməni Domulu Bəllinin düz gözündən atır. Bəllinin vurulduğu həmin çökəkliyə indi də el arasında Bəlli ölən (yer) deyilir.

Belə bir əhvalat da olub. Qurgen adlı bur erməni Rəşidi öldürmək hesabına külli miqdarda pul qazanmaq ümidi ilə hiylə işlətmək qərarına gəlir. Bu zaman Rəşid başının dəstəsilə Fərhadlı gədiyi deyilən (Hacı Fərhadın nəsli hazırda Yağlıvənd kəndinin sakinləridir) yaylaqda öz düşərgəsində imiş. Qurgen Qaçaq Rəşidə təzə yığılmış xiyar, pomidor, lobya, göy soğan nübarından sovqat aparır. Qonağa qoyun kəsilir, süfrə açılır. Süfrəyə oturan zaman çox diqqətcil və həssas olan, nəzərindən bir belə heç nəyi qaçırmayan Qaçaq Rəşid erməninin xəyanətini duyur və Qurgenə xiyardan yeməyi əmr edir:

- Qurgen, xiyar ye!

- Ağa sağ ol, mən çox yemişəm, bunu sənə gətirmişəm.

- Erməni, ye!-deyə Rəşid tələb edir.

Qaçaq Rəşidin sağ əlinin xəncərə uzandığını görən Qurgen onun ayaqlarına yıxılır:

- Ağa, qurbanın olum, məni dolandır balalarının başına. Qələt eləmişəm..., p... yemişəm.

- De görüm, səni kim öyrədib? - Rəşid hər şeyi öyrəndikdən sonra oradaca xain və satqın Qurgenin başını kəsir. Sən demə Qurgenin gətirdiyi xiyarlar iynə ilə zəhərlənibmiş. Xalqımızın düşmənləri onu belə aradan götürmək istəyirlərmiş. Qaçaq Rəşid bu xəyanəti həyata keçirmək niyyətində olan xain ermənini əfv etməyib, başını kəsməklə göstərir ki, namərdə, xainə, satqına aman olmamalıdır.

Qaçaq Rəşidə qarşı törədilən erməni xəyanətlərindən biri də Rəşidlə dostluq münasibətlərində olan Tevon adlı bir erməninin əli ilə törədilir. Lakin mərd xasiyyətli olan Qaçaq Rəşid Tevonla çox çörək yediyi üçün və həm də gələcəkdə namərdlik etmək istəyənlərə görk olsun deyə, onu öldürmür. Rəşid Tevona deyir:

- Səni öldürmürəm, ancaq sağ qulağını kəsirəm. Bundan sonra qulağına qalsın ki, dosta xəyanət etmək olmaz və bunu bağışlamazlar.

Tayqulaq qalan Tevon Türkiyəyə qaçır və bir də geri dönmür.

İndi olduğu kimi, o vaxtlar da öz içərimizdən olan xain və satqınlar tapılıb. Yağlıvəndə gəlmə olan İmamqulu adlı birisi Rəşidin bacısı qızına evlənibmiş. İmamqulu yarınaraq onun bir çox sirrinə vaqif olubmuş. Rəşidin bütün düşərgələrini yerli-yataqlı bilən İmamquluya xeyli pul verən hökumət nümayəndələri onu ələ alır. Pula hərislənən İmamqulu Rəşidin yerini çar zabitlərinə xəbər verir. Lakin Qaçaq Rəşidi yenə də məğlub edə bilmirlər. Bu döyüşdən də salamat çıxan Rəşid əsgərlərə bələdçilik edib oraya gətirmiş İmamqulunu sonralar vurmaq istəyir, ancaq o, hədəfə gəlmir. Əlacı kəsilən Rəşid onu xəncərlə öldürür.

Qaçaq Rəşid haqqında kifayət qədər, dildən-dilə gəzərək bu günümüzə qədər gəlib çatan bir-birindən maraqlı əhvalat yazmaq olar. Daha bir əhvalatı isə Qaçaq Rəşidin qardaşı nəvəsi Nizami Qədirli danışdı:

- Babam Qaçaq Süleymanla bərk dost olublar. Bir gün çar pristavı onlarla görüşmək istədiyini bildirir. Onları evinə dəvət edir. Babam deyir ki, “Süleyman, bu bir  qurğudur, gəl getməyək”. Süleyman “nə qurğu olacaq, silahın biri onlarda, biri bizdə...”, deyərək Rəşidlə razılaşmır. Babam etiraz edir, deyir “mən getmirəm, sənin də getməyini istəmirəm”. Qaçaq Süleyman yaxın dostunun etirazlarına əhəmiyyət verməyib pristavla görüşməyi qəbul edir. Onu heç vurmurlar da. Ermənin əli ilə itələyib yarğandan aşağı atırlar.

Rəşid babam öz dəstəsinə kimi gəldi qəbul etməzmiş. Əvvəlcə həmin adamı sınağa çəkib imtahan edərmiş. Bir gün Rəşidin başına küllü miqdarda pul qoyulduğunu eşidən bir nəfər Rəşidi öldürüb həmin pula sahib olmağı qərara alır. Bu məqsədlə Rəşidin olduğu əraziyə gedir. Pusquda duran dəstə üzvləri onu tutub Rəşidin yanına gətirirlər. Rəşid onun kimliyilə maraqlanır, hardan gəlib hara getdiyini soruşur. “Mən də sənin dəstənə qoşulmaq istəyirəm”, - deyə cavab verir. Rəşid ilk sorğu-sualdan sonra həmin adamdan şübhələnir. Onu sınamaq istəyir. Onlar söhbət edə-edə düşərgədən xeyli aralanırlar.

Bir xeyli gəzdikdən sonra Rəşid “mən biraz yorulmuşam, azacıq gözümün acısını almaq istəyirəm, sən də mənim keşiyimi çək”,-deyir. O da öz növbəsində yaltaqlana-yaltaqlana “baş üstə, gözüm üstə”, - söyləyir.

Deyilənə görə babam yatanda bərk xoruldayarmış. O, çəmənlikdə sol böyrü üstə barmağı beşatılanın tətiyində yerə uzanıb gözlərini yumur. 5-10 dəqiqədən sonra başlayır bərk xoruldamağa. Satqın adam babamın yatanda bərk xoruldamağını eşitmişdi, ona görə də onun yatdığını zənn edir. Amma tam əmin olmaq üçün bir az gözləyir. Bir müddətdən sonra o, ayağa qalxıb ətrafa göz gəzdirir. Heç kəsin gözə dəymədiyini görən satqın xəncərini qınından çıxarıb yavaş-yavaş babama tərəf yaxınlaşır. Ancaq risk edə bilməyib babamdan bir qədər aralanır. Yenidən özünü toparlayıb babama yaxınlaşır. Xəncəri göyə qaldırır ki, babama vursun, yenə cürəti çatmır. Babam heç qırpınmır da. Üçüncü dəfə özünü toparlayaraq xəncəri qaldırıb babamın üstünə yendirir. Qaçaq Rəşid barmağını beşatılanın tətiyinə basaraq xəyanətkar satqını cəhənnəmə vasil edir. 

Yaşlı adamların çoxunun söylədiyinə görə Qaçaq Rəşidin ölümü 1917-ci ilə təsadüf edir (Bəzi ağsaqqalar isə 1918-ci ilin əvvəli söyləyirlər). Qaçaq Rəşid indiki Füzuli şəhərinin mərkəzində faytonla gedirmiş. Elə bu zaman şəhərdəki barıt anbarı partlayır. Binadan qopan iri bir daş Rəşidin qılçına dəyib onu sındırır. Fayton onu öz evinə gətirir. Həkim çağırırlar. Deyilənlərə görə hökumət nümayəndələri həkimə külli miqdarda pul verib cərrahiyyə əməliyyatı zamanı Qaçaq Rəşidi öldürməyi ondan tələb edirlər. Xain həkim-cərrah ülgücünü zəhərləyir, əməliyyat apararkən Rəşid həkimin xəyanətini başa düşür, “Beşatılanı mənə verin” - deyə qışqırır. Canını qurtarmağa çalışan həkim ata minib həyətdən çıxmaq istəyir. Rəşidin sərrast atəşindən yayına bilmir. Ömründə ilk və son dəfə qəhrəman Qaçaq Rəşid arxadan atəş açıb xain həkimdən öz qanını alır və gözlərini əbədi yumur.

Qeyd etmək istərdim ki, bu kiçik parça Yağlıvəndin igid və qəhrəman oğlu Qaçaq Rəşid barədə el arasında söylənilənlərdən dəryada bir damla qədərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir